Bakıda qanunsuz bina inşa edən tikinti şirkətinin rəhbəri həbs edilib » Press-az
0

Bakıda qanunsuz bina inşa edən tikinti şirkətinin rəhbəri həbs edilib

Baxış: 207

Bakıda qanunsuz bina inşa edən tikinti şirkətinin rəhbəri həbs edilib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə 4-cü mikrorayon sakinləri tərəfindən iyulun 12-də daxil olmuş müraciətə əsasən Komitənin əməkdaşları tərəfindən şəhərsalma nəzarəti çərçivəsində əraziyə baxış keçirilib. 

Baş Prokurorluqdan Oxu.Az-a verilən məlumata görə, Nəsimi rayonu, 3231-ci məhəllə, Cavadxan küçəsi, 68A ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasının qarşısında “Fidan” Mənzil-Tikinti Kooperativi tərəfindən tikintiyə icazə sənədi olmadan 16 mərtəbəli binanın tikintisinə hazırlıq işlərinə başlaması müəyyən edilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş Prokurorluğa təqdim olunmuş materiallar və kütləvi informasiya vasitələrində “Fidan” MTK-nın vəzifəli şəxslərinin çoxmənzilli binanın inşa edilməsi üçün torpaq sahəsini hasara alaraq orada qanunsuz tikinti işləri aparması ilə sakinlərin haqlı narazılığına səbəb olan qanunazidd əməlləri barədə əks etdirilmiş məlumatlar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

İlkin araşdırmalarla müəyyən edilib ki, həmin MTK-nın təsisçisi və sədri Şükürov Əli Şükür oğlu torpaq, şəhərsalma və tikinti sahəsindəki mövcud qanunvericiliyin tələblərini pozaraq 2018-ci ilin 1 iyul tarixindən etibarən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Bakı şəhəri, Nəsimi rayonu, 3231-ci məhəllə, Cavadxan küçəsi, 68A ünvanında yerləşən və dövlət mülkiyyətində olan 0,1182 hektar torpaq sahəsində özbaşına 371,3 kvadrat metr qeyri-yaşayış sahəsini söküb 1 girişli 16 mərtəbəli binanın özülü üçün qazıntı işləri aparıb.

Bununla Əli Şükürovun digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək özü və rəhbəri olduğu hüquqi şəxsin qanunsuz üstünlük əldə etməsi məqsədilə dövlətin şəhərsalma və tikinti fəaliyyəti sahəsində qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına şübhələr üçün əsaslar müəyyən edildiyindən faktla bağlı cinayət işi başlanıb.

Ə.Şükürova Cinayət Məcəlləsinin 188.2 (qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz