0

Avropada sərhəd polisi yaradılacaq

Baxış: 82

Avropada sərhəd polisi yaradılacaq

İyulun 12-də Avstriyanın İnnsbruk şəhərində Avropa İttifaqı ölkələri daxili işlər və ədliyyə nazirlərinin qeyri-formal toplantısı keçirilib.

Press-az.com xəbər verir ki, Avstriyanın Aİ Şurasına sədrliyi dövründə baş tutan ilk geniş tərkibli nazirlər toplantısında əsas müzakirə mövzusu Avropanın xarici sərhədlərinin qorunması, qaçqın və miqrasiya problemləri olub.

Avstriyanın daxili işlər naziri Herbert Kikl birgə mətbuat konfransında bildirib ki, hal-hazırda Aİ daxilində qaçqınlar və miqrasiya məsələlərində yaranmış dinamikadan istifadə edərək, mühüm qərarların qəbulu üçün zaman yetişib. O, qaçqın və miqrasiya problemlərinin bir çoxları tərəfindən Aİ-nin gələcək aqibətini həll edəcək suallar kimi dəyərləndirildiyini də diqqətə çatdırıb.

Əsas məqsədin Şengen məkanını xilas etmək və Avropa ölkələri arasında sərhəd nəzarəti olmadan gediş-gəlişin tam şəkildə bərpa olunmasına çalışmaq olduğunu vurğulayan nazir bunun üçün böhranlara davamlı xarici sərhəd mühafizəsi və qaçqın qəbulu sisteminin mövcudluğunu əsas şərt kimi qeyd edib.

Nazirlərin toplantısında Aİ sərhəd mühafizəsi agentliyinin (FRONTEX) səlahiyyətlərinin gücləndirilməsi, müvafiq mandat və büdcə ilə təmin edilməsi barədə razılıq əldə edilib.

Avropa İttifaqının daxili işlər üzrə komissarı Dimitris Avramopoulus isə qeyd edib ki, 2020-ci ilədək Aİ sərhəd polisi 10 min əməkdaşı əhatə edən ayrıca bir quruma çevriləcək. Eyni zamanda qaçqınların mənşə və tranzit ölkələrində də qaçqın axınını dayandırmaq üçün müvafiq layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz