Quldurlara cəza istənilib - FOTO » Press-az
0

Quldurlara cəza istənilib - FOTO

Baxış: 262

Bakı Ağır Cinayətlər Məhkəməsində Astara rayon sakinləri Rövşən Məmmədov və Şahlar Novruzovun CM-nin 29.120.2.1-ci (qəsdən adam öldürməyə cəhd, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 186.2.2-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Press-az.com-un məlumatına görə, ötən il iyunun 27-si, gecə saat 02:00 radələrində Xəzər rayonunun Zirə qəsəbəsi ərazisindəki bağ evlərindən birinə basqın edən naməlum şəxslər orada gözətçi işləyən İqor Vasinə küt alətlə xəsarət yetiriblər. 

Evdən təmir-tikinti alətləri və DVD aparatı götürərək hadisə yerindən qaçıblar. Yaralanan İ.Vasin xəstəxanaya yerləşdirilib.

Xəzər RPİ 1-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Rövşən Məmmədov və əvvəllər məhkum olunmuş Şahlar Novruzov tutulublar. Onların sözlərinə görə, İ.Vasini döyən zaman evdəki elektrik sobası təsadüfən aşıb. Bu səbəbdən onlar hadisə yerindən qaçandan sonra evdə yanğın baş verib. 

Qeyd edək ki, zərərçəkmiş xəstəxanaya yerləşdirildikdən bir müddət sonra evə buraxılmasını tələb edib, lakin həkimlər yaralarının ciddi olduğunu deyib, onu evə buraxmayıblar. Buna etiraz olaraq İqor Vasin xəstəxananın pəncərəsindən özünü yerə ataraq, intihar edib. 

Məhkəmə prosesində çıxış edən dövlət ittihamçısı Ş.Novruzova 18, R.Məmmədova 17 il cəza təyin edilməsini xahiş edib. Müdafiəçilər çıxış etmək üçün vaxt istəyiblər. Məhkəmənin növbəti iclası iyunun 29-na təyin edilib.  

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz