0

Dollar kreditləri vətəndaşları da bezdirib, bankları da... - TƏHLİL

Baxış: 291
Dollar kreditləri vətəndaşları da bezdirib, bankları da... - TƏHLİL

Son günlər problemli kreditlər məsələsi yenidən gündəmə gəlib. Hüquqşünas Əkrəm Həsənov Konstitusiya Məhkəməsinin məsələyə yenidən baxdığını bildirib. Söhbət məhkəmədə Mülki Məcəllənin 422-ci maddəsinin, yəni şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsi bəndindən gedir.

Məlum olduğu kimi, Konstitusiya Məhkəməsi daha öncə də problemli kreditlər məsələsinə baxmış və banklara tövsiyə xarakterli qərar çıxarmışdı. Artıq 3 ildən çoxdur ki, problem müzakirə olunsa da, hələ ki, optimal bir çıxış yolu tapılmayıb.

Mövzu ilə bağlı “Yeni Müsaavat”a danışan iqtisadçı-ekspert Rəşad Həsənov da bildirdi ki, Konstitusiya Məhkəməsi bu məsələdə konkret qərarlar qəbul edə bilmir. Çünki tərəflərdən biri özəl mülkiyyətdir və toxunulmazlığı var: “Banklar hər hansı formada Konstitusiya Məhkəməsinin qərarı ilə borcların silinməsinə sövq edilə bilməz. Bu zaman mülkiyyət hüququnun pozulması anlamışı daşıyar. O səbəbdən bu kimi hallarda Konstitusiya Məhkəməsi daha çox tövsiyə xarakterli qərarlar ortaya qoyur. 2015-ci ildə də bununla bağlı məhkəməyə müraciət olundu. Həmin dövrdə də Konstitusiya Məhkəməsi konkret öhdəliklər və ya çərçivə müəyyənləşdirə bilmədi. Burada əsas tərəflərdən biri də , əlində kifayət qədər səlahiyyətlər və imkanlar olan hökumətdir. Hökumət bu məsələdə mövqeyini ortaya qoymalıdır, problemi tənzimləməlidir. Təəssüflər olsun ki, ötən dövr ərzində hər hansı addım atılmadı. Səsləndirilən fikirlər də, daha çox tövsiyə xarakterli olub və bankların güzəştə getməsinə yönəlib”.

R.Həsənov bir məsələni də diqqətə çatdırdı ki, bankların vəziyyəti də 2014-cü ildən sonrakı dövrdə formalaşmış konyuktur fonunda heç yaxşı deyil: “Banklar həm kreditlərlə bağlı problemlər yaşayırlar, həm də portfelləri əhəmiyyətli dərəcədə kiçilib. Son bir ildə baş verən dəyişikliklərə nəzər salsaq, 2016-cı il və 2017-ci ilin əvvəllərində banklar faiz gəlirlərinin bir hissəsini konvertasiya gəlirləri ilə kompensasiya edirdilər. Valyutadəyişmədə iri marja tətbiq edərək gəlir qazanırdılar. 2017-ci ilin yarısından sonra bu imkanlar da aradan çıxdı və 2018-ci ildə də vəziyyət dəyişmədi. Banklar hazırda ən ağır resessiya yaşayan sektorlardan birinin təmsilçiləridirlər. Ona görə də, yükün birmənalı olaraq bankların üzərinə qoyulması doğru deyil və Azərbaycan qanunvericiliyinə də uyğun deyil. Qanuna görə borclar götürülübsə qaytarılmalıdır. Təbii ki, burada bankların özünün kredit siyasəti və portfelin sağlamlaşdırılması məsələsi də var. Məhz bu kimi hallarda onların da müəyyən qədər güzəşt etmə imkanları var. Kreditlərin restruktruzasiyası, faizlərin aşağı salınması, güzəştlərin verilməsi, yenidən krerditləşdirmə və sair bu kimi imkanlar tətbiq edərək öz portfelini sağlamlaşdıra və yenidən siyasətini davam etdirə bilər. Bu onların səlahiyyətləri daxilindədir və bir sıra banklar bu kimi addımlar atıblar. Amma kreditlərin restruktruzasiyası məsələnin həlli deyil”.

İqtisadçının sözlərinə görə, bu məsələdə problemi yaradan hökumətin verdiyi qərardır və bu mənada hökumət də yükün bir hissəsini çiyninə götürməlidir: “Hökumətin qəbul etdiyi qərarlar, xüsusilə də manatın devalvasiyası bu problemin kökündə dayanır. Ona görə də, idarəetmə orqanlarının qəbul etdiyi qərarlardan vətəndaşa və ya biznesə dəyən zərər hansısa formada hökumət tərəfindən kompensasiya olunmalıdır. Bu da öhdəliklərdən biridir. Lakin biz heç bir halda irəliləyiş görmürük. İndiki halda banklar öz imkanları daxilində düşdükləri bu bataqlıqdan çıxmağa çalışırlar. Lakin hazırda bankların kredit portfelinin hər 100 manatının 14 manatı problemli kreditlərə aiddir. Bu kifayət qədər böyük yükdür. Banklar son dövrlər müəyyən güzəştlərə gedir, krediti restruktruzasiya edir. Problemli kreditlərin strukturuna baxdıqda bəzi aylarda müəyyən azalmaların olduğunu da görmək olar, lakin sonradan yenə artır. Səbəb odur ki, bank restruktruzasiya etdikdən sonra krediti problemli kreditlər siyahısından çıxarır və normal kreditlər siyahısına salır. Amma problem həll olunmur, vətəndaş yenə də krediti qaytara bilmir və yenidən həmin məbləğ problemli kreditlər siyahısına qayıdır”.

Bu fikirlərin dəfələrlə həm parlamentdə, həm də digər qurumlarda səsləndirilməsinə baxmayaraq, hər hansı ciddi addımın atılmadığını deyən ekspert dövlətin mövqe ortaya qoymasını vacib hesab etdi: “Demək olar ki, həm borclular, həm də banklar taleyin ümidinə buraxılıb. Hökumət hər hansı mövqe ortaya qoymadı. Azərbaycan Beynəlxalq Bankı dövlətə məxsus olduğu üçün müxtəlif yollarla vəziyyətdən çıxarıldı. Lakin özəl sektora bənzər münasibət sərgilənmədi. Hesab edirəm ki, bu problem dərinləşməkdə davam edəcək. Bugünə qədər hökumətin səgilədiyi mövqedən onu başa düşürük ki, birmənalı olaraq bu öhdəlikləri üzərinə götürmək fikrində deyil. O baxımdan biz təklif vermişdik ki, ən azından öhdəliklər 3 tərəf - bank , dövlət və borclu arasında bərabər bölünsün. Dövlət buna gedərsə, həm borclular, həm də banklar problemin bu yolla həllinə razı olarlar”.
 
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz