0

Xızıda həkimlər Hippokrat kimdir, bilmirlər... - GİLEY

Baxış: 194

Xızıda həkimlər Hippokrat kimdir, bilmirlər... - GİLEY


“Atam Geno Quliyev illərdir epilepsiya xəstəsidir. Lakin heç bir xəstəxana ona epilepsiya diaqnozu qoymur”.

Bu barədə Publika.az-a Xızı rayon sakini Yeganə Quliyeva müraciət edib.

Hazırda Sumqayıt şəhərində kirayə yaşadıqlarını deyən Y.Quliyev rəsmi olaraq Xızı rayonunda qeydiyyatda olduqlarını bildirib.

Onun sözlərinə görə, atasında vaxtaşırı epilepsiya tutmaları olsa da, Sumqayıt və Xızı rayon mərkəzi xəstəxanası ona epilepsiya diaqnozu qoymaq istəmir:

“Atamda ilk dəfə epileptik tutmalar 2006-cı ildə olub. O vaxtdan zaman-zaman tutmalar olurdu. Lakin tutmalar arası interval çox olduğundan və müəyyən qədər də imkansızlıqdan həkimə müraciətdə səhlənkarlıq etdik. İnterval qısaldığını müşahidə edəndən sonra Akdemik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında stasionar müalicə aldı və bu barədə epikrizlər var, Sumqayıt şəhər 1 saylı xəstəxanasına tutma zamanı müraciət etmişik, sonuncu dəfə isə Xızı rayon Mərkəzi Xəstəxanasında müalicə alıb və sonuncu epikriz də həmin xəstəxanadan verilib. Həmin xəstəxanalarda epikrizlərdə məhz epilepsiya diaqnozu qoyulmayıb. Sumqayıt şəhər xəstəxanası Xızı rayonunda rəsmi qeydiyyatda olduğumuzu əsas gətirərək diaqnoz qoymurlar. Xızı rayon mərkəzi xəstəxanasında isə atamın Sumqayıtda yaşadığını və tutmalarını da həmin ərazidəki həkimlərin izləyib diaqnoz qoymalı olduğunu deyir. Bütün xəstəxanalardan verilən epikrizlərdə ağırlaşma halı olmadığını deyirlər”.

Y.Quliyeva deyir ki, yeganə istəyi atasına düzgün diaqnoz qoyulub, xəstəliyi üzrə dərmanla təmin edilməsidir:

“Atamda epilepsiya tutmaları olanda hər dəfə Sumqayıt şəhər təcili yardıma müraciət etmişik. Bütün müraciətlərimiz barədə təcili yardım stansiyalarından stastistikanı almışam.

Mən mütəxəssis deyiləm, istəyirəm ki, atamın diaqnozu düzgün qoyulsun. Xəstədirsə, xəstəliyi yazılsın, sağlamdırsa, sağlam olduğu bildirilsin. Əsas istəyimiz odur ki, epilepsiya xəstəsi kimi dövlət tərəfindən verilən dərmanları alması üçün ona bu diaqnoz qoyulmalı, əlil olduğu təsdiqlənməlidir. Problem həllini tapmazsa, haqlarımı hüquqi müstəvidə tələb edəcəm. Bu barədə atamın həkimi Şahin Məmmədova da müraciət etmişəm. O da sonradan başqa bir şəxsi yanıma göndərib ki, heç kimə müraciət etməyim. Məsələ ilə bağlı bir dəfə Səhiyyə Nazirliyinə müraciət etmişəm. Nazirliyin cavabında bildirilir ki, “vətəndaşın qaldırdığı məsələ araşdırılsın, vətəndaşın özünə və Səhiyyə Nazirliyinə məlumat verilsin”. Lakin Nazirliyin bu tələbi yerinə yetirilmir. İkinci dəfə təkrar Nazirliyə müraciət etmişəm”.

Xızı rayon Mərəzi Xəstəxanasının baş həkimi Bəhdaş Nəbiyev Publika.az-a açıqlamasında bildirib ki, ekspertiza rəyində həmin şəxsin xəstəliyinə görə əlillik dərəcəsinin düşmədiyi qeyd olunur:

“Xəstə yaxınları onun Respublika Klinik Xəstəxanasında müalicəsinin nəticəsi barədə bizim xəstəxanaya epikriz gətirib. Biz də müayinələrimizin nəticəsini əlavə edərək Tibbi Sosial Ekspert Komissiyasına göndərmişik. Komissiya həmin şəxsin xəstəliklərinin ağırlaşmasına əlillik düşmədiyi ilə bağlı rəy verib. Yəni Geno Quliyevin xəstəliklərini nə qədər ağır yazsaq da, ona əlillik dərəcəsi verilə bilməz. Bu barədə cavab ailəyə verilib.

Respublika Klinik Xəstəxanasında, eləcə də bizim xəstəxanada 8 gün stasionarda müalicə aldığı müddətdə bir dəfə də olsun qıcolma olmayıb. Biz gətiriən epikrizlərə görə epileptik tutma diaqnozu təsdiq etmişik”.

Baş həkim onu da əlavə edib ki, G.Quliyevin təkrar müayinə edilib, epilepsiya diaqnozunun təsdiqlənməsi üçün ailə təkrar xəstəxanaya müraciət etməlidir:

“Xəstənin dövlət tərəfindəın pulsuz verilən dərmanları alması üçün o, ixtisaslaşmış şəhər xəstəxanasında yatmalıdır. Bunun üçün qızı bizim xəstəxanaya müraciət edib göndəriş almalıdır. Müraciət etsin biz ona göndərişi verəcəyik. Məsələn, xəstə Respublika Klinik Xəstəxanasının nevroloji şöbəsində yatmalıdır, dövlət tərəfindən verilən dərmanların onun mütəmadi qəbul etməsinin mütləq olduğu təsdiqləndiyi halda biz həmin dərmanları verəcəyik. Lakin onu da əlavə edim ki, ayda bir dəfə tutmalara görə epilepsiya xəstələri üçün yazılan dərmanın qəbul edilməsindənsə, ayda bir dəfə həmin tutmaların olması və ona tibbi yardımla problemin həll edilməsi daha yaxşıdır”
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz