0

Partiya sədrindən çağırış: “Tağı Əhmədov təcili həbs olunmalıdır”

Baxış: 2 735
“Bu adam Azərbaycan xalqından 200 milyon dollar oğurlayıb, həmin məbləğ ondan alınıb büdcəyə yönəldilməlidir”

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovun son dərəcə ilginc korrupsiya cinayəti haqda faktları sadalayıb. Bildirib ki, ölkə rəhbərliyinin tapşırığı əsasında Tağı Əhmədov nəzarətə götürülüb, fəaliyyəti araşdırılıb. Məlum olub ki, T.Əhmədov büdcədən metropolitenə ayrılan milyonlarla manat pulu oğurlayıb və Xarici İşlər Nazirliyində çalışan oğlu Ruslan Əhmədov vasitəsilə offşor hesablara köçürüb.

Metro stansiyalarının giriş-çıxışındakı ticarət obyektlərindən T.Əhmədovun hakim olan oğlu Rauf Əhmədov adamları vasitəsilə hər üç ayda 5 milyon dollara yaxın vəsait toplayıb, həmin vəsaitin çox cüzi bir hissəsi-ildə 120 min manat T.Əhmədovun cibinə getməyib. Pulların böyük hissəsi isə T.Əhmədovun Dubaydan Moskvada qədər səpələnən biznes obyektlərinə, çoxsaylı əmlakların, bağ evlərinin, şadlıq saraylarının alınmasına xərclənib, ölkə daxilindəki bank hesablarına köçürülüb. A.Çovdarov deyib ki, T.Əhmədovun korrupsiya cinayətləri araşdırılarkən onun ümumilikdə 200 milyon dollara yaxın vəsaiti ələ keçirdiyini müəyyən ediblər. Həbsdəki general böyük büdcə pullarını mənimsəyən T.Əhmədovun hətta büdcədən və metropolitenin elektrik enerjisinə görə ödənməli olan 4 milyon manata da əl uzatdığını, həmin məbləği də oğurladığını deyib.


“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev “Yeni Müsavat”ın sorğusuna cavab olaraq deyib ki, hazırda metropolitenin hər hansı bir dövlət qurumuna borcu yoxdur: “2014-cü ildə cənab prezident Zaur Hüseynovu metropolitenə sədr təyin etdi. Tapşırdı ki, vəzifəsinin öhdəsindən layiqincə gəlsin. Ümumilikdə metropolitenin problemləri vardı və cənab prezident dəyişiklik etməklə həmin problemlərin həllinə nail oldu. Hazırda metropolitenin heç bir dövlət qurumuna borcu yoxdur”.


A.Çovdarovun məhkəmədə açıqladığı korrupsiya faktlarına T.Əhmədovun həyat yoldaşı Salatın Əhmədova münasibət bildirib. S.Əhmədova azvision.az-a deyib ki, həbsdə olan generalın Tağı Əhmədovun xaricdə mülklərinin və milyonlarla dollar dəyərində sərvətinin olması haqda məhkəmədə səsləndirdiyi fikirlər şər-böhtandır: “Bütün bu məlumatlar yalandır və həqiqəti əks etdirmir. Nə qədər şər-böhtan demək olar...”


                                                              Hafiz Hacıyev


Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev isə deyir ki, A.Çovdarov həbsdə olsa da, onun söylədikləri həqiqətdir və araşdırılmalıdır: “Akif Çovdarov sıradan bir şəxs deyil. Onun uzun illər rəhbərlik etdiyi idarə nəqliyyat sahəsində baş verənləri araşdırmaq səlahiyyətində olub. Tağı Əhmədovun həyat yoldaşının, özünün, 2 oğlunun nə deməsindən asılı olmayaraq Akif Çovdarovun məhkəmədə dedikləri dərhal cinayət işi başlanmaqla araşdırılmalıdır. Əlbəttə ki, Tağı Əhmədov çıxıb deməyəcək ki, 200 milyon dolları Azərbaycan xalqının cibindən oğurlamışam. Əslində faktlar ortalıqdadır. Qalır bir qovluq götürüb həmin faktları çap edib cinayət işinin vərəqləri kimi qovluğa yığıb təsdiqlətmək. Məhkəmə Tağı Əhmədovun barəsində həbs qərarı verməlidir. O vəzifədən çıxarıldı, maskalandı və getdi Yeni Azərbaycan Partiyasına, oldu Yasamal təşkilatının sədri. Həmin post ona zireh, həbs olunmamaq üçün lazım idi. Bu gün dövlət başçısına xəyanət edənlərin əksəriyyəti YAP üzvləridir. Məsələn, ”Rabitə işi"ni götürək. Məlum oldu ki, YAP-ın Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri, “Aztelekom”un sabiq rəisi Məhəmməd Məmmədov böyük korrupsiya ilə məşğul olub, büdcə pullarını oğurlayıb. Məhəmməd Məmmədov bu gün həbsdədir. Tağı Əhmədovu da təcili olaraq onun yanına göndərmək lazımdır. Əgər YAP-ın İdarə Heyəti varsa, təcili şəkildə onun məsələsini qoyub hakim partiyadan çıxarmalıdırlar. Bu adam Azərbaycan xalqından 200 milyon dollar oğurlayıb, bu məbləğ ondan alınıb büdcəyə yönəldilməlidir".


H.Hacıyev deyib ki, T.Əhmədovun mənimsədiyi büdcə pulları ilə təqaüdçülərin böyük qisminin təqaüdünü artırmaq olardı: “Yaltaqlana-yaltaqlana ölkəni talan ediblər, iqtisadiyyatı çökdürüblər. Düşünürəm ki, Tağı Əhmədov haqda deyilənlər yalan ola bilməz. Akif Çovdarov deyir ki, Tağı Əhmədovun mütəşəkkil cinayətkar dəstəsinin üzvləri metropolitendə büdcə pullarını oğurlayanda videolarını çəkiblər. Bundan yaxşı sübut, fakt ola bilərmi? Gedib Rusiyada köhnə vaqonları ”kraskalayıb" Azərbaycan dövlətinə yeni vaqon adı ilə satıblar. Köhnə vaqonla yenisi arasında fərqi Baş Prokurorluğun qapısında dayanan polis işçisi də müəyyən edə bilər. Tağı Əhmədovun oğurladığı 200 milyon dolları manata çevirsək və sosial layihələrə yönəltsək, təqaüdçülərin, aztəminatlı ailələrin gəlirlərini artırmaq olar. Azərbaycan həmin 200 milyon dollara nə qədər müasir tank, silah-sursat ala bilər. Məsələyə çox ciddi yanaşılmalıdır. Tağı Əhmədov həbs edilməsə, onun kimi vəzifədə olub oğurlamaq imkanı olan hər kəs ürəklənəcək, iştahlanacaq, deyəcək ki, Tağı Əhmədova nə etdilər ki, mənə də etsinlər və başlayacaq büdcə pullarını oğurlamağa. 200 milyon dollar böyük vəsaitdir. Azərbaycanın indiki durumunda həmin pullarla ölkədə turizm sektorunu qaldırmaq olar. Bu günə qədər Azərbaycanın büdcəsindən oğurlanan 150 milyard pulun 200 milyon dollarının yeri bilinib - Tağı Əhmədovun cibində imiş!"


H.Hacıyev deyir ki, həbs edilməli olan təkcə Tağı Əhmədov deyil: “Akif Çovdarov açıq-aşkar deyir ki, 18 milyon dollar pulu Tağı Əhmədovun Xarici İşlər Nazirliyində çalışan oğlu Ruslan Əhmədov xaricdəki offşor hesablara köçürüb. Metropolitendəki ticarət köşklərindən gələn pulları Tağı Əhmədovun hakim oğlu Rauf Əhmədov yığıb, toplayıb. Deməli, Tağı Əhmədov özünün korrupsiya cinayətlərinə hər iki oğlunu da şərik edib, mütəşəkkil cinayətkar dəstə yaradıb. Həmin dəstənin vasitəsi ilə büdcə pullarını mənimsəyib, büdcəyə yönəlməli olan pulları ələ keçirib. Buna görə də Tağı Əhmədovla yanaşı onun iki oğlu da korrupsiya cinayətlərinə görə həbs olunmalıdırlar. Tağı Əhmədov YAP-dan daldalanacaq kimi istifadə edir. Düşünürəm ki, mənim əziz qardaşım cənab prezident bu məsələdə qətiyyətli mövqeyini ortaya qoyacaq, xalq arasında danışılanları tamamilə təsdiq edəcək, deyəcək ki, qanun hamı üçündür. Bu gün Azərbaycanda qanun kasıblar üçündür. Akif Çovdarov Tağı Əhmədovun var-dövlətini, pul-parasını sadaladıqca adamın başının tükləri qalxır. Bu qədər mal-mülkü Tağı Əhmədov 1500-2000 manat maaşla yığıb toplaya bilməzdi axı! Oğurlayıb! Cənab prezident müşavirədə dedi ki, məmurlar nümunə olmalıdırlar. Tağı Əhmədov çox pis nümunədir. Büdcəni oğurlayan məmur kimi cinayət məsuliyyətinə cəlb edilməlidir. Biz dövlət başçısının yanındayıq, onun siyasi kursunu müdafiə edirik. Məhz buna görə də bu həqiqətləri deyirik”.


E.MƏMMƏDƏLİYEV
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz