0

Niyə məhz İmam Hüseyn (ə) müsibəti ən böyük hesab edilir?

Baxış: 241
  
Verilən suallardan və bəzən sual adı ilə tutulan iradlardan biri də “Niyə məhz İmam Hüseyn (ə) müsibəti ən böyük hesab edilir?”
Kərbəla hadisəsinin niyə bu qədər əzəmətlə yad edilməsinin müxtəlif cəhətlərdən cavablandırdıq. Ən gözəl cavab bu əməlin peyğəmbər (s) sünnəsi olmasıdır. Çünki biz qeyd etdik ki, Allah Rəsulu (s) məhz özü ilk olaraq imam Hüseynə göz yaşı tökmüş və məclis əhli də onunla birgə Həzrəti Hüseynə ağlamışlar.
Məsələdə şübhə yeri qalmasın deyə mövzuya sünni və şiə mənbələrindən dəlillər gətirəcəyik.
Niyə məhz İmam Hüseyn (ə) müsibəti ən böyük hesab edilir? (Əhli sünnə mənbəsinə əsasən)
Əhli sünnə mənbələrində bu məsələ özünü qabarıq şəkildə göstərmişdir.
Əhli sünnənin görkəmli təfsir alimi Cəlaləddin Suyuti Əd-durrul-Mənsur təfsirində İbrahim və Zeyd ibn Ziyaddan belə nəql edir: “Göy üzü yalnız həzrət Yəhya (ə) və imam Hüseyn (ə) üçün ağladı. Ağlamağı isə onda olan qırmızılıqdır. Həzrət Yəhya öldürüləndə göy üzü qırmızılaşdı və qan yağdı. Həzrət Hüseyn (ə) öldürüləndə də göy üzü qırmızılaşdı.” (“Əd-durrul-Mənsur”, Suyuti 5-ci cild, səh. 492 və 7-ci cild, səh. 413)
Bir başqa hədisdə də Ümmi Sələmədən belə nəql etmişdir. Həzrət Hüseyn şəhadətə yetişən gecə bu sözləri (şeri) birindən eşitdim: Ey cahillik üzündən Hüseyni öldürənlər, zəlil və əzaba düçar olmağınızdan xəbəriniz olsun. Sizlər lənətlənmişsiniz. Davud oğlu (Süleymanın), Musa və İncil sahibinin (İsanın) dili ilə.
Ümmi Sələmə deyir: Bu sözləri eşidəndə ağladım və cama baxanda içindəki, torpağın qan rənginə boyandığını gördüm. (Məcmə-uz-zəvaid 9-cu cild, səh. 118-119)
Rəzin Ənsardan (mədinəli) olan Səlma adlı bir qadından nəql edir: “ Bir gün Ümmi Sələməni görmək üçün onun evinə getdim. İçəri girəndə ağladığını gördüm. Nə üçün ağlayırsan? Səni ağladan nədir? deyə soruşdum. O dedi: Bir az əvvəl Rəsulullahı (s) yuxuda gördüm. Başı, saqqalı toz-torpaq içində idi. Soruşdum ki, Ya Rəsulullah (s)! Sənə nə olub belə? Həzrət (s) buyurdu: Bir az əvvəl Kərbəlada idim. Hüseynin şəhid edilməsinin şahidi olum.” (Səhihi Tirmizi 13-cü cild, səh.193)
Əli ibn Ziyad ibn Cəzadan belə nəql edilir: İbn Abbas Aşura günü yuxudan oyandı və İstirca (Biz Allahın bəndələriyik və ona tərəf qayıdacağıq – Bəqərə 156) ayəsini oxudu və dedi: Allaha and olsun Hüseyni öldürdülər. Yanındakılar: Xeyr, bu necə ola bilər, bunu haradan bilirsən? deyə soruşduqda ibn Abbas belə dedi: Rəsulullah (s) yuxuda əlində qanla dolu bir kasa ilə gördüm ki, mənə belə dedi: Ümmətimin məndən sonra nələr etdiyini bilirsənmi? Oğlum Hüseyn öldürüldü. Bu da onun və əshabının qanıdır. Mən indi o qanları Allahın hüzuruna aparıram.”
Rəvayətçi deyir ki, biz ibn Abbasın dediyi günün taixini və saatını yazdıq. 24 gün keçmədi ki, həzrət Hüseynin (ə) eyni saatda öldürüldüyünün xəbəri Mədinəyə çatdı. (Əs-Siratəs-səviyyi, səh. 96)
Əbül-Qasim ibn Tayyib deyir ki, İmam Şafiinin əhli-beytin məzlumiyyətini bildirən bu şeri oxuduğu rəvayət edilir: “ Günlərin keçməsiylə onlara edilən zülmlər yuxumu qaçırtmış, saçımı ağartmışdır. Dünya Ali-Məhəmmədin müsibətinə sarsılmış, dağların sərtliyi belə onlar üçün ərimişdir. Bəziləri xoşlamasa da, biri məndən Hüseynə tərəf bir məktub çatdırsın. O,Hüseyn ki, susuz yerdə öldürülmüş, köynəyi qana boyanmış və sanki xınalanmışdır. Necə olur ki, Ali-Haşimdən (peyğəmbərliyə) seçilənə salavat, salam və rəhmət oxuyuruq amma uşaqlarına əziyyət edir, incidirik. Doğrusu, bu çox dəhşətli və heyrətli bir işdir. Əgər mənim günahım Ali-Məhəmmədi sevməkdirsə, mən ondan tövbə etmərəm. Qiyamət günündə mənə hamilik edən onlardır. Mənə görə, onlara düşmən olmağın özü günahdır.”
Digər əhli sünnə alimi Hakim Nişaburinin nəql etdiyinə görə, alimlərdən biri hz Hüseynin (ə) matəmində bu şeri oxumuşdur: “Ey Məhəmmədin qızının oğlu, sənin başını qana bulaşmış halda gətirdilər. Səni öldürməklə, ey peyğəmbər (s) oğlu! Aşkar və bilərəkdən Rəsulullahı öldürdülər. Sən öldürüldün deyə təkbir sədalarını yüksəltdilər. Lakin səni öldürməklə təhlili (Lə İləhə illəllah) və təkbiri (Allahu Əkbəri) öldürdülər. (Əl-Bidayətu vən-Nihayə 8-ci cild,səh.216)
Əhli sünnə təfsir alimi, Zəməxşəri əl-Kəşşaf təfsirində (Şura 23-cü ayənin təfsirində) belə qeyd edir;
Rəsulullah (s) buyurdu: Hər kim Ali-Məhəmmədi (əhli-beyti) sevərək ölsə, şəhiddir. Bilin, hər kim Ali-Məhəmmədi sevərək ölsə tövbə edərək ölmüşdür. Bilin, hər kim Ali-Məhəmmədi sevərək ölsə imanı kamil olaraq ölmüşdür. Bilin, hər kim Ali-Məhəmmədi sevərək ölsə, əvvəlcə ölüm mələyi sonra nəkr və münkər onu Cənnətlə müjdələyər. Bilin, Ali-Məhəmmədi sevərək ölən şəxsi gəlinin bəzənib bəy evinə aparıldığı kimi Cənnətə apararlar. Bilin, hər kim Ali-Məhəmmədi sevərək ölsə onun qəbrindən Cənnətə iki qapı açılar. Yaxşı bilin,hər kim Ali-Məhəmmədi sevərək ölsə, Allah onun qəbrini mələklərin ziyarətgahı edər. Bilin, hər kim Ali-Məhəmmədə düşmən olaraq ölsə, qiyamətə gözlərinin arasında bu sözlər yazılmış halda gələr: Bu şəxs Allah rəhmətindən uzaqdır və hər şeydən ümidi kəsilmişdir. Bilin, Ali-Məhəmmədə düşmən olaraq ölən kəs kafir olaraq ölmüşdür. Yaxşı bilin, hər kim Ali-Məhəmmədə düşmən olaraq ölsə, Cənnətin iyini heç zaman duymaz. (Zəməxşəri-Əl-Kəşşaf təfsiri, Şura 23-cü ayəsinin təfsirində)
Bu təqdim olunan bir neçə dəlildən aydın gördük ki, peyğəmbər (s) və ailəsi, səhabə və tabeinlər və həmçinin əhli sünnənin təfsirçiləri və alimləri qeyd etdikləri fikir və sözlərlə bu müsibətin böyüklüyünə diqqət çəkmişlər.
 
Niyə məhz İmam Hüseyn (ə) müsibəti ən böyük hesab edilir? (Şiə mənbəsinə əsasən)
İmam Hüseyn (ə) bu müsibətin böyüklüyünü özü etiraf edir: İmam Baqir (ə) Aşura günü İmam Hüseyndən (ə) bu sözləri eşitdiyini bildirmişdir: “Vay bu müsibətə, nə qədər də böyükdür. Nə qədər onun əzası İslamda, yer və göy əhli yanında ağır və bahadır”.
Abdullah ibni Fəzl Haşimi adlı bir nəfər bu sualı İmam Sadiqə (ə) bu şəkildə vermişdi: “Ey Peyğəmbər övladı! Necə olur ki, Aşura günü müsibət, qəm və göz yaşı tökmək günüdür, ancaq Peyğəmbərin (s) vəfat günü, xanım Fatimənin (s.ə), Əmirəl-möminin (ə), İmam Həsənin (ə) şəhadət günü belə deyildir?”. Həzrət Sadiq (ə) buyurur: “İmam Hüseynin (ə) (şəhid) olduğu gün başqa günlərdən daha böyük müsibətdir. Ona görə belədir ki, Allah Təala məqamında ən əziz olan Kəsa səhabələri beş nəfər idilər. O zaman ki, Peyğəmbər (s) onların arasından getdi, Əmirəl-möminin (ə), Həzrət Fatimə (s.ə), İmam Həsən (ə) və İmam Hüseyn (ə) sağ idilər. Nə zaman insanlar onlardan birinə nəzər salırdı, Peyğəmbərlə (s) olan vəziyyətini yada salırdı. Allahın Peyğəmbərinin (s) onunla danışığını və onun haqqında dediklərini xatırlayardı. O zaman ki, onların hamısı dünyasını dəyişdi, Allah dərgahının əzizlərini görməyi əldən verdilər, onların hər birini əldən vermək onların hamısını əldən vermək sayılmazdı, məgər İmam Hüseyni (ə) əldən verməkdən başqa. Çünki, o, onların ən axırıncı nəfəri idi. Ona görə də (onun öldürüldüyü) gün - ən böyük matəm günüdür”.
Sonra Abdullah İmam Sadiqə (ə) başqa bir sual verir və deyir: “Ey Peyğəmbərin (s) oğlu! (Əgər Aşura böyük müsibət günüdürsə), bəs niyə səqifə əhli Aşura gününü bərəkət hesab edirlər?”. İmam (ə) ağlayır və buyurur: “O zaman ki, Hüseyn (ə) öldürüldü, Şam əhli cəəl hədislə Yezidə (lən) yaxınlaşmaq istədilər. Ona görə də ümumi maldan mükafat aldılar. Onların cəəl etdiyi mövzulardan biri də bu idi ki, Aşura mübarək bir gündür ki, insanlar həmin günü nalə çəkmək və ağlamaq yerinə şadlansınlar və xoşhal olsunlar. Allah bizimlə onlar arasında qəzavət etsin!”.
Bəni-Üməyyə və onun ordusu İmam Hüseynin (ə) qətl edildiyi günü qələbə günü hesab edir və belə bir adət çıxartdılar ki, hər kim bu günü bir illik ərzağını toplayar, həmin azuqə gələn ilə qədər ruzisinin artmasına səbəb olar. Ona görə də Əhli-beyt (ə) mənbələrində ərzaqın bu niyyətlə alınması qadağan edilmişdir.
Bəni-Üməyyənin başqa bir adəti bu idi ki, Aşura gününü bayram edərdilər və başqa bayram günlərində etdikləri sünnəti burada da davam edərdilər. Yeni paltar geyinər, sileyi-rəhm edər və bir-birini təbrik edərdilər.
Bu günə məxsus cəəl hədislər tərtib edib, xüsusi dualar uydurdular və adını da “Aşura gününün duaları” qoydular.


Mahir Şəkərov – İlahiyyatçı, araşdırmaçı
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz