0

Ərdoğanın Bakı marşrutunu dəyişməsinin ilginc səbəbi

Baxış: 2 757

Azərbaycanın da daxil olduğu böyük bir bölgədə yeni gərginlik ocağı yetişir; rusiyalı siyasi texnoloqdan sensasion iddia: “Türkiyə və İran referenduma görə Suriya və İraqda genişmiqyaslı əməliyyata başlayacaq...”

İraq Kürdüstanı muxtariyyətində keçirilməsi nəzərdə tutulan 25 sentyabr referendumu yaxınlaşdıqca bölgə və onun ətrafında siyasi gərginlik də artır. Ötən saylarımızda vurğuladığmız kimi, Türkiyə, İran, İraq, Suriya və digər ərəb ölkələrinin, Rusiyanın əleyhinə olduğu, ABŞ və Avropanın isə isti yanaşmadığı bu referendum gerçəkdən də bölgədəki kövrək təhlükəsizliyi altına qoyulan növbəti bomba effekti yarada bilər.

Hətta miqyasına görə bu, yeni bir İŞİD təhlükəsi ilə də müqayisə oluna bilər. Odur ki, qonşu dövlətlərin, xüsusilə regional supergüc olan Türkiyənin və İranın narahat olması, Ankara və Tehranın profilaktik tədbirlər görməyə başlaması tamamilə məntiqli görünür.

Şübhəsiz ki, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqerinin ötən ay Ankaraya etdiyi səfərin əsas hədəflərindən biri məhz “kürd mövzusu” olub. Ankarada Baqeri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmüşdü. Bu səfərdən az sonra isə Türkiyə liderinin İrana səfərə hazırlaşdığı haqda məlumat yayıldı.

Vəziyyətin kritikliyə üz tutmasının daha bir əlaməti kimi isə Pentaqon başçısı Ceyms Mattisin ötən ay bölgəyə səfər edərək, məxsusən İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzani ilə görüşməsi və onu referendum ideyasından çəkindirmə çalışmasını qeyd eləmək olar. Bəllidir ki, Bərzani ona imtina cavabı verib. Bu görüşün ardınca Mattis Ankaraya yollanmışdı.

*****

Regionda yetişməkdə olan növbəti təhlükəli vəziyyət və ondan mümkün çıxış yolları xarici analitiklərin də diqqət mərkəzindədir. Musavat.com-un məlumatına görə, bu xüsusda rusiyalı tanınmış siyasi texnoloq, “Dünya birliyi” dövlətlərarası ictimai-siyasi teleradio jurnalının təhqiqatlar xidmətinin redaktoru Denis Korkodinovun PolitRUS.com saytındakı məqaləsi aktual olmaqla yanaşı, maraq doğurur. Onu ixtisarla təqdim edirik:

“25 sentyabra təyin edilmiş referendum nəticəsində Suriya və İraq ərazilərində Türkiyə ilə İran geniş miqyaslı hərbi əməliyyata başlayacaq. Bu zaman İsrail, İraq, Rusiya və ABŞ Ərdoğanla münasibətləri korlamamaq üçün yəqin ki, nisbi neytrallıq saxlayacaq. Hələ yada gəlmir ki, Vaşinqton, Moskva, Bağdad, Tehran və Dəməşqin mövqeyi Yaxın Şərqdə xarici siyasətin aparılmasının perspektivləri baxımından üst-üstə düşsün. Ancaq kürdü referendumu öz korrektivlərini edib.

Nəticədə əsas beynəlxalq oyunçular praktik olaraq bir şeydə yekdil olublar ki, kürdlərə müstəqillik vermək olmaz.

Bu mənada 25 sentyabr səsverməsi Yaxın Şərqdəki böhranın yeni formada qızışması üçün son təhrikedici stimul ola bilər. Kürdüstanın regional hökuməti nümayəndələrinin dediklərinə görə, əgər müstəqilliyə seçicilərin mütləq əksəriyyəti, yəni 2.5 milyon adam səs versə, o zaman Suriya, İraq, Türkiyə və İrandan kürd torpaqlarının qoparılması prosesi geridönməz xarakter alacaq. Bu xüsusda İraq hökuməti rəsmi bəyanatla çıxış edərək, heç bir halda referendumun nəticəsini tanımayacağını bildirib.



Ancaq İŞİD-lə qarşıdurma bataqlığına düşmüş İraq ordusu kürdlər sarıdan təhlükələri dəf eləmək dərəcəsində güclü deyil. Bundan əlavə, Kürdüstanda İraqın hərbi bazaları da mövcud deyil. O üzdən Bağdad öz ərazi bütövlüyünün təmin edilməsi üçün Ankara, Moskva və Tehranla birləşməli olacaq. Belə bir addım kürdlərin əli ilə olmasa da, Türkiyənin həlledici yer aldığı beynəlxalq koalisiyanın əli ilə öz müstəqilliyini itirmək riski ilə üzləşən İraq üçün olduqca ağrılı olacaq.

İran da 25 sentyabr referendumunun yekununa görə kürdlərin ayrılmasında maraqlı deyil. Məhz buna görə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqeri Ankaraya rəsmi səfər edib və bunun ardınca Türkiyə lideri Ərdoğan Tehrana gedəcək. Hədəf - kürdlərin mövqeyinə qarşı genişmiqyaslı hərbi hücum üçün addımları uzlaşdırmaqdır. Bu zaman İran, Rusiya, Suriya, İsrail və ABŞ baş verənlərə müvəqqəti “göz yummağı” üstün tutacaq. Nədən ki, kürd referendumu özündə bütün geosiyasi sistemin təzədən qurulması təhlükəsini daşıyır ki, bu da praktik olaraq, bütün beynəlxalq oyunçuların maraqlarına ziddir.



Rəsmi Tehran isə kürd referendumunu önləmək üçün bütün bunlarla yanaşı, üstəlik, istisna bir əsasa malikdir. Məsələ ondadır ki, İraq kürdləri mühüm həmsərhəd ərazilərə nəzarəti həyata keçirir. Belə ki, onlar İranla Suriya arasında çox vacib əraziləri nəzarətdə saxlayırlar. Bu ərazilər isə Tehranın maraqlar dairəsinə daxildir. İran həmin ərazilərdən Aralıq dənizinə çıxmaq üçün quru dəhliz qismində istıfadə eləmək niyyətindədir. Aydın məsələdir ki, kürdlər həmin ərazilərə nəzarəti ələ keçirməyə imkan verməyəcəklər. Ona görə də iranlılar türklərin qismində özlərinə müttəfiq tapmalı olacaqlar.



Vaşinqtona gəlincə, Yaxın Şərqdə vəziyyətin daha qaynar şəkil ala biləcəyini anladığından, ABŞ da müəyyən narahatlıq keçirir. Əks halda, Pentaqon başçısı Ceyms Mattisin Ərbildə olmasının və Bərzani ilə görüşməsinin zəruriliyini nə ilə izah eləmək olar? Açıq mənbələrdən bəllidir ki, Amerikanın müdafiə naziri Bərzanidən təkidli şəkildə xahiş edib ki, referendumu qeyri-müəyyən müddətə təxirə salsın. Lakin buna inkar cavabı verilib.



Referendumun keçiriləcəyi təqdirdə kürd silahlı qruplaşma - “Pəşmərgə” üçün yeni yaranmış dövləti İran və Türkiyənin təzyiqindən qorumaq çox çətin olacaq. Problem heç də onda deyil ki, Kürdüstanın regional hökuməti öz aralarında düşmənçilik edən klanlardan ibarətdir. “Pəşmərgə”nin ən zəif yeri - kifayət qədər ağır texnikaya malik olmamasıdır. Bu isə Ankara və Tehrana imkan verir ki, kürd əraziləri praktik olaraq, itki vermədən öz nəzarəti altına alsın".

*****

Beləliklə, Türkiyə prezidentinin sentyabrın 10-11-də Bakıya nəzərdə tutulan səfərinin təxirə salınmasının əslində daha bir ilginc motivi üzə çıxmış olur. Tamamilə mümkündür ki, 25 sentyabr referendumu ərəfəsi rəsmi Ankara, qardaş ölkə rəhbərliyi və konkret olaraq, prezident R.T.Ərdoğan diqqəti maksimim şəkildə İraq Kürdüstanındakı referendumsonrası dönəmə yönəltməyə və bütün mümkün kolliziyaların qarşını almaq üçün effektli səfərbərlik və ön tədbirləri görməyə kökləniblər. Vaxt isə həqiqətən azdır. Gerisayım başlayıb...

Siyasət şöbəsi

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz