0

Türkiyə Qarabağ danışıqlarında: Həmsədrlər Türkiyədən nəyi xahiş edib?

Baxış: 433
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb. Nazir vasitəçilərlə Ermənistan-Azərbaycan münaqişəsinin həlli yollarını müzakirə etdiyini deyib. Görüşdən dərhal sonra isə M.Çavuşoğlu Azərbaycana səfər edib. Türkiyə xarici siyasət idarəsi başçısının Bakıda apardığı danışıqlarda Ankaradakı görüşü barədə məlumat verdiyini söyləmək olar. Qeyd edək ki, Türkiyə prezidenti Azərbaycana "Bu münaqişənin həlli Rusiyadan asılıdır"-mesajını açıq şəkildə verdiyi bir vaxtda həmsədrlərin Ankaraya getməsi diqqəti cəlb edir. 

Rusiya və Türkiyə prezidentlərinin noyabrın 13-də Soçidə keçirilmiş görüşündən sonra Rəcəb Tayyib Ərdoğan münaqişənin açarının Rusiyada olduğunu dedi. İndiyə qədər Azərbaycan ictimai rəyində “Türkiyə vasitəçi və ya həmsədr olarsa, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunar”-fikri üstünlük təşkil edib. Prezident Ərdoğanın açıqlaması isə bu yanaşmanın üzərinə su səpdi. Lakin iki həftə sonra həmsədrlərin Ankaraya getməsi Türkiyənin vasitəçilik missiyası məsələsini yenidən gündəmə gətirib. Təbii ki, Ermənistan Türkiyənin Minsk Qrupunun həmsədrliyində təmsil olunması ilə razılaşmaz. Ona görə də söhbətin Türkiyənin həmsədrliyindən hansısa vasitəçilik fəaliyyətindən getməsi ehtimalı daha yüksəkdir. 
Rəsmi Ankaranın danışıqlar prosesinə hansı statusla qatıldığı barədə əraflı məlumat yoxdur. Siyasi müşahidəçilərin fikrincə, həmsədrlərin nizamlanma prosesində Türkiyənin yardımından istifadə etməsinə ehtiyacı yaranıb. Ola bilsin ki, masada konkret təkliflər var və Rusiya başda olmaqla vasitəçi tərəflər Türkiyə vasitəsilə Azərbaycanı buna razı salmağa çalışır. Daha doğrusu, söhbət Moskvanın maraqlarına uyğun həll planından gedir. Əks təqdirdə, Suriyadakı hərbi qələbədən və Türkiyə ilə sıx tərəfdaşlığın qurulmasından sonra Cənubi Qafqazda geosiyasi mövqeyi daha da güclənən Rusiyanın güzəştə getməsi inandırıcı görünmür. Ancaq Türkiyənin, eləcə də Azərbaycan tərəfinin bu məsələdə hansı mövqe sərgilədiyinə dair bilgi yoxdur. 



Politoloq Qabil Hüseynlinin sözlərinə görə, ATƏT-in Minsk Qrupu sülhyaratma prosesini irəliyə apara biləcək plana malik olduğunu iddia edir. Bu layihəni həyata keçirmək üçün Türkiyənin köməyindən istifadə etmək istəyirlər: “Lakin bu layihəni Azərbaycan tərəfinə qəbul etdirmək çətin olacaq. Ona görə də Türkiyəni də inandırmağa çalışırlar ki, bu kompromis xarakterli təklifdir və Azərbaycan həmin varianta razı olacaq. Türkiyəni inandırmağa çalışırlar ki, təkliflər səmərəlidir və bunu Azərbaycana qəbul etdirməkdə bizə kömək et. Azərbaycan işğal edilmiş torpaqlarını və ərazi bütövlüyünü heç kimə güzəştə getməyəcək. Türkiyə də bunu bilir və yəqin ki, həmsədrlərə təklifinin müqabilində lazım olan cavabı verib”.

Müşfiq Abdulla
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz