0

Azərbaycanda yalnız bir ordu generalı var

Baxış: 3 095

Azərbaycanın “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanununa görə, Silahlı Qüvvələrdə bu hərbi rütbələr müəyyən olunur: əsgər (kursant); baş əsgər; kiçik çavuş; çavuş; baş çavuş; kiçik gizir; gizir, baş gizir; kiçik leytenant; leytenant; baş leytenant; kapitan; mayor; polkovnik-leytenant; polkovnik; general-mayor; general-leytenant; general-polkovnik; ordu generalı.

Publika.az bildirir ki, "Novator" hərbi rütbələrlə bağlı maraqlı icmalla çıxış edib. Həmin yazını oxucularımıza təqdim edirik.

Ən yüksək rütbə olan ordu generalı rütbəsi indiyədək heç bir hərbi qulluqçuya verilməyib.

Hərbi Dəniz Qüvvələrində ordu generalı rütbəsinə bərabər rütbə admiral rütbəsidir. Bu rütbəni də alan olmayıb.

Prokurorluq və ədliyyə orqanlarında tətbiq olunan həqiqi dövlət ədliyyə müşaviri rütbəsi ordu generalı rütbəsinə bərabərdir. Həqiqi dövlət ədliyyə müşaviri rütbəsi iki nəfərə verilib. 1992-ci il oktyabrın 16-da baş prokuror İxtiyar Şirinov həqiqi dövlət ədliyyə müşaviri rütbəsinə layiq görülüb. Ancaq 1993-cü il sentyabrın 14-də İxtiyar Şirinov həmin rütbədən məhrum edilib.

1993-cü il noyabrın 9-da Milli Məclisin qərarı ilə baş prokuror Əli Ömərov həqiqi dövlət ədliyyə müşaviri rütbəsi alıb. Hazırda pensiyada olan 70 yaşlı Əli Ömərov Azərbaycanda yeganə ordu generalıdır.

Ölkənin baş prokuroru Zakir Qaralovun və ədliyyə naziri Fikrət Məmmədovun I dərəcəli dövlət ədliyyə müşaviri (general-polkovnik) ali xüsusi rütbələri var.

Müdafiə naziri Zakir Həsənov, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıqov, daxili işlər naziri Ramil Usubov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi Vaqif Axundov, onun birinci müavini Bəylər Eyyubov general-polkovnik rütbəsi daşıyırlar.

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev gömrük xidməti general-polkovniki rütbəsindədir.

Vergilər naziri Fazil Məmmədov I dərəcəli dövlət vergi xidməti müşaviridir, general-polkovnik sayılır.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz