0

Hakimiyyət Moskva ilə buzları əridir - Pərdəarxası...

Baxış: 800
Azərbaycanla Rusiya arasında əlaqələr son dövrlərdə daha da möhkəmlənən dövlətlərarası münasibətlərə, dostluğa, mehriban qonşuluğa əsaslanır

Ulus.Az xəbər verir ki,
 bir vaxtlar münasibətlərdə mövcud olmuş soyuqluğa baxmayaraq, əlaqələr artıq strateji səviyyəyə yüksəlib. 

Münasibətlər beynəlxalq əməkdaşlıqdan tutmuş iqtisadi və hərbi sahələrə qədər geniş spektri əhatə edir, müxtəlif sahələrdə yüzdən artıq sənəd imzalanıb.

Azərbaycan və Rusiya prezidentlərinin son illərdəki rəsmi və işgüzar səfərləri bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın daha da genişlənməsinə güclü təkan verib. 

Bu səfərlər zamanı ikitərəfli iqtisadi-ticari əlaqələrin daha da gücləndirilməsini, qarşılıqlı informasiya mübadiləsini, hərbi-texniki və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutan mühüm sazişlər imzalanıb, yeni əməkdaşlıq tellərinin əsası qoyulub. 

Ən əsası hər bir səfər münasibətlərin strateji və dostluq xarakterini, iki ölkənin dost və tərəfdaş olduğunu təsdiqləyib.

İyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyevin Soçidə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü isə bir daha iki ölkə arasında əməkdaşlığın daim yüksələn xətt üzrə davam etdiyini göstərdi. 

Bu görüş xüsusilə son dövrlər Azərbaycanla Rusiya arasında ikitərəfli əlaqələrin inkişafında guya problemlərin olması ilə bağlı bəzi məkrli qüvvələrin məqsədli şəkildə yaydıqları fikirlərin əsassızlığını bir daha təsdiqlədi.

Ulus.Az xəbər verir ki, şimal qonşumuzda Azərbaycan-Rusiya münasibətlərinin inkişafını istəməyən, beləliklə, Rusiyanın dövlət maraqlarına qarşı çıxan qüvvələr mövcuddur. 

İki ölkə arasında əlaqələrin ildən-ilə yüksəlməsini xüsusən erməni lobbisi və onun təsiri altında olan bəzi ermənipərəst, antiazərbaycan dairələri və bəzi beynəlxalq dairələri narahat edir, bu münasibətlərə xələl gətirilməsinə cəhdlər göstərilir. 

Bir müddət əvvəl Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğv edilməsi də məhz həmin qüvvələrin məkrli fəaliyyətinin nəticəsi, iki ölkə arasındakı münasibətlərə kölgə salmaq cəhdi idi.

Lakin iki ölkənin münasibətlərinin xarakteri, dərinliyi və inkişaf perspektivi, habelə dövlət başçıları arasında mövcud olan qarşılıqlı etimad və dostluq belə cəhdlərin baş tutmayacağını və iflasa uğrayacağını şərtləndirən mühüm amillərdir. 

Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşü də göstərdi ki, heç bir qüvvə iki ölkə arasındakı münasibətlərə kölgə salmaq iqtidarında deyil. Həmin qüvvələr müəyyən mərhələdə istədiklərinə nail ola bilsələr də, son sözü iki ölkənin başçısı deyir.

Təbii ki, dövlət başçılarının görüşündə əsas müzakirə mövzularından biri də məhz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi olub.

Çünki son vaxtlar qəbuledilməz sayılan hazırkı status-kvonu saxlamağa çalışan Ermənistanın cinayətkar rejiminin daim cəbhə xəttindəki təxribatları səbəbindən vəziyyət gərgin olaraq qalır və işğal faktı aradan qalxmır. 

Rusiya münaqişənin dinc vasitələrlə nizamlanması üçün vasitəçilik missiyasında mühüm rola malikdir.

Görüş zamanı Rusiyanın dövlət başçısı ilə Azərbaycan Prezidenti arasında bu mövzuda söhbətin aparılması çox mətləbdən xəbər verir. 
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz