0

XƏSTƏXANA, YOXSA ANTİSANİTARİYA OCAĞI? - Fotolar

Baxış: 61

XƏSTƏXANA, YOXSA ANTİSANİTARİYA OCAĞI? - Fotolar


6 Saylı Uşaq Kliniki Xəstəxanasında uşaqlar şəfadan başqa hər şey tapa bilər…

Aşağıda gördüyünüz fotolar 6 Saylı Uşaq Kliniki Xəstəxanasında çəkilib. Xəstəxana adını daşımağa nə dərəcədə layiq olduğuna qiymət verməkdə çətinlik çəkdiyimiz bu müəssisə müharibədən təzə çıxmış SSRİ-nin hansısa ucqarında, yaxud yarıac Efiopiyanın dağılmış şəhərlərinin birində yox, günü-gündən gözəlləşən, parıltısı göz qamaşdıran Bakının demək olar ki, düz mərkəzində yerləşir.

Koroğlu Rəhimov küçəsindəki bu obyekt 1969-cu ildən bu günə kimi, respublikada yeganə allerqoloji və endokrinoloji mərkəz kimi fəaliyyət göstərir. Və onun durumuna nəzər yetirəndə belə qənaətə gəlmək olur ki, bu xəstəxana həmin dövrdən bu yana təmir üzü görməyib, elə 1969-cu ildə də qalıb, hətta zamanı biraz da geri çəkib.

Buraya il ərzində orta hesabla 5 – 6 min nəfər xəstə qəbul olunur. Qəbul olunan xəstələr tək Bakı şəhəri deyil, respublikanın bütün regionlarını, rayon və kəndlərini əhatə edir.

Buraya üz tutan balalarımız şəkər, vərəm, astma, kəskin nəfəs çatışmazlığı və digər bu tipli ağır xəstəliklərdən əziyyət çəkənlərdir. Ancaq tibb ocağı adlandırmağa adamın dili dönməyən bu antisanitariya yuvasında həmin uşaqların şəfa tapacağına inanmaq çox çətin gəlir. Üfunət iyindən xəstəxanaya baş soxmaq mümkün deyil, palatalardan, mətbəxdən tutmuş ayaqyoluna qədər, xəstələrin ixtiyarında olan hər yer bərbad vəziyyətdədir.

Elə həkim və tibb bacılarının balaca xəstələrə göstərdiyi xidmət də binanın ümumi vəziyyətindən az fərqlənir. Hətta “sistem şlanqı”nı da xəstələrə aldıran tibb personalı iynə vurmaqdan başlamış istənilən digər xidmətə görə pul alır. Bir sözlə, xəstəxanadakı ab-hava sözün həm birbaşa, həm də dolayı mənasında buradakı uşaqların xəstəliyinin yüngülləşməsindən çox ağırlaşmasına xidmət edir desək, heç də haqsız olmarıq.

Uşaqlar xəstəxanada yemək adı ilə verilən qidanı qəbul edə bilmədiyi üçün valideynlər özləri elə buradaca yemək hazırlamaq məcburiyyətində qalırlar. Lakin hər mərtəbədə sadəcə bir plitə olduğu üçün mətbəx adlanan otağın qapısında növbə yaranır, valideynlər az qala əlbəyaxaya çıxırlar, səs-küy binanı başına götürür. Və bu mühitdə də binəva uşaqlar şəfa tapacaqmış…

Əlbəttə ki, buradakı uşaqların düçar olduğu xəstəlikləri kimsənin övladına arzu etmək olmaz, ancaq onu deyə bilərik ki, bu ölkədə heç bir imkanlı məmur öz uşağının burada bir gün yox, bircə dəqiqə də qalmasına imkan verməz. Elə xəstə balaların valideynlərinə də diqqət yetirəndə, əksəriyyətin imkansız ailələrdən olduğunu görərsiniz. Onlardan Bakıda yaşayanları xəstəxanadakı dözülməz vəziyyət səbəbindən gecələr uşaqlarını da götürərək, öz evlərinə qayıdır, səhəri gün yenidən buraya üz tuturlar.

Rayonlardan gələn valideynlər isə elə burada gecələməyə məcburdurlar və dərdlərini deyəcəkləri bir yer də yoxdur. Bu üzdən sadəcə ümid edirlər ki, bəlkə nə vaxtsa xalqın gözü önündə ora-bura axıdılan milyardlardan bir neşə qəpik-quruş da onların xəstə övladlarının normal şəraitdə müalicə almasına yönəldiləcək…
 

azpolitika.info
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz