0

Prezident İlham Əliyev Nazim İbrahimova niyə əsəbiləşib? - Diasporumuzun fiaskosu

Baxış: 714

Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətin qarşısında duran əsas vəzifələrdən biri də xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi olub

Ümummilli liderimiz Heydər Əliyev bütün xarici səfərlərində Azərbaycan diasporunun nümayəndələri ilə görüşür, onların problem və qayğıları ilə maraqlanır, həmvətənlərimizi yenicə müstəqillik qazanmış respublikamızın tarixi mənafelərinin reallaşdırılması prosesində fəal iştirak etməyə çağırırdı.

Əsası Heydər Əliyev tərəfindən qoyulmuş siyasət



Hələ o zamandan başlayaraq, diaspor quruculuğu Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasətin məqsədi dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqələrini inkişaf etdirmək, soydaşlarımızın milli özünəməxsusluğunu qoruyub saxlamaq, diasporun potensialından milli maraqlarımızın daha etibarlı şəkildə qorunması istiqamətində faydalanmaq, diasporlararası əlaqələri genişləndirmək, onların mədəni-siyasi hüquqlarını müdafiə etməkdən ibarətdir.

Prezident İlham Əliyevin qayğısı



Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev diaspor sahəsinə də xüsusi diqqət ayırır. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə diaspora dövlət qayğısını analiz etdikdə bunu aydın görmək mümkündür.

Və dövlət başçısı komitənin qarşısına vəzifə qoydu: xaricdə yaşayan soydaşlarımız təşkilatlandırılması, Azərbaycan həqiqətləri təbliğ olunmalı, xüsusilə erməni diasporunun yalanlarına qarşı planlı fəaliyyət qurulmalıdır. Məqsəd Azərbaycanın haqq səsinin dünya birliyində eşidilməsi, beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməsidir. Bu gün komitənin fəaliyyətinə nəzər yetirdikdə sual yaranır: həqiqətənmi, komitə dövlət başçısının prirotet istiqamətlərini yerinə yetirir, ümumiyyətlə fəaliyyətində bu istiqamətləri əsas tuturmu?

Reallıq acıdır, amma həqiqətdir

Diasporla İş üzrə Dövlət Komitəsi dövlətin xaricdəki ruporu, lokomotivi olmaqdansa, alverçi təfəkkürünə köklənən corab diasproasına çevrilməkdədir. Bu tip fəaliyyəti ilə rəhbərlik xaricdəki ziyalı kontingentini özündən küsdürməklə əsas hədəfdən yayınır, komitəni anormal bir təşkilata çevirir.

Acınacaqlı mənzərə: komitənin xaricdə fəaliyyət göstərən təşkilatlarla əməkdaşlıq səviyyəsi demək olar ki, yox dərəcəsindədir. Xaricdəki diaspor nümayəndələrimiz yaşadıqları yerlərdə Azərbaycançılıq və dövlətimizin xeyrinə mətbu orqanlarında məqalələrlə çıxış etmirlər. Azərbaycan əleyhinə gedən qərəzli yazıların qarşısı alınmır və yaxud da o yazılara adekvat cavab verilmir. Komitənin kompleks şəkildə görməli, yürütməli olduğu informasiya təhlükəsizliyi siyasəti sıfır həddindədir. Əvəzində biz nadir hallarda tutarlı cavablar eşidirik. Ən azından bunu Rusiyanın timsalında sübut etmək olar - bir-iki dəfə səfir Polad Bülbüloğlunun, hansısa verilişdə müstəqil politoloq Heydər Camalın (bir neçə ay öncə vəfat etdi), bir dəfə də hansısa telekanalımızı təmsil edən bir müxbirin mətbuat konfransındakı patriotluğu bizə təsəlli olub!

Heydər Əliyevin siyasətindən əsər-əlamət olmayan komitə

Qurumun fəaliyyətində Ümummilli Liderimiz Heydər Əliyevin siyasətindən əsər-əlamət yoxdur. Halbuki komitə Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb və Azərbaycanda diaspor siyasətinin əsasını da məhz ümumilli lider qoyub. Diasporanın fəaliyyəti yalnız təqvimimizdə qara hərflərlə yazılmış tarixdə toplaşmaq deyil. Məhz Komitənin yarıtmaz fəaliyyətinin nəticəsidir ki, xaricdə yaşayan minlərlə insan diasporamızın qayğısını hiss etmir. Əslində vaxtaşırı tədbirlər keçirilməli və dövlət siyasətimiz təbliğ olunmalıdır. Xaricdə fəaliyyət göstərən iş adamları, elm adamları və ziyalılar bu cür fəaliyyəti həzm edə bilmirlər. Onlarla əlaqələr yox səviyyəsindədir.

Girova qoyulmuş "Heydər Əliyev Kültür Evi”

Təsəvvür etmək belə dəhşətlidir ki, Türkiyənin Kocaeli vilayətində fəaliyyət göstərən Azərbaycanın "Heydər Əliyev Kültür Evi” və onun mətbu orqanı olan "Azərbaycanın səsi” jurnalı bankdan götürülən borclarla idarə olunur. Banklarda şəxsi adamların evləri girov qoyulub. Borclar ödənilmədiyi halda, borc götürən insanlar hər zaman komitəni və dövləti zərbə altında qoya bilər.

Azərbaycanı zərbə altına atan diaspora "sənədləri”

Komitə rəhbərliyi tərəfindən atılan bu tip addımlar kifayət qədərdir və demək artıqdır ki, bütün bunlar dövlətimizi nüfuzdan salır. Komitə adından göndərilən bəzi sənədlər qanuna ziddir və belə sənədlər hətta beynəlxalq qalmaqal yarada bilər. Məsələn, Komitənin hansısa xarici banka zaminlik məktubu göndərməsi gələcəkdə mənfi hallarla müşahidə oluna bilər.

Nazim İbrahimovun qılıncoynadanlarla "gizlən – qaç” oyunu

Rüsvayçı faktlardan biri də odur ki, rəhbərliyin şəxsi borcları həm ölkə daxilində, həm də ölkə xaricində həddən ziyadə çoxdur və hətta o həddədir ki, vaxtaşırı qadın dəstələri inzibati binanın qapısı ağzına toplaşırlar. Komitənin sədri Nazim İbrahimov həm də Qılıncoynatma Federasiyasının prezidentidir. İlyarim olar ki, Federasiyada əməkhaqları verilmədiyi üçün federasiyanın işçiləri də borcunu istəmək üçün qapını kəsən borc sahiblərindəndirlər. Əldə etdiyimiz məlumatlara görə, borclulardan qaçmaq üçün rəhbərlik işə gələrkən arxa qapıdan içəri daxil olur. Polisə isə şikayətçiləri içəri buraxmamağı tapşırır.

Çaxmaxı olmayan "silahlar”, pas atmış patronlar

Müavinlər işdə demək olar ki, tapılmırlar. İşə gəldikləri zaman xarici təşkilatlara yersiz vəsait ödənilməsini tələb edirlər. Sədrin birinci müavini Valeh Hacıyev Nazim İbrahimovun cavanlıq dostudur. O, danışıq qabiliyyəti olmayan, intellektdən uzaq bir insan olmaqla yanaşı, həm də qeyri-etik ifadələr işlədən adam kimi yaddaşlarda qalıb. Hətta komitədə qadınların çoxluq təşkil etdiyi iclaslarda belə nalayiq ifadələr işlətməkdən çəkinmir. O, qeyri-etik ifadələr işlətməklə yanaşı, komitədə özündən razı gəzir. Ehtimal var ki, onda bu arxayınçılıq Prezident Aparatındakı qaynı Oqtay Şahbazovun önəmli post tutmasından qaynaqlanır. Arxalandığı digər qohumu isə Xüsusi Dövlət Mühafizə Xidmətindəki yüksək vəzifəyə təyinat almış bir şəxsdir.

Maliyyə müdiri Çingiz Mürsəlov əvvəllər Hacı İbrahimin (sədr Nazim İbrahimovun qardaşı) işçisi olubdur. Xarici səfərlər zamanı sərf olunan maliyyə xərclərində fantastik rəqəmlərlə yersiz israfçılığa yol verilir.

Rəhbərlik heç bir səfirliyin fəaliyyətini bəyənmir və çox yerdə Prezidentin köməkçisi Əli Həsənovun və Bəylər Eyyubovun adından manipulyasiya edir.

Komitənin xanımları və kişiləri: müəmmalı ezamiyyət pulları

Komitənin bəzi kişi əməkdaşları ezamiyyət pullarını aylarla ala bilmədiyi halda, həftələrlə işdə görünməyən xanımların xaricdəki tədbirlərdə qəfil peyda olmaları sual doğuran məqamlardan birinə çevrilib. Komitənin aparat rəhbəri işgüzar biri olsa da, normal fəaliyyət üçün heç bir şərait olmadığından ətalət içindədir.

Əslində beynəlxalq miqyasda az qala Xarici İşlər Nazirliyi səviyyəsində səlahiyyət verilmiş Diasporla İş üzrə Komitə gülünc və cılız işlərlə məşğul olur, ölkədən kənarda yaşayan soydaşlarımızın potensial gücündən yararlanmaqdansa, dövlətə və xalqa bağlılığı möhkəmləndirməkdənsə, dövlət büdcəsinə tamah salır, dövlətin ali məramını puça çıxarır, üstəlik də ölkənin imicini zərbə altında qoyur.

İbrahimovun şaiyələri



Diasporumuzun acınacaqlı vəziyyətinə baxmayaraq, Nazim İbrahimov vəzifə davası aparır. Məlumatlara görə, Xarici işlər naziri də vəzifəsindən kənarlaşdırılacaq. Onun yerinə isə özü – Nazim İbrahimov təyin olunacaq.

Biz cəmi bir neçə abzasda bir neçə faktı vurğuladıq. Lakin daha ciddi faktlar var və soydaşlarımızı dinləməyə vəkil edilmiş Komitə öz funksiyalarını yerinə yetirmədiyindən, mətbu orqan olaraq onları dinləməyə biz mükəlləf oluruq və biz də öz növbəmizdə yaxın gələcəkdə soydaşlarımızın haqlı irad və narazılıqlarının müvafiq instansiyalara çatması üçün əlimizdən gələni edəcəyik.

Diaspora Komitəsi ləğv olunmur, İbrahimov çıxarılacaq!

Miq.Az-a komitə sədri ilə bağlı daxil olan daha bir məlumat isə diqqət çəkir. Belə ki, Nazim İbrahimovun yarıtmaz fəaliyyəti ölkə başçısının əsəbləşməsinə səbəb olub. Hətta buna görə böyük tədbirlərdən biri ləğv edildi. Buna görə də, yaxın zamanlarda Diaspora komitəsinin ləğvi yox, sədrin vəzifəsindən kənarlaşdırılacağı gözlənilir. Araşdırmalarımızdan belə məlum olur ki, diaspora komitəsi heç vaxt ləğv olunmayacaq və son vaxtlar mətbuatda deyildiyi kimi belə olan halda Diaspor Komitəsinin Xarici İşlər Nazirliyinin tərkibində fəaliyyət göstərməsi mümkün görünmür. Ən azından bu komitənin ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmaqla yanaşı, həm də hədəfləri böyükdür. Çünki biz tək Ermənistanla savaşmırıq, həm də qarşımızda güclü erməni lobbisi var. Məhz erməni lobbisinin fəaliyyəti nəticəsində 90-cı illərdə biz informasiya blokadasına alınanda Dağlıq Qarabağ məsələsində Qərbin böyük əksəriyyəti Ermənistana dəstək verirdi. Yenicə olaraq bu blokadanı yarmağa müvəffəq olmuşuq.

Məhz Diaspora komitəsinin də qarşısına qoyulduğu tapşırıq ondan ibarətdir ki, erməni lobbisi ilə mübarizə aparmaq və xaricdə yaşayan azərbaycanılıları təşkilatlandırmaq. Çox təəssüflər olsun ki, Diaspora Komitəsi təyinatına uyğun fəaliyyət göstərmədi...

Araşdırmalarımız davam edir.

Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq./miq.az/

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz