0

Şəffaflıq və partnyorluq münasibətləri qarşılıqlı etimadın əsasıdır

Baxış: 263

 

 

«Yaşıl dəhliz» və partnyor vergi ödəyiciləri

Vergi ödəyiciləri ilə vergi orqanları arasında partnyorluq münasibətlərinin daha da inkişaf etdirilməsi, vergi orqanları tərəfindən belə vergi ödəyicilərinə çevik və şəffaf xidmətlərin göstərilməsi, onların fəaliyyətinin uçotda olduqları vergi orqanlarında vahid struktur tərəfindən əlaqələndirilməsi, bununla da digər vergi ödəyicilərində könüllü əməletmənin təşviqinə nail olunması istiqamətində islahatlar aparılır. Bu islahatların davamı olaraq, eləcə də biznesin və vergi ödəyicilərinin fəaliyyətinin stimullaşdırılması məqsədilə fəaliyyətini şəffaf qaydada həyata keçirən vergi ödəyiciləri üçün «Yaşıl dəhliz» prinsipi üzrə fərdi və sürətli xidmətlərin göstərilməsinə başlanıb və şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri ilə işlərin tənzimləmə mexanizminin müəyyən olunması üçün müvafiq qaydalar təsdiq edilib. Vergilər Nazirliyinin partnyor ödəyicisi statusuna malik olmaq üçün vergi ödəyiciləri bir sıra meyarlara cavab verməlidir. Belə ödəyicilər vergi hesabatlarını Vergi Məcəlləsində nəzərdə tutulmuş müddətlərdə təqdim etməli, vergiləri tam həcmdə və vaxtında ödəməli, işlərin yerinə yetirilməsinə cəlb etdiyi şəxslərin sayını və onların əmək haqlarını düzgün bəyan etməli, mühasibat uçotunu beynəlxalq və ya milli uçot standartlarına uyğun aparmalı, gücləndirilmiş elektron imzaya sahib olmalı, yazışmaların elektron şəkildə aparılmasına üstünlük verməli və digər meyarlara cavab verməlidir. Partnyor vergi ödəyicisi statusunu əldə edən ödəyicilərə unikal uçot koduna malik bildiriş verilir və onlara ərazi məhdudiyyəti nəzərə alınmadan «Yaşıl 

dəhliz» prinsipi əsasında xidmətlər göstərilir. Belə ödəyicilərə elektron xidmətlər, sənəd qəbulu, hazır sənədlərin verilməsi, elektron sənəd mübadiləsi, SMS-məlumatlandırma xidməti, habelə ünvanlı (səyyar) xidmətlərin göstərilməsi kimi ənənəvi xidmətlərlə yanaşı, informasiya və kommunikasiya texnologiyalarının son nailiyyətlərindən istifadə etməklə innovativ üsullu xidmətlər də göstərilməkdədir. Vergi ödəyicilərinə xidmət mərkəzlərində partnyor ödəyicilər üçün xüsusi imkanlar yaradılıb, onlara «Yaşıl dəhliz» vasitəsilə növbədənkənar fərdi və sürətli xidmətlərin göstərilməsi məqsədilə xüsusi masa ayrılıb. Vergi orqanları ilə əlaqələndirilməsi məqsədilə hər bir partnyor ödəyici üçün vergi əməkdaşlarından kuratorlar nəzərdə tutulub. Onlar partnyor ödəyicilərin müraciəti əsasında ünvanlı xidmətlər göstərməli, vergi qanunvericiliyində dəyişiklik olarsa, bu barədə vergi ödəyicisini məlumatlandırmalı, onun mənafeləri üçün qabaqlayıcı (profilaktik) tədbirlər həyata keçirməli, partnyor ödəyicilərin hər hansı uyğunsuzluğu yaranarsa, bu məsələlərin həlli istiqamətində müvafiq tədbirlər görməlidir.

Bu ilin yanvar ayının 25-dən vergi orqanları tərəfindən vergi ödəyicilərinə partnyorluq statusunun verilməsinə başlanılıb. İndiyədək partnyor vergi ödəyici statusunun alınması üçün müraciət edən və müəyyən olunmuş meyarlara uyğun olduğu müəyyən edilən 681 vergi ödəyicisi barədə məlumatlar araşdırılıb, onlardan seçilmiş 445 vergi ödəyicisinin elektron ünvanına «Partnyor vergi ödəyicisi statusunun əldə edilməsi barədə» bildiriş verilib.

 

Xidmət mərkəzlərində işgüzar mühit yaradılıb

Vergilərin könüllü ödənilməsi sisteminin inkişaf etdirilməsi, xüsusilə regionlarda sahibkarlığın inkişafı və əlverişli biznes mühitinin formalaşdırılması Vergilər Nazirliyi tərəfindən daim diqqət 

mərkəzində saxlanılır. 2007-ci ildən başlayaraq vergi orqanı olmayan şəhər və rayonlarda vergi ödəyiciləri üçün müasir avadanlıqlar və sürətli internet xətti ilə təchiz edilmiş 58 xidmət mərkəzi yaradılaraq vergi ödəyicilərinin istifadəsinə verilib. Bunların 7-si Bakı şəhərində, 51-i isə digər şəhər və rayonlarda yerləşir. Xüsusilə regionlarda sahibkarlığın inkişafı və əlverişli biznes mühitinin formalaşdırılması məqsədilə 51 xidmət mərkəzindən 39-u vergi orqanı olmayan şəhər

və rayonlarda yaradılıb. 2017-ci ilin yanvar-mart ayları ərzində xidmət mərkəzlərində qəbul edilmiş vergi ödəyicilərinin sayı 171.785 nəfər, göstərilmiş xidmətlərin sayı isə 279.571 olub. Xidmət mərkəzlərinə müraciət etmiş şəxslərin 73,2%-i məhz regionlarda yerləşən xidmət mərkəzlərinə üz tutub. Xidmət mərkəzləri vergi ödəyicilərinin praktiki məsələlərlə əlaqədar ən çox müraciət etdiyi ünvandır. Hazırda müraciət edən şəxslərin məmnunluğunu və rahatlığını təmin etmək məqsədilə xidmət mərkəzlərinin əksəriyyəti növbə, qeydiyyat, videonəzarət, səsyazma və qiymətləndirmə (sorğu keçirmə) sistemləri ilə təchiz edilib və mərkəzin girişində 3 elektron növbə tutma terminalı quraşdırılıb. Xidmət mərkəzlərinə müraciət edən şəxslərə burada zəruri kömək göstərilir, onlar bütün elektron xidmətlərdən istifadə edə bilir, yazılı (kağız daşıyıcısında) olan müraciətlərini təqdim edə və hazır sənədi götürə bilirlər. Bundan əlavə, xidmət mərkəzlərində Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi adından vergi ödəyicilərinə «ASAN imza» üzrə sertifikat xidmətləri göstərilir. Xatırladaq ki, vergi ödəyicilərinə 

xidmət strukturları tərəfindən aprelin 1-dək 270.758 «ASAN imza» sertifikatı verilib. Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə uyğun olaraq, bu ildən vergi ödəyicilərinə VÖEN xidmət mərkəzlərində fiziki şəxslərin ilkin vergi uçotu ərizələrinin emalı və şəhadətnamələrin imzalanması, möhürlənməsi və üzlənməsi ilə təqdim olunur.

Yanvar-mart ayları ərzində 22.865 vergi ödəyicisi fəaliyyətini bərpa edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 48,4% çoxdur. Eyni dövrdə 8071 və ya ötən ilin müvafiq dövrünə nisbətən 3 dəfə çox təsərrüfat subyekti fəaliyyətini bərpa edib. Fəaliyyətini dayandırmış təsərrüfat subyektlərinin sayı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,9% azalıb. Vergi Məcəlləsinin 220.10-cu maddəsində göstərilən fəaliyyət növləri ilə məşğul olan şəxslər də «Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz»in alınması ilə bağlı xidmət mərkəzlərinə müraciət etdikdə sabit vergi üzrə qəbz yerindəcə hazırlanır və möhürlənərək vergi ödəyicilərinə təqdim edilir. Bu qəbildən olan vergi ödəyiciləri ilə aparılmış məlumatlandırma işləri nəticəsində aprelin 1-nə qəbz almış vergi ödəyicilərinin sayı 953-ə çatıb.

 

Elektron xidmətlərin sayı və keyfiyyəti artır

Vergi orqanı ilə vergi ödəyiciləri arasında birbaşa təmasların minimuma endirilməsi vergi inzibatçılığının təkmilləşdirilməsinin əsas elementlərindəndir. Buna görə də elektron xidmətlərin sayının artırılması prioritet olaraq qalır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektron xidmət növlərinin Siyahısı»na əsasən, Vergilər Nazirliyi ən çox elektron xidmət göstərən dövlət orqanıdır və artıq nazirlik tərəfindən göstərilən elektron xidmətlərin sayı 65-ə çatdırılıb. Bu xidmətlər fiziki şəxslərin (fərdi sahibkarların) və hüquqi şəxslərin onlayn qeydiyyatı, vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi, fəaliyyətinin dayandırılması və bərpası, vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) onlayn qeydiyyatı və qeydiyyatdan çıxarılması, NKA-nın və POS-terminalların onlayn qeydiyyatı və qeydiyyatdan çıxarılması, vergi bəyannamələrinin elektron şəkildə təqdim olunması, vergilərin elektron formada ödənilməsi və s. istiqamətləri əhatə edir. Vergi 

ödəyicilərinin vergi orqanları ilə əlaqələrinin bütün mərhələlərində: qeydiyyatdan bəyannamələrin təqdim edilməsinə, vergi ödənişlərindən vergi nəzarəti prosesinədək tam şəkildə elektron texnologiyalar üzərindən aparılması ilə bağlı sistemli, planlı, vahid mərkəzdən idarə olunan tədbirlər görülüb.

Azərbaycan Respublikası Prezidentinin «Dövlət orqanlarının elektron xidmətlər göstərməsi-nin təşkili sahəsində bəzi tədbirlər haqqında» 23 may 2011-ci il tarixli fərmanı ilə müəyyən edilmiş dövlət idarəçiliyinin müasir Avropa standartlarına uyğunlaşdırılması üzrə vəzifələrin icrası vergi orqanları ilə vergi ödəyiciləri arasında mükəmməl elektron əlaqələrin qurulmasında, bu xidmətlərin genişləndirilməsində yeni mərhələyə qədəm qoyub. 2011-ci ildən etibarən fiziki şəxslərin elektron formada vergi uçotuna alınmasının, 2012-ci ildən isə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatının aparılmasına başlanılıb. Bu, ölkəmizdə elektron imzadan istifadə edilməklə vətəndaş cəmiyyətinə və biznes aləminə düvlət 

qurumları tərəfindən təqdim olunan ilk elektron xidmət olub. Bu sahədə aparılan islahatlardan biri də vergilərin ödənilməsi prosesinin sadə və rahat olması, eyni zamanda vergi ödəyicilərinin vaxtının və xərclərinin azaldılmasına şərait yaradılması ilə bağlıdır.

2012-ci ilin aprel ayından «Vergi və rüsumların internet vasitəsilə ödənilməsi» elektron xid-mətinin tətbiqinə başlanılıb. Həmin tarixdən vergi ödəyiciləri Vergilər Nazirliyinin www.e-taxes.gov.az internet səhifəsinin «Onlayn kargüzarlıq və e-VHF» bölməsinin «Onlayn ödəmə» altbölməsi vasitəsilə öz vergi ödəmələrini həyata keçrə bilirlər. 2013-cü ildən Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi fəaliyyətə başlayıb və həmin ildən sahibkarlıq subyektlərinin onlayn qeydiyyatında, elektron imza ilə yanaşı, «ASAN imza»nın da tətbiqi həyata keçirilir.

 

Elçin MƏMMƏDOV,

Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentinin baş direktorunun müavini

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz