0

Millət vəkilindən toylarda yemək verilməməsi qərarına DƏSTƏK - Axmaqlıqdan başqa bir şey deyil

Baxış: 1 235

Millət vəkilindən toylarda yemək verilməməsi qərarına DƏSTƏK - Axmaqlıqdan başqa bir şey deyil

 
Fazil Mustafa: "Şadlıq evləri mafiyasının əsarətindən milləti qurtarmaq lazımdır"

"Sevinc və kədəri bir tərəfə buraxıb özünə mənasız yerə əzab vermək, özünü maddi sıxıntıya soxmaq axmaqlıqdan başqa bir şey deyil"

Bildiyiniz kimi, ötən gün sosial şəbəkədə yayılan məlumatlarda qeyd olunurdu ki, bundan sonra Naxçıvan Muxtar Respublikasında toylarda yemək verilməyəcək. Belə ki, toylarda israfçılığın qarşısını almaq məqsədiylə bu tədbirə baş vurulduğu bildirilir. Bu barədə verilən informasiyada deyilir ki, sentyabrın 1-dən etibarən Naxçıvanda toy şənliklərində qonaqlara ancaq çay və şirniyyat təklif ediləcək.

Press-az.com Hurriyyet.org-a isitnadən xəbər verir ki, Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa sözügedən məsələyə münasibət bildirərkən, əgər Naxçıvanda toylarda israfçılığın qarşısının alınması üçün verilən qərar barədə xəbər doğrudursa, o zaman onu birmənalı dəstəklədiyini bəyan edib. "Öz mədəni həyatını doğru qura bilməyən cəmiyyətlərin inzibati yolla sağlam yaşam tərzinə alışdırmaqdan başqa yol qalmır" deyən millət vəkili hesab edir ki, toy, yas mərasimləri qarın otarmaq yeri deyil, yeni qurulan ailələrə, həyatdan köçənlərin yaxınlarına dəstək yeridir: "Kimsəni xərcə, sıxıntıya salmadan əylənmək də olar, kədərlərinə şərik olmaq da. Nəhayət ki, bu vəhşi toy adətimizdən, qeyri-mədəni yas mərasimlərimizdən qurtulmanın yolu tapılmalıdır. Hələ toy səviyyəsində keçirilən xınayaxdı, çiyər axşamı kimi tədbirlər də maddi və vaxt israfının mənasız formalarıdır. Yüksək məbləğə toya dəvət edilən müğəninin canlı səsini duymaq olmur, ancaq təkcə özünü nümayiş etdirməyə görə azərbaycanlı ona səxavətlə pul ödəyir. Harınlar üçün, şöhrətpərəstlər üçün kifayət qədər alternativlər var, Las-Veqas, Kanar adları, Mardan Palas, onlarla başqa qapalı ehtişamlı məkanlar, buyurub toylarını, məclislərini keçirsinlər, atəşfəşanlıq etsinlər, pullarını istədikləri qədər israf etsinlər".
Fazil Mustafanın fikrincə, normal ailə qurmaq istəyən sadə çoxluq üçün bu mərasimlər sadələşdirilməli, pullar yeni qurulan ailənin dirçəldilməsi üçün sərf olunmalıdır: "Şadlıq evləri mafiyasının əsarətindən milləti qurtarmaq lazımdır. Yas mərasimləri də hansısa ailənin üzüntü içində olan insanları üçün dəstək və kədərə şərik olma xarakteri daşımalıdır. Yoxsa borc içində batıb gələnləri yola salmağa müqəddəs vəzifə kimi baxan bir obrazdan insanlarımızı qurtara bilməyəcəyik. Sevinmək də lazım, kədərlənmək də, bu insan təbiətinə aid bir gerçək duyğulardır, ancaq sevinc və kədəri bir tərəfə buraxıb özünə mənasız yerə əzab vermək, özünü maddi sıxıntıya soxmaq axmaqlıqdan başqa bir şey deyildir".
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz