0

Prezidentin 7 illik “yol xəritəsi” açıqlandı: məmurlar təlaşda

Baxış: 1 262

Ramiz Mehdiyev “seçkidən sonra nə olacaq” sualına aydınlıq gətirdi; PA rəhbərinin geniş məqaləsi İlham Əliyevin yeni prezidentlik müddəti üçün nəzərdə tutduğu proqramı hesab oluna bilər; İdarəetmədə əsas tezislər isə bunlardır: “Güclü komanda, islahatlar və maliyyə sabitliyi...”

11 aprel seçkilərində xalqın böyük etimadını  qazanaraq yenidən prezident seçilən İlham Əliyevin yaxın 7 ildə kadr və idarəetmə sistemində hansı dəyişikliklər edəcəyi böyük maraq doğurur.

Hələ seçkidən əvvəl keçirilən müşavirələrdə prezident ölkə idarəetməsində çevikliyi təmin etmək üçün ciddi islahatların anonsunu vermişdi. Ötən il qismən bu islahatlara start verildi, həm də idarəetmənin əsas “mühərriki” sayılan Prezident Administrasiyasında başlamaqla...

Aydın idi ki, geniş islahatlar, o cümlədən kadr dəyişiklikləri əsas etibarilə seçkidən sonrakı müddətə saxlanıb.

Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin “Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri” başlıqlı geniş məqaləsi əslində İlham Əliyevin yaxın 7 il üçün nəzərdə tutduğu “yol xəritəsi” də hesab oluna bilər.

“AzərTAc” vasitəsilə yayılan məqalədə ölkədə bütün siyasi spektri düşündürən, eləcə də Qərbdə də ciddi maraqla gözlənilən “seçkidən sonra nə olacaq” sualına aydın cavablar var.

R.Mehdiyevin açıqladığı “yol xəritəsi”ndə iki əsas məqama xüsusi diqqət yetirmək lazım gəlir.

Birincisi, hakimiyyətin idarə edilməsində vahid komanda və kadrların seçilməsi prinsipidir. PA rəhbərinin sitatına diqqət edək: “Prezident İlham Əliyev tərəfindən ölkənin inkişafı baxımından müəyyən edilmiş hədəflərə çatmaq üçün görülən işlərə peşəkar yanaşmadan başqa, həm də komanda prinsipinə ciddi riayət edilməsi tələb olunur. Komanda prinsipi heç də hər bir dövlət məmurunun eyni cür düşünməli olduğunu deyil, ölkənin inkişafının strateji istiqamətləri ilə bağlı vahid mövqe nümayiş etdirmələrini, qarşıya qoyulan məqsəd və vəzifələrin reallaşdırılması naminə bütün səylərini səfərbər etmələrini nəzərdə tutur”.

R.Mehdiyevdən gətirdiyimiz iqtibasda “komanda prinsipi heç də hər bir dövlət məmurunun eyni cür düşünməli olduğu deyil” cümləsi diqqətəlayiqdir. Çünki müasir dövlət idarəetməsində “hamı mənim kimi düşünsün və ya hamı mən deyəni desin” prinsipi qəbuledilməzdir. Amma o da sirr deyil ki, bəzi hallarda “prezidentə sədaqətlilik” prinsipi adı altında məmur özbaşınalığı baş verir, “kabinet məmurları” formalaşır. Bu kimi halları prezident dəfələrlə tənqid edib, məmurları dövlətə sədaqətlə qulluq etməyə çağırıb. R.Mehdiyev yaxın günlərdə formalaşdırılacaq yeni komandada prezidentin hansı prinsipə üstünlük verəcəyini açıq mətnlə qeyd edib.

Ramiz Mehdiyev yazır ki, öz fəaliyyətini siyasi müstəvidəki konyuktur dəyişiklikləri üzərində quran, daha çox qeyri-səmimiliyi, süst və ətalətli fəaliyyəti ilə seçilən, komanda prinsipini qətiyyən gözləməyən məmurlarla Azərbaycanın inkişafı naminə müəyyən edilmiş ali məqsədlərə çatmaq üçün vaxt baxımından çox böyük itkilərə yol verə bilərik.

R.Mehdiyevin yazdıqlarında anlaşılmayan nəsə varmı? PA rəhbəri yeni komanda prinsipində məhz ölkənin inkişafının əsas meyar olacağına vurğu qoyur, bu işə töhfə verməyən, o cümlədən siyasi sapmalara yol  vermiş “qeyri-səmimilərin” uzaqlaşdırılacağını deyir. Əks halda “ali məqsədlərə çatmaq üçün vaxt baxımından çox böyük itkilərə yol verə bilərik”, deyə PA rəhbəri qeyd edir.

R.Mehdiyevin xüsusi diqqət etdiyi məsələ ölkədəki kadr potensialı ilə bağlıdır ki, PA rəhbəri prezident İlham Əliyevin çıxışından bu sitatı yada salıb: “Azərbaycanda çox güclü kadr potensialı yaranıbdır. Bu potensialı, peşəkar insanları qorumaq lazımdır. Sizə deyim ki, onlar Azərbaycanda o qədər də böyük sayda deyillər. Əlbəttə, hər bir məmura, hər bir vəzifəli şəxsə eyni gözlə baxıram. Mən ayrı-seçkilik eləmirəm və hesab edirəm, kim öz vəzifə borcunu ləyaqətlə yerinə yetirirsə, əlbəttə, öz işinə davam etməlidir”.

R.Mehdiyevə görə, hər bir məmur kadr məsələsində dövlət maraqlarına uyğun meyarları əsas götürməli və öz fəaliyyəti ilə kadr siyasətinə kölgə salmamalıdır. “Ayrı-ayrı məmurların kadrlara münasibətdə özbaşınalığı, cılız və subyektiv yanaşması nəticəsində kadr potensialının itirilməsinə imkan vermək olmaz” deyən PA rəhbəri ad çəkməsə də, zənnimizcə, söhbət son iki-üç ildə  komandadan uzaqlaşdırılmış nazirlərdən gedə bilər. Hansılar ki, həm idarəetmədə ciddi yanlışlara yol veriblər, həm də bir çox hallarda peşəkar kadrları rəhbərlik etdikləri strukturlardan uzaqlaşdırıblar.     

 

PA rəhbərinin  üzərində dayandığı ikinci vacib məqam, əlbəttə ki, struktur islahatlardır. Administrasiya rəhbəri yazır ki, Azərbaycanda institusional islahatların mahiyyətinin, onun məqsəd və vəzifələrinin düzgün qiymətləndirilməsi struktur dəyişikliklərinin uğurla aparılmasının həlledici şərtlərindən biridir. PA rəhbəri etiraf edir ki,  dövlət idarəetmə sistemində islahatlar ağrılı və çətin prosesdir.

Sitata diqqət edək: “Dövlət idarəetmə sistemində islahatlar ağrılı və çətin prosesdir. Lakin siyasi hakimiyyəti güclü və sabit olan ölkələrdə iqtisadi islahatlar və struktur dəyişiklikləri rəvan bir şəkildə həyata keçirilir. Çünki hakimiyyətin siyasi gücü həmin islahatların aparılması yolunda qarşıya çıxan ”maneələri" asanlıqla dəf etməyə imkan verir".

Administrasiya rəhbəri barəsində çoxdan danışılan iqtisadi sferadakı bir-birinin təkrarlayan dövlət qurumlarının ləğv ediləcəyinin anonsunu da verib. Məqalədə deyilir ki, idarəetmə islahatları ayrı-ayrı dövlət orqanlarının əsasnamələrinə yenidən baxılmasını və onların ciddi şəkildə ekspertizadan keçirilməsini tələb edir. Belə ki, iqtisadi yönümlü dövlət orqanlarının bir çoxunun fəaliyyətində bir-birini təkrarlayan funksiyalar və vəzifələr mövcuddur. Qüvvədə olan əsasnamələrin yenidən hazırlanması iqtisadiyyatın idarə edilməsi sahəsində təkrarçılığı aradan qaldıra bilər. Dövlət orqanlarının təşkilati strukturunu vahid meyar və prinsiplərlə formalaşdırmaq məqsədilə nazirlik və komitələr, agentlik və xidmətlər üzrə yeni nümunəvi əsasnamənin hazırlanması da məqsədəuyğundur.

PA rəhbəri məqaləsində ölkənin maliyyə sisteminə (yəni büdcəyə daxilolmalara-"Yeni Müsavat") nəzarətlə bağlı tezisləri də xüsusi maraq doğurur. Əvvəla, ona görə ki, ötən il Vergilər Nazirliyində ciddi kadr dəyişikliyi baş verib. İkincisi, çoxdandır ki, ölkənin əsas vergi toplayıcısı olan Gömrük Komitəsinin bu nazirliyə birləşdiriləcəyi iddia olunur. R. Mehdiyevin məqaləsində öncə gözlənilən struktur islahatlarında büdcəyə daxilolmalara ciddi önəm veriləcəyinə mesajlar var.

“Müasir dövrdə vergi siyasəti yalnız fiskal funksiyaları yerinə yetirmir, o, həm də iqtisadi inkişafın stimullaşdırıcı aləti kimi çıxış edir. Vergidə peşəkar və təmiz kadrlara üstünlük verilməli, vergi əməkdaşlarının yüksək səviyyəli xidmət göstərməsi üçün onlara normal iş rejimi yaradılmalıdır” deyən R. Mehdiyev qeyd edir ki, maliyyə nəzarəti sistemində ölkənin iqtisadi sərhədlərini qoruyan gömrük orqanlarının da xüsusi yeri var.

Sitat: “Mövcud qanunvericiliyə əsasən, gömrük orqanları dövlət icra hakimiyyəti sistemində hüquq-mühafizə orqanı statusuna malik olsa da, onlar daha çox vergi və valyuta nəzarəti funksiyası daşıyırlar. Bu baxımdan Dövlət Gömrük Komitəsi özünün tənzimləyici və fiskal funksiyalarını digər maliyyə nəzarəti orqanları ilə uzlaşdıraraq həyata keçirməlidir”.

“Dövlət Gömrük Komitəsi özünün tənzimləyici və fiskal funksiyalarını digər maliyyə nəzarəti orqanları ilə uzlaşdıraraq həyata keçirməlidir” tezisi  Dövlət Gömrük Komitəsinin Maliyyə Nazirliyinə, yaxud Vergilər Nazirliyinə birləşdiriləcəyinə dair neçə vaxtdır dolaşan iddiaların təsadüfi olmadığını göstərir. 

Beləliklə, PA rəhbərinin məqaləsindən gəlinən nəticələri bu cür ümumiləşdirə bilərik:

Birincisi, anonsu verilən islahatlar paketi hələ seçkidən xeyli əvvəl hazırlanıb və İlham Əliyevin yaxın 7 ildə ölkənin idarəçilik sistemində ciddi dəyişiklik edəcəyini göstərir.

İkincisi, prezident bunları gerçəkləşdirmək üçün davamlı kadr islahatları aparmağı hədəfləyib ki, bunun üçün aydın tələblər və siyasi iradə var.

Nəhayət, üçüncü məqam ölkənin inkişafının əsas açar rollarında olan maliyyə sisteminə mərkəzləşmiş nəzarət sisteminin yaradılacağıdır. Büdcəyə daxilolmalara nəzarət isə Azərbaycan prezidentinin hədəflədiyi davamlı sosialyönümlü proqramların icrası, sadə dillə desək, maaş və pensiyaların hər il artırılması deməkdir...

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz