0

Eldar Mahmudov Abdin Fərzəliyevi necə cəzalandırıb?

Baxış: 1 429
Paytaxtın Nərimanov rayonunun icra başçısı sabiq nazirin qorxusundan özünə aid olmayan işə girişib və 50 min ziyana düşüb

Hazırda məhkəməsi davam edən MTN generallarının cinayət işində Əliəsgər Əliyev adlı bir adamın adı keçir. O, zərərçəkmiş qismində tanınıb.

MTN işi üzrə istintaq əvvəlcə bir icraatda getsə də, sonradan hissə-hissə ayrıldı. Yəni ayrı-ayrılıqda məhkəməyə göndərildi. Məsələn, Akif Çovdarov onun tabeliyində işləmiş üç nəfərlə birlikdə mühakimə olunur. MTN-in Antiterror Mərkəzinin rəisi olmuş general Elçin Quliyev isə keçmiş işçisi Azər Mehdiyevlə hakim qarşısına çıxarılıb. Əliəsgər Əliyevlə bağlı epizod da MTN işinin Elçin Quliyevgilə aid hissəsindədir.



Bu Əliəsgər Əliyev kimdir və onun bu məsələlərə nə aidiyyəti var?

Mərdəkan qəsəbəsində, Abşeron sanatoriyasının yaxınlığında üç yanaşı tikilmiş imarətlər olub – Elçin Quliyevin, onun müavini, həbsindən iki ay sonra – 2015-ci il dekabrın 20-də Kürdəxanı təcridxanasında müəmmalı şəkildə dünyasını dəyişmiş İlqar Əliyevin və MTN-in Xəzər, ardınca da Binəqədi rayon şöbələrinin rəisi olmuş Rafiq Səfərovun. Bu evlərin yerləşdiyi torpaq ərazisi Əliəsgər Əliyevdən alınıb.

Məmurların yanaşı imarətləri…

Əliəsgər Əliyev deyir ki, 2005-ci ildə Bağlar idarəsindən atası Ağababa Əliyevin, qardaşı Fərhad Əliyevin, bacısı Nailə Yavərovanın və dostu Aydın Allahverdiyevin adına hər biri 25 sot olan 4 bağ sahəsi alıb. 2011-ci ildə bu bağ sahələrindən qardaşının adına olan 25 sotluq ərazini 50 min manata satmaq qərarına gəlib. Bu haqda Xəzər Rayon İcra Hakimiyyətində işləyən Ələkbər adlı tanışına deyib. O da öz növbəsində MTN-in Xəzər rayon şöbəsində işləyən Heydər adlı tanışı ilə birlikdə gəlib əraziyə baxıb, 25 sot daha bir bağ sahəsi almaq istədiklərini deyib. Onda Əliəsgər Əliyev dostinun adına olan bağ sahəsini də satmağa razılaşıb. MTN əməkdaşı bağ ərazilərindən birinin pulunu – 50 min manatı versə də, ikincinin pulunu yaxın bir neçə gündə ödəyəcəyini deyib. Həmçinin bildirib ki, bu bağ ərazilərindən biri MTN-in Antiterror Mərkəzinin rəisi Elçin Quliyev üçün, o biri isə MTN-in Xəzər şöbəsinin rəisi Rafiq Səfərov üçün alınır.

“Təxminən 10-15 gün keçəndən sonra ikinci bağın pulunu almaq üçün Heydərə zəng vurdum. Dedi ki, satdığım torpaq Bağlar idarəsinə aid deyil, guya onlara verdiyim sənəd saxtadır, ona görə pulu verməyəcək. Dedim ki, şikayət eləyəcəm. Cavab verdi ki, başıma oyun açarlar. General Elçin Quliyevin adını çəkdi. Mən də vəzifədə olduqlarını, pislik edə biləcəklərini düşünüb, onlardan pulu istəmədim, heç yerə də şikayət eləmədim”, – Əliəsgər Əliyev belə deyib.

2013-cü ildə atasının adına olan 25 sotluq bağ sahəsini də satmaq qərarına gələn Əliəsgər Əliyev bu dəfə torpağı 37 min 500 manata satmağa razılaşıb. Xəzər rayon İcra Hakimiyyətində işləyən tanışı deyib ki, bir nəfər var, 30 minə almağa razıdır. Əliəsgər Əliyev razılıq verib və Rövşən adlı şəxsə satılıb. Pul da ödənilib. Həmin Rövşən Abbasov da MTN-nin Xəzər rayon şöbəsinin rəisi Rafiq Səfərovun bibisi oğlu imiş…


Zərərçəkmişin sözlərinə görə, bir gün sonra Rövşən ona zəng edərək, torpağın sənədinin saxta olduğunu deyib, verdiyi 30 min manatın 5 min manatını geri istəyib. Bundan əlavə, bacısının adına olan 25 sotluq o biri bağ sahəsini də tələb edib: “Rövşən mənimlə danışarkən Rafiq Səfərovla da zəngləşib, məsləhətləşirdi. Onların MTN-də işlədiyini nəzərə alıb, məni şərləyib həbs eləyəcəklərindən qorxdum. Ona görə də 5000 manatı da qaytardım, bacım Nailənin adına olan torpağı da etibarnamə ilə Rövşənə verdim. Yəni bacımın adına olan torpağı 30 minə satmaq istədiyimiz halda, əlimizdən pulsuz alındı”.

Rövşən Abbasov isə istntaqa ifadəsində deyib ki, alınan bütün bağ ərazilərinin pulu ödənilib. Bağ ərazilərindən üçündə Elçin Quliyev, İlqar Əliyev və Rafiq Səfərov üçün ev tikilib. Dördüncü bağ ərazisi isə Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Vaqif Həsənov üçün alınıb.

MTN generalının evinə görə məcburi köçkünlər çıxarılıb

Rövşən Abbsovun ifadəsindən o da məlum olur ki, sözügedən ərazidə məcburi köçkünlər məskunlaşıbmış. Amma MTN generalı Elçin Quliyev Qaçqınların və Məcburi köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov vasitəsilə məsələni həll eləyib.

Onun sözlərinə görə, Elçin Quliyev kimdənsə xahiş edərək, Mərdəkanda tikdirdikləri evə torpağın dövlətin mülkiyyətində olmasına baxmayaraq, çıxarış da alıb.

Amma cinayət işinin materiallarında mülkiyyət çıxarışını kimin necə alması ilə bağlı daha ilginc ifadə var. Bu da MTN-in şöbə rəisi, sözügedən ərazidə tikilmiş evlərdən birinin sahibi Rafiq Səfərovun ifadəsidir. Onun dediklərindən belə aydınlaşır ki, sən demə, bu torpaqlara mülkiyyət çıxarışı almaq üçün xərci həm də Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çəkib.

Abdin Fərzəliyev Rafiq Səfərovun qaynıdır.

Əmlak Komitəsi dövlət mülkiyyətində olan torpaqları MTN-çilərə necə verib?

Rafiq Səfərovun sözlərinə görə, 2011-ci ildə general Elçin Quliyev onu yanına çağırıb, İlqar Əliyevlə birlikdə Xəzər rayonu ərazisində bağ evi tikmək istədiklərini deyib, bağ sahəsi tapmağı tapşırıb. Sözügedən bağ sahəsi tapılandan sonra Elçin Quliyev və İlqar Əliyev gəlib ora baxıblar. Bundan sonra həmin torpaq ərazilərinin pulu ödənilərək alınıb.

“Hasarın tikintisinə başlayanda orada məskunlaşmış 3 məcburi köçkün ailəsi tikintiyə icazə vermədi, onlarla qarşıdurma yarandı. Təxminən 5 ay ərzində Əliəsgərgil satdıqları torpaq sahələri üçün çıxarışlar ala bilmədi. Onlar çıxarış üçün Əmlak Komitəsinə müraciət etsələr də, rədd cavabı almışdılar. Elçin Quliyevin yanında rüsvay oldum. Bir neçə aydan sonra Elçin Quliyevə torpağın sənədlərində problem olduğunu demək məcburiyyətində qaldım. Əliəsgər Əliyev torpağın pulunu da qaytarmaq istəmirdi. Deyirdi ki, pulu xərcləyib. Bir müddət sonra Elçin Quliyev məsələni keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova məzruzə elədi. Ardınca da məni yanına çağırıb nazirin dediklərini çatdırdı. Nazir tapşırıb ki, torpaq sahələrinə çıxarış almaqda köməklik etməsi üçün qaynıma – Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevə müraciət edim”, – Rafiq Səfərovun ifadəsindəndir.

Onun sözlərinə görə, özəlləşmə üçün 25 min Elçin Quliyev göndərib, 25 min də özü qoyub: “Abdin Fərzəliyev maraqlanıb mənə dedi ki, sotu 2000 manata özəlləşdirirlər. 50 sot üçün 100 min lazımdır. Mən Elçin Quliyevin verdiyi 25 mini də, özüm düzəltdiyim 25 mini də Abidin Fərzəliyevə göndərdim. Qalan xərcləri isə onun özü çəkdi”.

Rafiq Səfərov onu da qeyd edib ki, torpaq sahəsi özəlləşdiriləndən sonra özəlləşmə prosesində qaynı Abdin Fərzəliyev də köməklik göstərdiyi üçün 50 sotluq ərazidən ona da bağ evi tikdirməsi üçün yer ayrılmasına Elçin Quliyevdən razılıq alınıb.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz