0

Attestatla qəbulun daha bir qurbanı: ŞİKAYƏTÇİ VAR

Baxış: 384

Attestatla qəbulun daha bir qurbanı: ŞİKAYƏTÇİ VAR

Xaricdə təhsil vəd edən şirkətlərin apardığı imtahansız qəbulda ciddi problemlər yaşanır. Xüsusən də qardaş Türkiyədə təhsilə artan maraq bəzi “işbaz”lara “yaşıl işıq” yandırıb. Attestatla Türkiyədə “tələbə olan” abituriyentlər isə çox zaman onlara verilən vədlərin qurbanı olaraq vətənə təhsilsiz qayıtmalı olurlar. Bu məsələdə “çirkli biznes”ə rəvac verən “işbazlar” özlərini bütün hallarda haqlı durumda saxlamağa çalışırlar. Çünki tərəflər arasında imzalanan müqavilələrin özlərində belə yanlışlıqlar olur.

Belə bir problemlə Beyləqan rayon sakini Şamama Hacızadə qarşılaşıb. “Cümhuriyət” qəzetinə müraciət edən şikayətçi iddia edir ki, İstanbul Eyitim Mərkəzi tərəfindən oğlu Sərvan Hacızadənin Türkiyədəki universitetlərdən birinə attestatla qəbul vədi verilib. Bunun üçün valideyndən 1000 manat pul alınsa da, qəbulda problem yaranıb. Qəbul sadəcə olaraq kağız üzərində aparılıb və Mərkəz verdiyi vədlərin heç birinə əməl etməyib:

“Oğlum orta məktəbi normal oxuyub. Atası dünyasını dəyişib. Arzusu oğlunun xaricdə təhsil alması idi. Yaxın adamlardan biri dedi ki, Türkiyədə oxumaq üçün Bakıda xüsusi təhsil mərkəzləri var. Bu mərkəzlər abituriyenləri müəyyən hazırlıq kurslarından keçirərək, Türkiyəyə qəbul etdirir. Hazırlıq kursu keçmədən imtahansız oğlumu Kastamonu universitetinə qəbul etdirdilər. Vəd verildi ki, Türkiyəyə yerləşdirmək, yol və 3 ay müddətində türk dili ilə bağlı hazırlıq kursu xərcləri İstanbul Eyitim Mərkəzi tərəfindən qarşılanacaq. Bunun üçün ilkin olaraq 1000 manat verdim. Heç bir müqavilə filan imzalanmayıb. Sadəcə, ödədiyim məbləğin qəbzi verilib”.

Qadının sözlərinə görə İstanbul Eyitim Mərkəzi tərəfindən verilən vədlərin heç biri yerinə yetirilməyib. Bu azmış kimi 3 gün sonra universitetdən oğluna bildirilib ki, qəbul olunmayıb, vətəninə dönsün:

“Yol, Türkiyədə yerləşmək və digər xərclərin hamısını özümüz çəkdik. Oğlum türk dilini təhsil səviyyəsində bilmir. Bunun üçün hazırlıq kursuna getməlidir. Kursa getməmiş isə universitet türk dilindən imtahan keçirib, o isə keçə bilməyib. İndi havada qalıb. Nə universitetə qəbul olunduğu bəllidir, nə də əksinə... Halbuki İstanbul Eyitim Mərkəzi həmin hazırlıq kursunun ödənişini boynuna götürmüşdü. Onu da deyim ki, tək oğlum deyil, həmin universitetə daxil olan 42 azərbaycanlı abituriyent də qəbul olunmadıqları üçün vətənə göndərilir. Anlamıram, buradan deyirlər ki, oğlunuz qəbul olub, sadəcə imtahan verməlidir ki, təhsilə başlasın. Universitet isə artıq bütün sənədləri oğluma qaytarıb ki, Azərbaycana dönsün”. 

Məsələ ilə bağlı İstanbul Eyitim Mərkəzinin mövqeyini öyrəndik. Mərkəzin rəsmisi Afət adlı xanım açıqlama vermək istəməsə də, vəziyyəti belə izah edib:

“Bizim mərkəzin işi abituriyentləri Türkiyə universitetlərinə yerləşdirməkdir. Şərtlər müqavilədə göstərilib. Aldığımız 1000 manat da bu xidmətə görədir. Sonrakı məsələlərə cavabdeh deyilik. Sərvan Hacızadə də qəbul olub, sadəcə, imtahandan kəsilib. Bu isə bizim problem deyil. Tələbə qəbul olunduğu universitetdə avaralıq edəcəksə, imtahandan keçməyəcəksə, yaxud başqa problemlər baş verəcəksə, bunun məsuliyyətini biz çəkmirik. Sərvan Hacızadənin orada bir neçə dəfə Türk dilindən imtahan vermək şansı var. Yəni 3, 6 və ya 1 il hazırlıq kursu keçib, imtahan verib, sonra universitetin tələbəsi ola bilər”.

Cebhe.info

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz