0

Zahid Orucdan Zamirə və Cahangir Hacıyevlə bağlı maraqlı təklif

Baxış: 329

Zahid Orucdan Zamirə və Cahangir Hacıyevlə bağlı maraqlı təklif

Regionların 33-ü büdcədən asılılığını gələn il aradan qaldıracaq. Bu, yaxşı hadisədir. Deməli, on il ərzində bölgələrə qoyulan 50 milyard manata yaxın vəsait orada müsbət nəticəsini verib.Yerdə qalan rayonlara növbəti ildə 840 milyon manat ayrılacaq.

Bununla belə, indiyədək bölgələrdə açılan zavod və fabriklərin heç də hamısı bazar iqtisadiyyatının minimum rəqabətinə dözməyib, bir qismi ya sıradan çıxıblar, ya da yarımgücü ilə fəaliyyət göstərirlər.

Oxu.Az xəbər verir ki, bunu parlamentin büdcə müzakirələrində Zahid Oruc deyib.

O qeyd edib ki, bir neçə gün əvvəl Quba rayonunda olarkən tonlarla almanın yerdə qalıb çürüdüyünü görüb. Bütün rayon üzrə bunun çəkisi min tonlara çatır, nəticədə, insanlara milyonlarla manat ziyan dəyir.

Onun sözlərinə görə, əvəzində nə qədər ürəkağrıdan mənzərə olsa da, bütün respublika bazarları İrandan gələn qurudulmuş alma-armud və digər meyvələrin sirkəsi, şirəsi ilə doludur:

“Bizim ekoloji təmiz meyvələrimiz isə rayonda istehsal gücü zəif olan zavodların ucbatından əhalinin qida rasionundan kənarda qalır və gündən-günə cavanlaşan xəstəliklərimizdə öz əksini tapır. Təklif edirəm ki, hökumət indiyədək regionlarda açılan müəssisələrin yararlılıq və istehsal imkanları haqda müfəssəl bir hesabat hazırlayıb dövlət rəhbərinə təqdim etsin və onun Milli Məclisdə geniş müzakirələri təşkil edilsin.

Bax, onda iş axtarışı ilə bölgədən paytaxta üz tutanlar azalacaq, Bakı şəhərinin əmək və mənzil bazarındakı gərginlik səngiyəcək. Bir qədər obrazlı desək, təkcə Quba rayonunda sahələrdə külə dönən yerüstü sərvətdən böyük bir “Apple” müəssisəsinin filialını açmaq olardı. Axı nəhəng korporasiyalar da milyonlarla manat dəyəri olan belə məhsullardan vaz keçmirlər”.

Millət vəkili daha sonra daha bir ağrılı məqama toxunub:

“Şəhid hərbi qulluqçuların ailələrinə verilən sığorta haqları ilə bağlı hökumətin atdığı addımları dəyərləndirmək istərdim. Xatırlatmaq yerinə düşər ki, məlum fərman 11 aprel seçkilərindən sonra prezidentin ilk qərarı idi və bununla da dövlət başçısı hamıya onu nümayiş etdirdi ki, torpaqlarımız uğrunda canından keçən insanlar onun nəzərində birincidir və dövlətin məhək daşları hesab olunur.

Azərbaycanın bütövlüyü uğrunda illərlə böyük iradə və misilsiz xidmətlər göstərən Ali Baş komandan əsgər və zabitlərin qədrini hamıdan yaxşı bilir. Həmin müqəddəs fərmanı ilahi mahiyyətinə uyğun da yerinə yetirmək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Kommersiya Sığorta Şirkətinin vəzifə borcudur.

Təəssüflər olsun ki, son iki ayda biz həmin ailələrin kütləvi xarakterli şikayət və müraciətləri ilə üz-üzə qalmışıq. Nə baş verir? Burada yaranan sualları aydınlaşdırmaq üçün qeyd etməliyəm ki, əvvəlki nazir Səlim Müslümov vəzifəsindən getsə də, onun keçmiş fəaliyyəti qanunsuz elan olunmayıb və elə olan halda hörmətli Səlim müəllimdən gətirəcəyim sitatı kimsə şübhə altına ala bilməyəcək. Fərmanın dərcindən bir gün sonra Səlim müəllim nazirliyin rəsmi saytında deyir: fərman 8800 ailəyə şamil olunacaq.

Deməli, belə bir hesablama həmin günlərdə aparılıb. İndi nə baş verir? Cavabdeh sığorta qurumunun yaşlı bir xanım işçisi həssaslıq və diqqət tələb edən minlərlə şəhid ailəsinin qarşısına iki ədəd köhnə, nimdaş bir dəftərlə çıxıb və sübut etməyə çalışır ki, o insanların çoxu haqsızdır.

O boyda qurum müasir texnologiyalarla həmin sənədləri bu on ildə kompüterləşdirə bilməzdimi?Sonra uydurdular ki, arxiv yanıb. Bu, necə ola bilər, axı, millətimizin tarixinin ən şanlı səhifələrini yazan adamların tərcümeyi-halı necə yana bilər?

O nimdaş dəftərlərdə olan qeydlərdən iqtibaslar gətirmək istəyirəm. Guya yaşlı bir ana oğlunun “yeddi”si çıxmamış gedib o pulu alıb. Yaxud, varis olmadığından iki yaşlı nənə və baba nəvələri üçün sığorta pulunu 40 mərasimi çıxmamış, hələ dərd soyumamış alıblar. Adicə çəkilən imza bunun saxta oldugunu göstərir. 90 yaşlı baba sanki Donald Trampın məlum mğhtəşəm qolunu çəkib”.

Millət vəkili hesab edir ki, buna inanmaq mümkün deyil:

“Ona görə düşünürəm ki, bu işin içərisində hansısa bir “qara əl” var. Adamlar gedib öz haqqını məhkəmələrdə sübut edir. Bu, yaxşı hal deyil. İndi də hüquqi varis məsələsini ortaya atıblar. Halbuki sadə vətəndaş belə düşünür ki, Londonda saray həbsxanasında olan Zamirə Hacıyevanın dəbdəbəyə xərclədiyi 130 milyon manatla 1988-1997-ci illərin bütün şəhidlərinin haqqını vermək olardı.

Cahangir Hacıyevin  milyardları ilə isə o şəhidlər hər il kompensasiya ala bilərdi. Ona görə  gələn ilin büdcəsində bu məqsədlə ayrılmış 50 milyon manatı böldükdə onu alacaq 4500 ailə ilə bağlı sığorta təşkilatı hər həftə cəmiyyətə məlumat verməlidir və o müqəddəs fərmanın ruhuna xələl gətirən bütün addımlardan daşınmalıdır”, - deyə Z.Oruc əlavə edib.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz