Qafqazda BARIT ÇƏLLƏYİ: Qarabağ üçün ÜÇBUCAQ... – GÜNÜN SİYASİ XÜLASƏSİ » Press-az
0

Qafqazda BARIT ÇƏLLƏYİ: Qarabağ üçün ÜÇBUCAQ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Baxış: 1 192

ABŞ prezidenti Donald Trampın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasətini proqnozlaşdıran rusiyalı politoloq Pavel Klaçkov 4 amilə diqqət çəkib. Trampın xarici siyasətində strateji məsələlərdən biri də Cənubi Qafqaz hesab olunur. Moskva Suriya kürdlərinə müxtariyyət təklif etməklə Ankaranın “qırmızı xətt”ini keçib. Trampın ABŞ Müdafiə Nazirliyi (Pentaqon) və Dövlət Departamentinə verməyi planlaşdırdığı təlimat isə Rusiya tərəfindən sərt qarşılanıb.
Bir neçə gün öncə “Washington Times” nəşri ABŞ prezidenti Donald Trampın Dağlıq Qarabağ münaqişəsini həll edərək, Nobel mükafatı almaq imkanının olduğunu yazdı. Nəşrin bu məqaləsindən sonra Trampın Qarabağ münaqişəsi ilə bağlı hansı siyasi xətti izləyəcəyi haqqında suallar yaranıb.

Rusiyalı politoloq Pavel Klaçkov Trampın Qarabağla bağlı siyasətini proqnozlaşdırarkən, 4 amilə diqqət çəkib. Politoloq qeyd edib ki, bu amillər Trampın Dağlıq Qarabağla bağlı siyasətində əsas ola və münaqişənin həllinə təsir edə bilər.

Onun fikrincə, rəsmi Bakı sonuncu amildən – ABŞ-İsrail-Azərbaycan üçbucağından yararlanaraq vəziyyəti tamamilə dəyişə bilər.

Bakı heç kimin gözləmədiyini edərsə... - Ərazilərin azad olunması üçün DÖRD AMİL
Bakı ABŞ-İsrail-Azərbaycan üçbucağından yararlanaraq, vəziyyəti tamamilə dəyişə bilər.
Donald Trampın Ağ Evə köçməsindən sonra ABŞ-ın xarici siyasətində hansı məsələlərdə dəyişikliklərin olacağı gündəmə gəldi. Strateji məsələlərdən biri də Cənubi Qafqazdır.
“Rosbalt” agentliyi Cənubi Qafqazda Rusiya-ABŞ münasibətlərini araşdırıb. Regionun hər üç ölkəsində Trampın hansı siyasət yürüdəcəyi ilə bağlı narahatlıq var. Lakin prinsip etibarilə, ABŞ Rusiyanı post-sovet məkanından sıxışdırıb çıxarmaq istəyəcək.


Trampın gizli sazişi, Qarabağda döyüş və İrəvanın qaranlıq gələcəyi - Qafqaz barıt çəlləyi olacaq
Donald Trampın Ağ Evə köçməsindən sonra ABŞ-ın xarici siyasətində hansı məsələlərdə dəyişikliklərin olacağı gündəmə gəldi.
Atəşkəs rejiminin davam etdiyi Suriyada İŞİD terror təşkilatı tərəfindən hücum zamanı azərbaycanlı qadın 2 uşağı ilə birlikdə öldürülüb. Öldürülən uşaqlar 7 yaşlı qız və 3 yaşlı oğlan olub.
Məlumata əsasən, qadınını əri Fikrət Əliyev Suriyada döyüşən qruplaşmalardan birinə qoşulmaq üçün 2015-ci ilin əvvəllərində ailəsi ilə birlikdə bu ölkəyə köçüb. F. Əliyev qruplaşmaya qoşulduqdan 4 ay sonra öldürülüb.
Onların Suriyaya hansı ölkədən gəldikləri barədə məlumat verilmir.
Bu gün Danimarka parlamentinin plenar iclasında “Ermənilərin soyqırımı haqqında” qətnamə layihəsi səsverməyə çıxarılıb. Səsvermə nəticəsində qətnamə layihəsi qəbul edilib. Sənədin lehinə 89 millət vəkili səs verib, 9-u qarşı çıxıb, 11-i isə bitərəf qalıb.
Qazaxıstanda keçirilən Konstitusiya islahatlarının nəticələrinə görə, prezidentin 30-da çox səlahiyyəti hökumətə veriləcək. Bu haqda Qazaxıstan Senatının (parlamentin yuxarı palatası) spikerin müavini Sergey Qromov məlumat verib.
2016-cı ilin dekabrında prezident Nursultan Nazarbayev bildirib ki, xüsusi komissiya prezident, parlament və hökumət arasında səlahiyyətlərin yenidən bölüşdürülməsi imkanına baxmalıdır. Amma qeyd edib ki, Qazaxıstanda prezident idarə üsulu qalacaq.
Dünən Qazaxıstan prezidenti xalqa müraciət edib. Dövlət başçısı yeni konstitusional islahatlar və hakimiyyətin yenidən bölüşdürülməsindən danışıb. Nazarbayev bu məsələnin ölkənin müasir inkişafı mərhələsinin təbii yolu olduğunu vurğulayıb.
Ölkə politoloqları Nazarbayevin müraciətini və hakimiyyətin yenidən bölüşdürülməsinin zərurətini şərh ediblər.

“Daz”lara verilən hakimiyyət: Nazarbayev nədən bezdi? - ŞƏRH
Nazarbayev bu məsələnin ölkənin müasir inkişafı mərhələsinin təbii yolu olduğunu vurğulayıb.
Respublikaçı Donald Tramp ABŞ prezidenti seçilməsindən sonra hamı səbirsizliklə Rusiya-ABŞ münasibətlərinin necə olacağını gözləyir. Sözsüz ki, dünyanın bir çox münaqişələri, o cümlədən Ukrayna böhranın həlli Moskva-Vaşinqton münasibətlərinin hansı məcrada inkişaf edəcəyindən asılıdır.
“Reuters” agentliyinə müsahibəsində Ukraynanın xarici işlər nazirinin müavini Yelena Zerkal deyib ki, Kiyev Rusiya və ABŞ arasında Ukraynanın şərqindəki vəziyyətin müzakirə olunduğu bütün danışıqlarda iştirak etmək istəyir. Bunu “ “Biz ölkəmizin gələcəyindən danışırıq. Buna görə də danışıqlardan çıxarılmasını, mübadilə xəritəsinə çevrilməyimizi istəmirik”, - deyə Zerkal bildirib.
Ukraynalı diplomat həmçinin Qərbi Rusiyaya qarşı sanksiyaları saxlamağa çağıran prezident Pyotr Poroşenkonu dəstəkləyib. Zerkalın sözlərinə görə, sanksiyalar Moskvanı saxlaya biləcək tək alətdir.
Astanada aparılan müzakirələr zamanı Rusiyanın Suriya müxalifətinə təqdim etdiyi yeni konstitusiya layihəsinin qaralamasında Suriya kürdlərinə muxtariyyət verilməsi təklifi yer alıb. Bu, Ankaranın Suriyanın gələcəyi ilə bağlı mövqeyinə tamamilə ziddir.

Moskvadan kürəyə zərbə: Ankaranın “qırmızı xətt”i TƏHLÜKƏDƏ
Suriya kürdlərinə muxtariyyət verilməsi təklif edilir.
Moskva Ankaranın maraqlarına zidd olan daha bir addım atıb. Rusiya PYD (PKK terror təşkilatının Suriya qanadı – red.) terror təşkilatından 3 nəfəri Moskvaya dəvət edib. Bu haqda “Sputnik” agentliyinə PYD-nin Fransa üzrə nümayəndəsi Xalid İsa bildirib.
PYD-nin nümayəndə heyəti sabah səhər saatlarında Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək. Nümayəndə heyətində Xalid İsa ilə yanaşı, Kobani kantonundan Ənvər Müslim və PYD-nin həmsədri Asiya Abdullah təmsil olunacaq.
Sergey Lavrovla keçirilən görüşdə Suriya müxalifətinin təmsilçiləri də iştirak edəcək. Görüş həmçinin fevralın 8-də Cenevrədə keçirilən Suriya üzrə danışıqlara hazırlıq xarakteri daşıyacaq.
ABŞ prezidenti Donald Trampın ABŞ Müdafiə Nazirliyi (Pentaqon) və Dövlət Departamentinə verəcəyi təlimat isə Rusiyanın Suriya ilə bağlı siyasətinə qarşıdır. “Reuters” agentliyinin Vaşinqtondakı mənbələrə istinadən verdiyi məlumata görə, Tramp Suriyadakı mülki əhali üçün təhlükəsiz bölgələrin yaradılması ilə bağlı Pentaqon və Dövlət Departamentinə təlimat verəcək.
ABŞ-ın yeni administrasiyasının hazırladığı “əcnəbilərin terror hücumlarından ölkəni qorumaq” başlıqlı qanun layihəsinin altıncı maddəsində “Suriya xalqının qorunması üçün təhlükəsiz zonaların yaradılması” təklif olunacaq. Trampın təlimatına görə, təhlükəsizlik bölgələrin yaradılması üçün Pentaqon və Dövlət Departamenti üç ay içində plan hazırlamalıdır.

Gözlənildiyi kimi, Kremlin Vaşinqtona cavabı sərt olub. “ABŞ təhlükəsizlik bölgəsi yaratmamışdan öncə bunun nəticələrini düşünməlidir”, - deyə Kremlin açıqlamasında bildirilir.

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyn Müftüoğlu mövzu ilə bağlı açıqlamasında prosesləri izlədiklərini deyib: “Bu məsələni Türkiyə uzun müddətdir təklif edirdi. Məsələ konkretləşəndə baxacağıq, hazırda prosesləri təqib edirik”.

ABŞ BMT-də daxil olmaqla bir sıra beynəlxalq təşkilatların maliyyələşdirilməsini azaltmağı planlaşdırır. Bu barədə informasiyanı “Nyu York Tayms” qəzeti özünün etibarlı mənbələrinə istinadən yayıb.
Qəzet Trampın birinci sərəncamında BMT və ya digər beynəlxalq təşkilatların maliyyələşdirilməsinin minimum 40 faiz azaldılmasının yer aldığını bildirib. Maraqlı məqam odur ki, azalma yalnız beynəlxalq təşkilatların öz sıralarında Fələstin Milli Administrasiyası və ya Fələstin Azadlıq Təşkilatına yer verəcəyi, eləcə də İran və Şimali Koreyaya qarşı sanksiyalardan yayınma zamanı tətbiq olunacaq. Yeni sənəddə həmçinin terrorizmə sponsorluq edən istənilən dövlətin təsiri altında olan təşkilatın maliyyələşdirilməsinin tam dayandırılması da yer alıb.
ABŞ prezidenti Meksika ilə sərhəddə inşa olunacaq divarın pulunu qarşı tərəfdən alacağına söz versə də, bu, Tramp üçün o qədər də asan başa gəlməyəcək. Meksika prezidenti Enrike Penya Nyeto xalqa müraciətində söyləyib ki, Meksika ABŞ-la sərhəddə çəkiləcək divar üçün heç bir ödəniş etməyəcək.
Pensilvaniyada yaşayan FETÖ lideri Fətullah Gülənin ABŞ-ın yeni prezidenti Donald Trampa məktub ünvanlandığı ortaya çıxıb. “Türkiyə” qəzetinin köşə yazarı Fuat Uğur Gülənin məktubunda nələrin olduğunu yazıb.

Trampı təhdid etdi: “Məni təslim etsəniz...” - ŞOK MƏKTUB
"Əgər bizə sahib çıxsanız, sizinlə daha aktiv şəkildə işləyərik".
Ukrayna hökuməti Krımın reinteqrasiyası üzrə sənədi hazırlayır. Bunu Ukraynanın müvəqqəti işğal olunmuş ərazilər və daxili köçürülmüş şəxslərin məsələləri üzrə naziri Vadim Çernış deyib.
Hökumət yanvarın ortasında Ukraynanın şərqində Kiyevin nəzarəti altında olmayan ərazilərin reinteqrasiyası üzrə planı təsdiq edib. “Hazırda Krım üzrə oxşar sənəd hazırlanır. Sənəd ictimaiyyət və beynəlxalq partnyorlarla müzakirə ediləcək”, - deyə Vadim Çernış “Ukraynskaya Pravda” nəşrinə müsahibəsində deyib.
Nazir dəqiqləşdirib ki, sənəddə iqtisadi əlaqələrin bərpa edilməsindən söhbət getməyəcək.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz