0

A4 ölçülü başdan çıxan yazı: Ərdoğanın Bakı yolçuluğunda təxribat, yoxsa...? - Təhlil

Baxış: 382

Dünyada bir-birinə qardaş deyən və prezidentləri də “qardaş” xitabı ilə müraciət edən Azərbaycan və Türkiyədən başqa iki ölkə yoxdur. 

Bu, Əbülfəz Elçibəy dövründə də belə olub, Heydər Əliyevin hakimiyyəti illərində də, İlham Əliyevin prezidentliyi müddətində də...
Kanka yolçuluğu

Bundan sonrakı prezidentlərin, nəsillərin dönəmində də Türkiyə ilə Azərbaycanın dost yox, məhz qardaş ölkələr olaraq qalacağı şəkk-şübhə doğurmur.

Çünki bu iki dövlətin və xalqın qan qardaşlığı həm Ə.Elçibəy, həm H.Əliyev, həm də İ.Əliyev iqtidarlarından daha qocaman, daha qədimdir...

Dünyada ikinci belə ölkə yoxdur ki, qardaş dövlətə görə qonşu dövlətlə (Ermənistan) sərhədlərini bağlasın, siyasi-iqtisadi maraqlarının üstündən xətt çəksin - Türkiyə.

Dünyada ikinci belə ölkə yoxdur ki, qardaşın harayına gəlib şəhəri yadellilərdən xilas eləsin - Nuru Paşa

Dünyada ikinci belə ölkə yoxdur ki, vətənindən didərgin salınmış müstəqilliyin banisinə sığınacaq versin - Rəsulzadə.

Ona görə də bu gün Türkiyə Cümhuriyyətinin başqanı Rəcəb Tayyib Ərdoğanın “Qarabağ problemi həll olunmayana qədər Ermənistanla sərhədlər açılmayacaq” bəyanatı təsadüfi deyil - türklər demiş, iki kankanın (qan qardaşı) əbədi yolçuluğudur.

Ərdoğanın gəlişi və “əzik” köşə

“Ayın sonunda Bakıya Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizinin açılış mərasiminə gələcəyəm. Biz bu səfərə iki gün ayırmışıq.

Qardaşım İlham Əliyevlə qatarda bu yolu keçəcəyik”, - deyə Türkiyə prezidenti R.T. Ərdoğan “Space”-in müxbirinin sualını cavablandırarkən deyib.

Ərdoğanın Azərbaycan - Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak üçün nəzərdə tutulan səfəri elə bir vaxta təsadüf edir ki, Qarabağa görə Ermənistanla sərhədləri açmayan ölkənin suyunu, çörəyini yeyən köşə yazarı Mövlüd Tezəl işğal edilmiş Ağdamın “Qarabağ” klubunun fanatlarını və özünü ələ salır - əzik xeroqrafi...

Olsun, bəlkə də o pankartın daha böyük və genişini, ispanların gözündə bərq vuranını açmaq olardı, ancaq biz nə həmin oyunda (“Atletiko Madrid”lə matç), nə də Qarabağ uğrunda döyüş meydanında əzilmədik. İşğal və soyqırımı başqa, müharibədə məğlubiyyət başqa.

“Qarabağ”ın evi olan Ağdam isə erməni ilə döyüş meydanında ən çox şəhid vermiş rayondur. Onlardan biri də doğma qardaşım Bəxtiyardır...

M.Tezəlin isə “əzik” və “Sabah”ın saytından silinmiş yazısındakı iradları o vaxt qəbul etmək olardı ki, qardaş ərki ilə qulağımıza pıçıldasın, “əzik” deyib aşağılamasın. Nədir bu hikkə, kin, aqressiya üstümüzə püskürmüsən, arkadaş?

Avropanın ən güclü klubuna uduzmayıb tarix yazan komandanın oyununda gözünə girən bircə həmin pankartmı oldu?

Olmaya, 2009-cu ildə Bursada keçirilən Türkiyə-Ermənistan matçından sonra Azərbaycan bayrağını zibil qutusuna atanların cərgəsindədir, Tezəl əfəndi?!

Gülən, 4 türkün qanunsuz girişi və...

Türkiyə mediasında vaxtaşırı Azərbaycan əleyhinə çıxışlar bundan qabaq da olub. Sonra həmin sujetlərin və yazıların hansı siyasi mətbəxlərdə hazırlandığı, hansı dairələrin təlimatı əsasında yayımlandığı, iki qardaş ölkəni və hökumətləri üz-göz etmək istəyənlərin məkrli planları üzə çıxıb.

Aydın olub ki, ya Pensilvaniyada mənzillənmiş Fətullah Gülənin, ya Türkiyədəki ermənipərəstlərin, ya da Öcalan simpatizanlarının rəsmi Ankara ilə rəsmi Bakının arasını vurmaq istədikləri de-şifrə olunub.

İstər FOX TV-dəki qalmaqallı çıxış olsun, istər “Sabah” qəzetində Dağlıq Qarabağın müstəqil dövlət kimi təqdim edilməsi olsun, istərsə də “Hüriyyət” qəzetində “Antarktikada Azərbaycan böyüklüyündə dəlik ortaya çıxıb” başlıqlı məqalə olsun - bu cür provokativ materiallar heç zaman ölkələri bir-birinə qarşı qoya bilməyib.

Eləcə də az əvvəl Qarabağa qanunsuz səfər etmiş 4 türkiyəlinin barəsində cinayət işi başlanması və Azərbaycan tərəfinin qanunvericiliyə uyğun olaraq onların ekstradisiyasını tələb etməsi heç də Ankara-Bakı arasında hansısa “buz”ların olmasına dəlalət eləmir.

Necə ki, Azərbaycan Türkiyədə hərbi çevrilişə cəhd edən FƏTO-çularla mübarizədə dost əlini Ankaraya uzatdı - Gülənin müsahibəsini anonsda verən ANS bağlandı, “Qafqaz” universiteti demontaj edildi, “Araz” kursları qapadıldı, nurçuların iqtidar içinə sızmış adamları (Elnur Aslanov, Ceyhun Osmanlı və s.) komandadan uzaqlaşdırıldı, adekvat olaraq da rəsmi Bakı hər zaman qardaş ölkədən dost jestini gözləməkdədir. Bunu da son olayda - Tezəlin yazısı silinməklə bir daha gördük.

Ən nəhayət, sıradan bir yazını, A4 ölçülü bir kağıza sığan əzik şüurlu başdan çıxmış köşəni Azərbaycan -Türkiyə münaqişəsinə çəkmək istəyənlərin böyük əksəriyyətinin politoloq İQ-i məişət səviyyəsindən o yana keçmir, azca beyinin meqabaytını gücləndirmək lazımdır...

Xəyyam Salmanzadə

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz