0

Sərhəddə yaralanan əsgər medalla təltif olunub - FOTO + YENİLƏNİB

Baxış: 570

Sərhəddə yaralanan əsgər medalla təltif olunub - FOTO + YENİLƏNİB

Dövlət Sərhəd Xidməti (DSX) Cəlilabad rayonu ərazisində İranla sərhəddə baş vermiş insident barədə məlumat yayıb.

DSX-nın Mətbuat Mərkəzindən Press-az.com-a verilən məlumata görə, 2018-ci ilin 21 iyun tarixində saat 02:45 radələrində DSX Sərhəd Qoşunlarının Göytəpə sərhəd dəstəsinin Cəlilabad rayonunun Bayxanlı kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin pozulmasına cəhd edilib.

Baş vermiş hadisə zamanı sərhəd naryadının başçısı, Balakən rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Kurupov Ramazan Məmməd oğlu döş qəfəsi, əl və ayaq nahiyələrindən güllə yaraları alıb. Dövlət sərhədini pozmağa müvəffəq ola bilməyən sərhəd pozucuları geri qaçıblar.

Hadisədən dərhal sonra DSX rəisi, general-polkovnik Elçin Quliyev və digər rəhbər vəzifəli şəxslər əraziyə gəlib, hadisə yerinə baxış keçirib.

DSX rəisinin əmri ilə əsgər Kurupov Ramazan Məmməd oğlu xidməti vəzifələrinin icrasında göstərdiyi şücaətə görə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunub.

Hadisə ilə əlaqədar zəruri tədbirlər həyata keçirilir.

Fakt üzrə Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanılıb.
 

09:09

Azərbaycan-İran sərhədinin Cəlilabad rayonu ərazisindən keçən hissəsində silahlı insident baş verib.

Press-az.com Report-a istinadla verdiyi xəbərə görə, Azərbaycan sərhədçilərinə müqavimət göstərən sərhəd pozucuları ilə əsgərlər arasında atışma olub.

İlkin məlumata görə, atışma zamanı Balakən rayonundan olan əsgər Krupov Ramazan Məmməd oğlu güllə yarası alıb. Gənc sərhədçi Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz