0

İSLAM DİNİ HEÇ BİR HALDA SUİ-QƏSDLƏRƏ HAQQ VERMİR -TAHİR ABBASLI

Baxış: 629
İslam dini heç bir halda sui-qəsdlərə haqq vermir -Partiya sədri

İyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında icra başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazova sui-qəsd edilməsi hələ də ölkə gündəminin əsas müzakirə mövzularından biri olaraq qalmaqdadır. Qeyd edək ki, cinayəti törədən - 1983-cü ildə Gəncə şəhərində anadan olan Yunis Səfərov dərhal həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutularaq tərksilah edilib. Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 29-cu, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanıb. Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Faktla bağlı görülən tədbirlər Azərbaycan Prezidentinin şəxsi nəzarətindədir. Bir çoxları Gəncədə baş verən hadisənin dini faktorla əlaqələndirilməsinə cəhd edir.

Mövzu barədə fikirlərini bölüşən Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri Tahir Abbaslı deyir ki, İslam dini heç bir halda sui-qəsdlərə haqq vermir:

“Sadə yolla desək, dini ideologiya 7 suala cavab verməlidir; mən kiməm, haradan gəlmişəm, hara gedirəm, nə etməliyəm, nə edə bilərəm, nə halaldır, nə haramdır. Gördüyünüz kimi, bu hədəflər arasında zorakılıq, sui-qəsd, zülm etmək, kimsənin haqqına girmək yoxdur. Dinin mahiyyətindən anlayışı olmayanlar çoxdur, ona görə də hər baş verən hər qanlı hadisəni aparıb dinə calayanlar var. Reallıq ondan ibarətdir ki, Azərbaycanda din və dövlət arasında körpü yaratmaq üçün müşavirlərə ehtiyac var. Dindarlar özlərini dövlətdən ayrı hiss etməməlidirlər. Din və cəmiyyət, din və dövlət arasındakı münasibətləri tənzimləmək, həımişə nəzarətdə saxlamaq üçün profilaktik tədbirlər keçirmək lazımdır”.
Müsahibimiz deyir ki, dindən sui-istifadə etmək, din adına çağırış etmək İslam adına ləkədir: “Baş verən cinayətləri dinlə bağlamaq olmaz. Şəxsi maraqlardan dolayı da insanların sabitliyini pozmaq kimi hallar baş verir və bu o demək deyil ki, baş verən hər qanlı hadisə haqq uğrundadır. “Din siyasətdən ayrıdır”, “din dövlətdən ayrıdır” deyirik amma dövlət təhlükəsizliyi məsələsində dövlətin aidiyyatı şəxsləri ilə mütləq məsləhətləşməliyik. Hər bir fərd rahat yaşamalıdır, müsəlmanıq deyə o demək deyil ki, bizə narazı qaldığımız kimsəyə təcavüz etməliyik. Bizə o ixtiyar verilməyib. Fərdi düşüncələri ilə əməllər törədənləri, insanları qətl edənləri dinə bağlamaq olmaz. Bu düşüncədən əl çəkmək lazımdır. O şəxslər din pərdəsi altında gizlənərək hadisələr törədir ki, onların dinin mahiyyətindən xəbəri yoxdur”.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz