0

Jurnalistlər Hüseyn üçün birləşdi

Baxış: 480
JURNALİSTLƏR YEKDİLLİKLƏ BƏXTİYAR FƏTULLAYEVİN ÖVLADINI TÖVSİYYƏ ETDİ
Məlum olduğu kimi, ATV telekanalında yayımlanan Maşın Realiyi Şou yarışmasının sonuncu qalibi müğənni Roza Zərgərli olub. Lakin o, maşından imtina edib və avtomobilin məbləğinin xeyriyyə məqsədilə sərf olunacağını bildirib. Müğənni bu işi verilişin aparıcısı Murad Dadaşova həvalə edib. Bəzi məlumatlara görə, Dadaşov da avtomobili Hacı Nuranın rəhbərlik etdiyi Həyat Fonduna bağışlayıb. Lakin bununla bağlı həmin şəxslərin açıqlamaları yoxdur.
Roza Zərgərlinin avtomibilin dəyərinin xeyriyyə məqsədilə sərf olunacağını açıqlamasından sonra, ölkənin aparıcı media qurumlarının, eləcə də digər sahələrin nümayəndələri vahid təşəbbüslə çıxış edib. Onlar təklif edib ki, həmin məbləğ (avtomobilin dəyəri təxminən 60 min manatdır) uzun müddət ATV-də çalışan, tanınmış jurnalist Bəxtiyar Fətullayevin Uşaq Serebral İflic xəstəliyindən əziyyət çəkən 9 yaşlı oğlu Hüseynin müalicəsinə sərf olunsun. Qeyd edək ki, Hüseyn doğuş zamanı həkimlərin məsuliyyətsizliyi üzündən beyin travması alıb, onun beyin hüceyrələri zədələnib. Hüseynin 9 yaşı olsa da, o nə yeriyə, nə də danışa, nə də qavraya bilir. Hazırda beynində dəyişilməz ölçüdə kista da var. Ağrılardan tez-tez, xüsusən də gecələr ağlayır. Uşaq Serebral İflic Xəstəliyinin əsaslı müalicəsi İsrail və Çin dövlətlərində mümkündür. Bu ölkələrdə müalicə xərcləri isə azı 45-50 min dollar təşkil edir.
Bəxtiyar Fətullayev oğluyla bağlı sosial şəbəkələrdə dəfələrlə müraciət edib. Hətta ATV-nin aparıcıları və tanınmış aktyorlar da Hüseynə dəstək məqsədilə videoçarxlar hazırlayıb. Kifayət qədər təsirli alınan videoçarxlarda tanınmış simalar xeyirsevər insanları xəstə balaya kömək etməyə çağırır. Qeyd edək ki, bu kimi uşaqların sağalma imkanları 10 yaşına qədərdir. Hüseynin isə cəmi 1 ili qalır. Bu üzdən Bəxtiyar Fətullayevin fəryadını anlamaq çətin deyil. Vaxt itirmədən Hüseynin müalicəsini davam etdirmək lazımdır. İndi belə bir əlverişli fürsət düşmüşkən, körpənin müalicəsi üçün imkanlar yaranır. Biz də jurnalistlərin təşəbbüsünə qoşularaq, həmin məbləği Hüseynin müalicəsinə sərf etməyə çağırırıq. Murad Dadaşov və Hacı Nuran xeyirxah insanlardır və inanırıq ki, onlar biz jurnalsitlərin təşəbbüsü geri çevirməz. Unutmayaq, hər bir yaxşı əməlin mütləq bir mükafatı vardır
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz