0

Abel Məhərrəmov Ukrayna səfirinin tədbirini niyə pozub? – Politoloqla mətbuat katibi “söz dueli”nə çıxdı

Baxış: 174

Abel Məhərrəmov Ukrayna səfirinin tədbirini niyə pozub? – Politoloqla mətbuat katibi “söz dueli”nə çıxdı


“Deməli, noyabrın 15-də Bakı Dövlət Universitetində Ukraynada 1932-1933-cü illərdə aclığa məhkum edilən milyonlarla ukraynalının (“Qolodomor”) xatirəsinə həsr olunmuş dəyirmi masa keçirilməli idi. Dəyirmi masada Ukraynadan dəvət olunan alimin məruzəsi dinlənilməliydi. Dəyirmi masaya bir neçə gün qalmış Bakı Dövlət Universiteti tədbiri keçirməkdən imtina edib. Ukrayna səfirliyi kor-peşman şəkildə tədbiri noyabrın 15-də səfirlik binasında keçirəcək”.

Mia.az bildirir ki, bu sözləri politoloq Elxan Şahinoğlu sosial şəbəkədəki səhifəsində yazıb.

O qeyd edib ki, Ukraynada “Qolodomor” illərində 4 ilə 7 milyon insan arasında insan həlak olub:

“Bu Stalin rejiminin repressiyasıdır. “Qolodomor” olaylarını bütün dünya bilir və qəbul edir. Bunu Stalin rejimi edib, o rejim ki, məmləkətimizin də minlərlə tanınmış insanını ölümə məhkum edib. Yəni Stalinin etdiklərinin indiki Rusiya hakimiyyəti ilə əlaqəsi yoxdur.

Belə isə nədən və kimdən qorxursunuz? Bəlkə ehtiyat edirsiniz ki, Rusiyada kimlərsə Bakı Dövlət Universitetində “Qolodomor”a dair konfransın keçirilməsinə etiraz edər?

Bəs bir gün Ukrayna hakimiyyəti Kiyevdə Xocalı soyqırımı ilə bağlı tədbiri təxirə salsa və ya bizim qan yaramız olan hadisəyə etinasız yanaşsa nə deyəcəyik, necə reaksiya verəcəyik? Bu haqda düşündünüzmü?”.

BDU-nun mətbuat katibi Pərvanə İbrahimova isə siyasi qalmaqalla bağlı deyib ki, universitetə səfirlikdən belə bir məktub daxil olsa da, tədbirin noyabrın 15-də keçirilməsi ilə bağlı hansısa razılaşma olmayıb:

“Sadəcə, noyabrın 15-də universitetdə öncədən planlaşdırılmış tədbirlərin keçirilməsi səbəbindən həmin dəyirmi masanın başqa vaxta təyin edilməsi məsələsi gündəmdə olub. Yəni biz razılıq verib sonra tədbirdən imtina etməmişik, cədvəl səbəbindən həmin gün alınmayıb. Növbəti günlərdə belə bir tədbirin keçirilməsi müzakirə oluna bilər”.

Bu açıqlamadan sonra mətbuat katibi ilə politoloq arasında belə “söz dueli” belə davam edib:

– Hörmətli Pərvanə İbrahimova, Ukrayna səfirliyi təxminən bir həftə əvvəldən email vasitəsilə dəvətnamə göndərmişdi ki, noyabrın 15-də Bakı Dövlət Universitetində dəyirmi masa keçiriləcək. Kiyevdən alim dəvət olunub. Səbəb nə olursa-olsun Azərbaycana dost və strateji tərəfdaş olan ölkənin tədbirinin bu şəkildə yerinin dəyişdirilməsi bizə yaraşmadı.

– Elxan müəllim, dəvətnamə tədbirin dəqiq ünvanı, vaxtı razılaşdırıldıqdan sonra göndərilməli deyilmi?

– Dəvətnaməni Sizə göndərə bilərəm. Orada dəqiq ünvan, vaxt, yer və məkan dəqiq göstərilib.

– Sizə dəvətnamə göndərilməsinə şübhə ilə yanaşmıram. Sadəcə demək istəyərm ki, bu, tədbirin keçirilməsi ilə bağlı ümumi razılıqdan sonra edilsəydi yaxşı olardı.

– Pərvanə xanım, sirr deyilsə, noyabrın 15-də Universitetdə hansı mövzuda dəyirmi masa keçiriləcək?

Qeyd edək ki, sosial şəbəkədəki “duel”də politoloqun son sualından 30 dəqiqə vaxt ötsə də, BDU-nin mətbuat katibi məsələyə aydınlıq gətirməyib.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz