0

Deputat: İngilis dilində danışa bilmir, amma obyektinə ingilis sözü qoyur

Baxış: 433

Deputat: İngilis dilində danışa bilmir, amma obyektinə ingilis sözü qoyur

Vallah, bəzən elə bir küçəyə gedib çıxırsan ki, heç bilmirsən bura Azərbaycandır, ya yox. Mənasını bilmədikləri adları həmin küçədə yerləşən hansısa obyektlərə qoyurlar. Deyir, kasıb itinin adını gümüş qoyan kimi, indi bəziləri ingilis dilində bir kəlmə olsun danışa bilmir, amma götürüb obyektinə bir ingilis sözü ilə başlayan ad qoyur. Nə oxumaq olur, nə yadda saxlamaq olur, nə də mənasını bilirsən.

Press-az.com xəbər verir ki, bunu millət vəkili, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov deyib.

Qeyd edək ki, son illər elə həm ictimai müzakirələrdə, həm parlamentdə gedən fikir mübadilələrində yer, küçə, müəssisə, xüsusilə, şadlıq evləri, restoran və bahalı market və supermarketlərin adlarının Azərbaycan adları ilə uyğun gəlməməsindən, onların adlarının çox zaman öz dilimizdə deyil, əsasən əcnəbi dillərdə yazılmasından şikayətlər, narazılıqlar səslənir.

Amma bununla belə, bu yöndə problemlər qalmaqda, əksinə, gündən-günə daha da artmaqdadır. Bəs görəsən, bu məsələlərin həlli, tənzimlənməsi ilə bağlı qanunvericilikdə daha ciddi sərtləşdirmənin nəzərdə tutulmasının artıq vaxtı, zamanı deyilmi?

Bununla bağlı saytımızda açıqlama verən B.Sadıqov hesab edir ki, artıq bu məsələnin zamanıdır, qanunvericilik sərtləşdirilməlidir.

“Özü də bu barədə dəfələrlə deyilir, yazılır. Bu sahədə elə deyim ki, ən çox danışan da, yazan da jurnalistlərdir, qəzetçilərdir. Hərdən saytlarda da bu cür məsələlərə yer ayrılır”, - deyən millət vəkilinin sözlərinə görə, eyni zamanda burada prinsipiallıq, qətiyyət də lazımdır:

“Digər tərəfdən, axı, “Reklam haqqında” qanun qəbul etmişik. Həmin qanunda da o cür adları qadağan etmişik, yəni, əcnəbi adları, sonra mənası bilinməyən, aydın olmayan adları. Müvafiq qurumlar, reklamlara baxanlar var, nəzarət etməlidirlər.

Niyə gedib tələb etmirlər, niyə dəyişdirmirlər?

İndi biri tutaq ki, icazə verib, bir səhv edib, bunda da marağı olub-olmayıb, onu deyə bilmərik, amma əgər artıq bu fakt varsa və qanun sənə icazə verirsə ki, bu iş, bu vəzifə sənin öhdənə qoyulub, get məşğul ol da, niyə olmursan?

Ancaq bunlar elə məsələlərdir ki, burada tək qanunla hər şeyi tənzimləmək mümkün deyil, bir nəfər buna baxsın, etsin, belə olmaz, biz özümüz də imtina etməliyik.

Biz özümüz də elə obyektlərə girəndə hər dəfə deməliyik ki, ay kişi, bu nədir, düzgün ad qoymamısan.

Amma o adı qeydiyyata alanlar və ona nəzarət etməli olanlar, bax, bunlardan tələb etmək lazımdır ilk növbədə. Yəni, tələbkarlıq olsa və o cür adlar artıq ləğv olunsa, təzələrində də  əndrabadi adlar qoymaq istəyi aradan qalxar”.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz