0

REANİMASİYADA OLAN NAXÇIVAN SƏHİYYƏSİNİN "MÜALİCƏYƏ" EHTİYACI VAR

Baxış: 337
Vasif Talıbov həkimləri xəstələri müalicə və müayinə etmək əvəzinə, küçələrdə tikan təmizləməyə, ağac əkməyə, yol süpürməyə göndərir

Naxçıvan Muxtar Respublika Xəstəxanasının cərrahı Valid Kazımov xəstədən külli miqdarda pul alsa da, onun qolunu düzgün əməliyyat etməyib

Bizim insanların mütəmadi işlətdikləri bir deyim var: Allah heç kimin işini həkimlərə salmasın. Sizi deyə bilmərəm, lakin mən bu fikirlə heç cür razı deyiləm. Çünki əgər tibb müəssisələri, həkimlər varsa, deməli gec-tez bu və digər məsələ ilə bağlı onlara işimiş düşəcək. Odur ki, mən bu deyimi bir qədər fərqli formada qəbul edirəm. Belə ki, hər kəsə arzum budur ki, Allah sizin işinizi Naxçıvan Muxtar Respublika Xəstəxanasının cərrahı Valid Kazımov kimi qeyri-peşəkar, təcrübəsiz, işinə laqeyd yanaşan həkimlərə salmasın. Çünki bu, sonda həm sizin, həm də yaxınlarınız üçün ciddi problemlər yarada bilər.

Naxçıvan Muxtar Respublika Xəstəxanasının cərrahı Valid Kazımovun adını əbəs yerə qeyd etmədim. Çünki bugünlərdə redaksiyamıza müraciət edən Naxçıvan Muxtar Respublikasının sakinlərindən biri məhz adıçəkilən həkimin məsuliyyətsizliyi, qeyri-peşəkarlığı, işinə laqeyd yanaşmasının qurbanı olub. Belə ki, Vasif Talıbovun rəhbərlik etdiyi muxtar respublikada səhiyyə sisteminin bərbad vəziyyətdə olduğunu bildirən şikayətçinin sözlərinə görə, bu yaxınlarda qolundakı şüşə kəsiyi ilə bağlı Naxçıvan Muxtar Respublika Xəstəxanasına üz tutub. Orada isə cərrah Valid Kazımovun qəbulunda olub və sonda həmin vətəndaşın qolundakı vətərlər, sinirlər tikilmədən, eyni zamanda qolundakı şüşələr təmizlənilmədən, yalnız üzdən tikiş atmaqla evinə buraxıblar.

Onu da nəzərinizə çatdıraq ki, cərrahiyyə əməliyyatı zamanı tikişlər olduqca səliqəsiz şəkildə atılıb. Xəstə evə buraxıldıqdan təxminən, 9-10 gün sonra isə onun barmaqlarının işləmədiyi, yəni hərəkətsiz vəziyyətdə qaldığı məlum olub. Beləcə, xəstənin barmaqları yavaş-yavaş qaralmağa başlayıb. Bu səbəbdən də xəstə qolunun nədən bu hala düşdüyünü öyrənmək məqsədilə yenidən cərrah Valid Kazımovun qəbulunda olur. O, isə öz növbəsində, "Narahat olmayın. Tikiş qoymuşuq, ona görə belə olur. Get, sağalacaq" deyib xəstəni yola verir. Bu zaman xəstənin yaxınları onu müayinə olunmaq üçün Bakıya gətirirlər. Paytaxtdakı xəstəxanaların birində müayinə zamanı bəlli olub ki, Naxçıvan Muxtar Respublika Xəstəxanasının cərrahı Valid Kazımov əməliyyat zamanı nə xəstənin qolundakı şüşələri təmizləyib, nə də vətərləri, sinirləri tikib. Yəni sadəcə yaranın ağzını sıxıb bağladıqdan sonra xəstəni evə yola salıb. Bir sözlə, Naxçıvan Muxtar Respublika Xəstəxanasında xəstədən külli miqdarda pul alınmasına rəğmən, onu taleyin ümidinə buraxıblar.

Məsələnin maraqlı tərəfi ondadır ki, əməliyyatdan sonra həqiqəti bilən xəstənin valideynləri Naxçıvan Muxtar Respublikasına üz tutublar. Cərrah Valid Kazımovun qəbulunda olduqları zaman, o, vəziyyətin nə yerdə olduğunu bildiyi üçün xəstənin yaxınlarına "5 dəqiqə gözləyin, baş həkim çağırır" deyib xəstəxanadan qaçıb. Həmin vaxtdan indiyədək həkim heç kimin telefonuna cavab vermir.

Təbii ki, məhz bu fakt Naxçıvan səhiyyəsinin ildən-ilə daha da bərbad vəziyyətə düşdüyünü, irəliyə getmək əvəzinə gerilədiyini deməyə əsas verir. Elə bu səbəbdən də muxtar respublikanın sakinlərinin böyük əksəriyyəti hətta, ən adi cərrahiyyə əməliyyatı üçün ya paytaxt Bakıya, ya qonşu İrana, ya da qardaş Türkiyəyə üz tutmaq məcburiyyətində qalır. Çünki Naxçıvanda həkimlərin, tibb personalının böyük bir hissəsi qeyri-peşəkarlardan ibarətdir. Yəni bu gün reanimasiyada olan Naxçıvan səhiyyəsinin özünün ciddi şəkildə müalicəyə ehtiyacı var. Düzdür, son illər Naxçıvan Muxtar Respublika Xəstəxanası demək olar ki, ən müasir tibbi avadanlıqlarla təchiz olunub. Lakin buna baxmayaraq, hazırda muxtar respublikada həmin müasir avadanlıqla işləməyi bacaran, əhaliyə normal tibbi xidmət göstərmək qabiliyyətində olan tibb personalı yox səviyyəsindədir. İş o yerə çatıb ki, Naxçıvan sakinləri özünün və ya övladının səhhətində problem yaranan kimi dərhal Bakıdakı qohum-əqrabasına telefon açır və «Tanıdığın təcrübəli, savadlı həkim varmı?», deyə sual verirlər. Acı da olsa, etiraf etmək gərəkdir ki, gün keçdikcə bu sual daha geniş auditoriya tərəfindən istifadə olunur. Və bu, Naxçıvanda səhiyyə sisteminin acınacaqlı vəziyyətdə olduğunu birbaşa sübuta yetirir. Odur ki, bu gün Naxçıvanda işinə peşakarcasına yanaşan tibb işçilərini tapmaq, qışda qarpız axtarmaq kimi bir şeydir...

Ümumiyyətlə, Naxçıvan Muxtar Respublikasında səhiyyə sahəsində problemlər o qədər çoxdur ki, bu barədə 200-300 səhifəlik qalın bir kitab yazmaq olar. Məsələn, muxtar respublikanın Ali Məclisinin sədri Vasif Talıbovun göstərişinə əsasən həftədə 2-3 dəfə həkimlər sovetlər dövründə olduğu kimi dəstə-dəstə küçələrə çıxır və təmizliklə məşğul olurlar. İməclikdə iştirak etməyən tibb işçiləri isə Vasif Talıbovun əmrinə itaətsizlik etdiklərinə görə müxtəlif formada cəzalandırılırlar. Bu isə birbaşa qanunazidd hərəkətdir. Çünki insanları əməkhaqqı ödəmədən işlətmək, xüsusilə də onları əsas işlərindən ayırmaq qəbuledilməzdir. Həmçinin, bu, onsuz da bərbad vəziyyətdə olan Naxçıvan səhiyyəsini uçuruma doğru yuvarlayır. Özünüz qərar verin, xəstəxanada iş başında olması gərəkən həkim ağır xəstənin gətirildiyi bir vaxt küçədə kol, siqaret kötüyü təmizləyirsə, burda hansı inkişafdan danışmaq olar? Kim bilir, bəlkə də Vasif Talıbov həkimləri xəstələri müalicə və müayinə etmək əvəzinə küçələrdə tikan təmizləməyə, ağac əkməyə, yol süpürməyə göndərməklə, əslində onlara öz yerini göstərir ki, siz həkim yox, elə bağban olmalısınız. Bunu dəqiq deyə bilməsək də, görünən odur ki, bu gün Naxçıvan səhiyyəsi can verdiyindən muxtar respublikanın sakinlərinin sağlamlığı ciddi təhlükə altındadır.

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz