0

Fazil Məmmədova bağlı dörd icra başçısı təşvişdə-Faktlar

Baxış: 3 018

Vergilər naziri Fazil Məmmədovun vəzifəsindən çıxarılması onun kurasiyasında olan dörd rayon icra başçısının vəziyyətini mürəkkəbləşdirib.

AzEuroNews.com-un məlumatına görə, ilk növbədə F.Məmmədovun bacısının həyat yoldaşı olan Binəqədi rayon icra başçısı, məlum yanğın faciəsindən sonra nazirin hesabına postunda qalan Xaləddin İsgəndərov üçün geri sayım başlayıb.

İsgəndərovun yanan bina və Çovdarov işi…

2015-ci ildə Binəqədi rayonu Azadlıq prospektindəki 16 mərtəbəli yaşayış binasının yanması nəticəsində 15 nəfər dünyasını dəyişdi.

Bina keyfiyyətsiz və tez alışan materialla – poliuretanla üzləndiyinə görə külə dönmüşdü. Həmin materialın binanın üzlüyünə vurulması barədə X.İsgəndərov göstəriş vermişdi.

İcra başçısını qoruyan “sehrli əllər” bu hadisədə məsuliyyəti olan başqalarını qurban versə də, İsgəndərovu yerindən tərpətmədilər.

 



                                               Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov

Lakin bu faciədən sonra X.İsgəndərov Prezident Administrasiyasının “qara siyahısı”na düşdü.

Binanın üzlənməsi işini həyata keçirmiş “Global Stone” şirkətlərinin təsisçisi Miryusif Mahmudov məhkəmədə bildirmişdi ki, binanın üzlənməsi təklifi Xaləddin İsgəndərovdan gəlib.

Həbsdə olanlardan biri X.İsgəndərovun birinci müavini işləmiş Qəzənfər Novruzovdur ki, o da ilk gündən suçsuz olduğunu deyirdi.

Əslində, yanan bina işinin bir ucu elə MTN-ə bağlanırdı ki, bu ayrı mövzunun təhlilidir, X.İsgəndərov isə həmin orta ranqlı məmurları qurban verməklə özünü həbsdən xilas etmiş oldu. Amma X.İsgəndərovun adı təkcə yanan bina işində MTN-ə qarışmamışdı.

Eləcə də Biləcəridə özünü icarədar məmur kimi tanıdan bələdiyyə sədri İlham Xəlilov MTN generalı Akif Çovdarova 150 min pul və torpaq bağışlamaqda gündəmə gəldi. O, ifadəsində faktı təsdiqləyib.

Beləliklə, ətrafı MTN bandası ilə əlbir olmuş, özü sabiq vergilər naziri Fazil Məmmədovun qohumu kimi tanınan Xaləddin İsgəndərovun halqası daralır…

Sahibkarların qənimi Yediyarov panikada…

Sabiq vergi nazirinin təşviş içində olan digər kadrı isə Gədəbəyin icra başçısı Ramiz Yediyarovdur.


 


                                              Gədəbəy rayonu icra hakimiyyətinin başçısı Ramiz Yediyarov

Gədəbəy rayonundan olan iş adamlarının, yerli sahibkarların bu günə qədər demək olar ki, bütün ən mötəbər qurumlara davamlı olaraq müraciət etmələrinə baxmayaraq, bu rayonda sahibkarlığın inkişafını əngəlləyən icra başçısı Ramiz Yediyarovun əməllərinə qarşı hələ də heç bir tədbir görülmür.

Sonuncu belə fakt iş adamı Fəxrəddin Bağırovun obyekti ilə bağlı idi. İcra başçısı mağazanın qarşısına divar hördürüb, sahibkar ona xərc vermədiyi üçün dükanını bağlamışdı.

Bu isə ona gətirib çıxarır ki, icra başçısı nəinki Gədəbəydə sahibkarlığın inkişaf etdirilməsi üçün tələb olunan şəraiti yaratmır.

Əksinə o, hər vəchlə bunun qarşısını almağa çalışır. Nəticədə iş adamları rayondan didərgin salınır, onların obyektləri isə ya dağıdılır, ya da ələ keçirilir.

44 iş adamı prezidentə müraciət edərək R.Yediyarov barəsində ölçü götürülməsini tələb etmişdi. Ona görə də onun da getmə vaxtı çatıb.

Gədəbəy RİH başçısının məhz F.Məmmədovun kadrı olması artıq çoxdan isbatı tələb olunmayan bir fakt kimi hamıya məlumdur.

Bu təyinatadək Ramiz Qəni oğlu Yediyarov Şəmkir rayon Vergilər Şöbəsinin rəisi postunu tuturdu.

Babaşov – iki “vurulmuş” nazirin adamı..

Keçmiş nazirin nöbəti kadrı Qazaxdan Yardımlıya icra başçısı getmiş Rəcəb Babaşovdur. R.Babaşov Vergilər Nazirliyində İri Vergi Ödəyiciləri Departamentinin rəisi olub.

O, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu ilə qudadır. Eks-nazirin qardaşı oğlu Babaşovun qızı ilə ailə həyatı qurub.

                                                         
                                                         Yardımlının icra başçısı Rəcəb Babaşov

Mətbuatda gedən xəbərlərdə R.Babaşov həm də Dəmiryol İdarəsinin rəisi Cavid Qurbanovun “kassiri”, pulyığanı kimi təqdim olunub.

R.Babaşov medianın gündəminə əsasən doğulduğu Sabirabad rayonunda, paytaxtda, ölkənin bir çox regionlarında və hətta xaricdə belə sahib olduğu sərvəti ilə gəlib.

Mətbuatda gedən yazılara görə, R.Babaşovun MTN generalları ilə münasibətini Vergilər Nazirliyinin Vergi Cinayətlərinin Təhqiqi Departamentinin rəisi, hazırda “MTN işi” ilə bağlı həbsdə olan Vidadi Məmmədov yaradıb.

Xəzər rayonu ərazisində MTN rəhbəri Eldar Mahmudova məxsus villanın xərcinin bir hissəsini R.Babaşov tərəfindən ödənildiyi iddiaları var.

Onun adı həm Qazaxda, həm də Yardımlıda iş adamlarını incitməkdə tez-tez keçir. İcra başçısı Z.Məmmədovun qohumu, C.Qurbanovla yaxınlığı olsa da, F.Məmmədovun kadrı hesab edilir.

Bakı Vergilər Departamentində rəis müavini işləmiş R.Babaşov nəinki paytaxtda hətta regionlarda da böyük biznes imperiyasının olması ilə tanınan oliqarxlardan biridir.

Onun şəxsi mülkiyyətində olan avtomobillərin bütün seriya nömrələri 077 ilə bitir. Bakıda «077» adlı xeyli sayda pristijli avtoyuma məntəqələri, ticarət obyektləri, restoranları var.

Alimpaşanın paşalığı – dosye

Ən nəhayət, sabiq vergi nazirinin dördüncü icra başçısı Şəmkirdədir. Alimpaşa Adil oğlu Məmmədov Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamentinin rəisi vəzifəsində çalışıb.

8 oktyabr 2014-cü ildə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Şəmkirə icra başçısı göndərilən A.Məmmədovun bioqrafiyası da maraqlıdır.

 
                                               Şəmkir rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov

O, nazirlikdə ən müxtəlif vəzifələrdə işləyib və F.Məmmədovun “vuran əli” sayılıb. A.Məmmədov Salyan və Şəmkir vergi idarələrinin rəisi olub.

Hələ 2014-cü ildə musavat.com yazmışdı ki, Salyanda işləyərkən sahibkarlarla qanunsuz rəftarına görə barəsində prokurorluqda cinayət işi başlanıb.

Buna görə də nazir onu Şəmkirə göndərib. Oradan isə Şəmkirin o vaxtkı icra başçısı, hazırda fəxri təqaüdçü olan Aslan Aslanovun təpkisi ilə uzaqlaşdırılıb.

Ancaq vergilər naziri yenə ona sahib çıxaraq daha yüksək vəzifəyə – nazirliyin Operativ Nəzarət İdarəsinə rəis təyin edib. Bir müddət burada işlədikdən sonra Səbayel Vergi İdarəsinə rəis təyin edilib.

Burada yenidən “ilişib” – iri ranqlı məmurların müəssisələrini təkrar-təkrar yoxladığına görə yuxarıların qəzəbinə tuş gəlib və nazir bu dəfə dostunu müdafiə edə bilməyib, onu vergi orqanlarından qovmağa məcbur olub.

Bir müddət işsiz qaldıqdan sonra F.Məmmədov yenidən onu reabilitasiya edə bilib və 2 saylı Ərazi Vergilər İdarəsinə (Sumqayıt şəhəri, Abşeron, Siyəzən, Xızı rayonlarını əhatə edir) rəis göndərib.

Burada reabilitasiya olunduqdan sonra isə yetərincə strateji və “rentabelli” bir posta – Bakı Şəhər Vergilər Departamentinə rəis göndərib.

Onun Şəmkirdəki fəaliyyətindən bu günə kimi iş adamları razılıq etməyiblər və çoxsaylı şikayətlər mətbuata və PA-ya ünvanlanıb.

Belə görünür ki, hər 4 icra başçısı təşviş içindədir. Necə ki, Z.Məmmədova qohumluğu və yaxınlığı çatan icra başçıları tək-tək yola salınır, analoji prosesin F.Məmmədovun ətrafı ilə də bağlı yaşanacağı gözləniləndir…

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz