0

Şəmkir icra başçısının xanım müavininin seçki qabağı Dubayda istirahət etməsi təsdiqləndi – “Bazar günü qayıdacaq”

Baxış: 2 420
O, istirahətini 5 ulduzlu “Rixos The Palm Dubai” otelində edirmiş

“Qafqaz Xəbər” qəzetində “Şəmkir icra başçısının xanım müavini seçki təbliğatının qızğın çağında Dubayda istirahət edir” başlıqlı yazı dərc edilmişdi.

Redaksiyamıza daxil olmuş məlumat əsasında hazırlanan yazıda bildirilir ki, Şəmkir rayon icra hakimiyyətində yüksək vəzifə tutan Aynur Abdullayeva aprelin 11-də keçiriləcək Prezident seçkiləri ərəfəsində Dubaya istirahətə gedib və şəxsi “İnstagram” səhifəsində orada çəkdiyi şəkilləri paylaşıb.

Yazıda həmçinin “Qafqaz Xəbər”in məsələ ilə bağlı araşdırması da təqdim olunur: “Keçən ilin mayında Şəmkir icra hakimiyyətinin ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri tutduğu vəzifədən azad edilmişdir və həmin vəzifəyə Aynur Ayaz qızı Abdullayeva təyin edilmişdir.”

Deyə bilərsiniz ki, bu informasiyada qeyri-adi nə var ki, biz onu qeyd edirik?

Məsələ bundadır ki, “Qafqaz Xəbər” qəzetinin redaksiyasına Aynur Abdullayeva barədə məlumat və fotolar daxil olub.

Məlumatda bildirilir ki, Şəmkir icra hakimiyyətində yüksək vəzifə tutan Aynur Abdullayeva aprelin 11-də keçiriləcək Prezident seçkiləri ərəfəsində Dubayda istirahət edir, sosial şəbəkədə hamam və digər şəkillərini paylaşır.

Məlumatı göndərən buna görə Aynur Abdullayevanı qınayır və sual verir ki, gənc məmur xanımın hamam şəkillərini paylaşması nə qədər doğrudur?

“Şəkildə gördüyünüz qız Şəmkir İcra Hakimiyyəti Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Abdullayevadır. Hər kəsin seçkiyə hazırlaşdığı vaxtda bu qız Dubayda gedir, orada qaldığı oteldəki hamamın şəkillərini sosial şəbəkələrdə paylaşır. Onun bu hərəkəti hörmətsizlikdir. Bu qız özünü düşünmürsə, heç olmasa oturduğu kreslosunu düşünsün, şəmkirlilərə hörmət etsin.”

Əlbəttə hər bir insanın, o cümlədən məmurun da istirahət etmək, şəkil çəkmək hüququ var, özü də bu istirahət bayrama təsadüf edirsə. Amma məsələ bundadır ki, hər bir məmur, ölkə başçısının dediyi kimi təvazökar olmalı, öz əməlləri ilə vətəndaşa nümunə olmalıdır. Aynur Abdullayeva da bilməlidir ki, o, diqqət mərkəzindədir və buna görə də yüksək vəzifəli məmur maaşına görə belə heç də ucuz olmayan istirahətindən çəkdiyi şəkilləri “İnstagram”da yayaraq qürrələnmək düzgün deyil. Əslində vətəninə, dövlətinə, öz işinə, tutduğu vəzifəsinə sədaqəti olan gənc dövlət məmuru diqqətini vətəndaşların qayğı və problemlərini həll edilməsi istiqamətində cəmləşdirməli, seçki ərəfəsində daha da fəallıq göstərməli idi. Həm də bu onun vəzifə borcudur. Yəni məmur yaddan çıxartmamalıdır ki, onun əsas vəzifəsi təkcə xaricdə istirahət etmək deyil…

Bundan başqa, çox güman ki, YAP üzvü olan Aynur Abdullayeva təmsil etdiyi iqtidar partiyasının önündə olaraq, dövlətçiliyə xidmət etmək üçün bu həssas, vacib ərəfədə – prezident seçkilərinə hazırlıqda, onun qızğın təbliğatı getdiyi mühüm bir məqamda öz namizədlərinin təbliğatı ilə məşğul olmaq əvəzinə Dubaya gedib oradan hamam, yemək fotolarını yaymaqla məşğuldur.

Özü də ona icra başçısı tərəfindən böyük etimad göstərilib. Bu haqda Şəmkir icra hakimiyyətinin Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsində qeyd olunmuşdur. Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov qeyd edib ki, Aynur Abdullayeva Şəmkirin fəal gənclərindən biridir:”Bu gün hər birimiz ona böyük etimad göstəririk və inanırıq ki, gənc xanım ona olan etimadları layiqincə doğruldacaq”.

Görünür Aynur Abdullayeva ona göstərilən etimadı doğrultmağı, vəzifəsinin öhdəsindən layiqincə gəlmək üçün əlindən gələni əsirgəməməyi Dubayda istirahət etməkdə görür…

Yeri gəlmişkən, onu da deyək ki, bir neçə gün bundan qabaq İctimai Televiziyada Prezidentliyə namizədlərin ikinci debatında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev məmurları sərt tənqid edərək bildirmişdir ki, rayon icra başçıları bir yana qalsın, müavinləri adamları qəbul etmirlər, məmurlar dövlətin təəsübünü çəkmək əvəzinə keflə məşğuldurlar, xaricdə əylənirlər…

Görəsən bu sözləri deyərkən Hafiz Hacıyev hansı müavinləri nəzərdə tuturmuş?!…”

Yuxarıda təqdim etdiyimiz yazı dərc olunandan sonra, “Qafqaz Xəbər”ə zəng edib özünü Aynur Abdullayevanın “dayısı oğlu” kimi təqdim edən şəxs gedən məlumatla bağlı “kömək” istəyərək deyib: “Sizdə Şəmkir rayon İcra Hakimiyyətinin başçısının müavini Aynur Abdullayeva haqda yazı gedib. Mən Aynur xanımın dayısı oğluyam. Aynur xanım xahiş elədi ki, sizə deyim ki, o yazını silək”.

Əməkdaşımız həmin yazının silinməsi ilə bağlı xahişə cavab verib ki, dərc olunan yazı silinmir, sadəcə olaraq dərc olunan yazı ilə bağlı hər kəsin öz fikrini, mövqeyini bildirmək hüququ var.

Aynur Abdullayevanın “dayısı oğlu” isə öz bibisi qızının adından bildirdi ki, “O, qeyri-iş günü olduğundan istirahətə gedib və bazar günü Azərbaycana qayıdacaq”.

Əməkdaşımızın “Əgər belədirsə, yaxşı olardı ki, Aynur xanım özü danışardı, yaxud Şəmkir rayon İcra Hakimiyyətinin mətbuatla bağlı məsul işçisi açıqlama verərdi” fikrinə isə Aynur Abdullayevanın “dayısı oğlu” bildirdi ki, “Bu gün məsələ ilə bağlı icra hakimiyyətində oldum, amma orada heç kim yoxdur, qeyri-iş günü olduğundan hamısı istirahətdədir”.

Bu dialoqdan aydın oldu ki, Aynur Abdullayevanın seçki qabağı Dubayda istirahət etməsi haqda bizə daxil olan məlumatı onun “dayısı oğlu” da dolayısı olsa da təsdiq etdi.

Həmçinin aydın oldu ki, Şəmkir rayon İcra Hakimiyyəti bayramı əlində bayraq edib ümumiyyətlə fəaliyyət göstərmir, halbuki bu belə olmamalıdır. Bəlkə rayonda hansısa fövqalədə bir hadisə baş verdi, onda necə olacaq? Bayram günlərində rayon İcra hakimiyyətinin qapılarının vətəndaşların üzünə bağlanması hansı qanuna uyğundur?! Belə çıxır,onların problemləri yalnız bayramdan sonra dinlənməlidir?!

Bundan başqa, biz Aynur xanımın istirahət etdiyi otellə də bağlı araşdırma apardıq və Dubay şəhərinə sorğu edərək müəyyən etdik ki, həmin otel “Süni palma adaları”nın sağ qolunda yerləşən 5 ulduzlu “Rixos The Palm Dubai” otelidir.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz