0

İlham Əliyev Böyük Britaniyada danışıqlarda - FOTO + YENİLƏNİB

Baxış: 197

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev aprelin 26-da Londonda Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə dövlət naziri, hökumətlərarası komissiyanın həmsədri Baronessa Rona Feyrhedlə görüşüb.

Oxu.Az xəbər verir ki, görüşdə Baronessa Rona Feyrhed prezident İlham Əliyevi seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib.

O, Bakıya səfərini məmnunluqla xatırlayıb.

Söhbət zamanı ikitərəfli münasibətlərin inkişafı, xüsusilə investisiya, biznes əlaqələri, kənd təsərrüfatı sahələrində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev aprelin 26-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa və Amerika məsələləri üzrə dövlət naziri Alan Dunkanla görüşüb.

Oxu.Az xəbər verir ki, görüşdə Alan Dunkan dövlətimizin başçısını yenidən prezident seçilməsi münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.

O qeyd edib ki, prezident İlham Əliyevin yenidən prezident seçilməsi Azərbaycanın sürətli inkişafının davamlı olmasını təmin edəcək.

Söhbət zamanı ikitərəfli və regional əməkdaşlıq, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin aprelin 26-da Londonda Böyük Britaniya parlamentinin İcmalar Palatasının üzvü, Azərbaycan ilə dostluq qrupunun sədri Bob Bləkmən, Lordlar Palatasının üzvü, Azərbaycanın Leyborist dostları qrupunun sədri Lord Devid Evans və İcmalar Palatasının üzvü, Şimali İrlandiya üzrə dövlət nazirinin müavini Devid Morris ilə birgə görüşü olub.

Oxu.Az xəbər verir ki, görüşdə Britaniya parlamentinin üzvləri dövlətimizin başçısını prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik ediblər.

Lord Devid Evans və Devid Morris ölkəmizdə səsvermə prosesini müşahidə etdiklərini və seçkilərin yüksək səviyyədə təşkil olunduğunu deyiblər.

Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirib. Dövlətimizin başçısı seçkilər zamanı səsvermənin azad, şəffaf və demokratik keçirilməsi üçün hər cür şəraitin yaradıldığını deyib.

Görüşdə Azərbaycanda davamlı inkişafın təmin edildiyi qeyd olunub. Britaniya parlamentinin hər iki palatasında fəaliyyət göstərən Azərbaycanla dostluq qrupları ilə əməkdaşlıq məsələləri müzakirə olunub.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri xanım Tereza Meyin dəvətilə bu ölkəyə səfəri başlayıb.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, aprelin 26-da prezident İlham Əliyev Londonda BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb.

Görüşdə “Şahdəniz” layihəsi üzrə görülən işlər, bu ilin iyununda TANAP layihəsinin açılışı ilə bağlı fikir mübadiləsi aparılıb. “Şəfəq-Asiman” strukturu üzrə imzalanmış hasilatın pay bölgüsü sazişi əsasında görülən işlərin intensivləşdirilməsinin əhəmiyyəti qeyd edilib.

Söhbət zamanı Azərbaycanla BP şirkəti arasında uzun illərdir davam edən əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə olunub



MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz