0

Zakir Fərəcovla problem yaşayan iş adamlarının qarşıdurması özünün pik həddinə çatıb

Baxış: 771

Press-az.com-a daxil olan son məlumatlara görə, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla problem yaşayan iş adamlarının qarşıdurması özünün pik həddinə çatıb.

Şəhərin abadlaşdırılmasında iştirak edən, iş görərək və mal verərək pullarını ala bilmədiklərini iddia edən xeyli sayda iş adamı bir neçə müddətdir Prezident Administrasiyasının qarşısına gedərək, başçıdan şikayət ediblər. Şikayətçiləri icra başçısının adından Sumqayıta çağıraraq, pullarını yaxın vaxtda verəcəklərini vəd ediblər. Lakin qəbuldan çıxdıqdan az keçmiş, onlar aldandıqlarını başa düşüblər — üstəlik, başçının göstərişi ilə, onunla daha çox münaqişə yaşayan Ruslan Aslan oğlu Allahverdiyev, polis tərəfindən şərlənərək, həbs edilib: Onun hərəkətdə olan avtomobili yalandan saxlanılıb, özü ilə bərabər, Sumqayıt şəhər Polis İdarəsinə aparılıb.

İş adamlarını, iddia etdikləri borclarını ala bilmədikləri ilə bərabər, Zakir Fərəcovun bu xoşagəlməz hərəkəti daha da narahat edib. Bu, onları dəfələrlə Prezident Administrasiyasına şikayətə getməyə məcbur edib.

Qeyd edək ki, Ruslan Allahverdiyev, Zakir Fərəcovun göstərişi ilə həbs edilən ilk iş adamı deyil. Bir müddət öncə, Sumqayıt Dənizkənarı Parkının salınmasında yaxından iştirak edən iş adamı Müqayis Verdiyev də, şərlənərək həbsə atılıb. Külli miqdarda alacağını başçıdan istəməsi, onun da başına bəla gətirib. Bu istək də, səlahiyyət sahibinin xoşuna gəlməyib və onu həbsə atdırıb. Ümumiyyətlə, şikayətçi iş adamlarının iddia etdiklərinə görə, gördükləri iş müqabilində, Zakir Fərəcovun onlara üst¬üstə 12 milyon manat borcu var. Alacaqlarını ala bilməmələri, bunun əvəzində, başçının göstərişi ilə, incidilmələri ucbatından, son ümid yeri olaraq, iş adamları Prezident Administrasiyasına üz tutur, ölkə başçısı ilə görüşə can atırlar. Ümumiyyətlə, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun özbaşınalıqlarından və qanunsuz əməllərindən ölkə mətbuatı uzun zamandır geniş yazılar dərc edir, lakin yuxarı dairələrdən yazılanlara məhəl qoyan tapılmır ki, tapılmır. Həmin məqalələrdə, daha çox, vaxtilə, Sumqayıt bələdiyyəsinə, Abşeron rayonuna, indi isə, bu böyük sənaye şəhərinə rəhbərlik edən bu məsuliyyətli vəzifə sahibinin ağlasığmaz qanunsuz əməllərindən söhbət açılır, xüsusi olaraq vurğulanır ki, o, «yola gəlməyən» imkanlı adamları, ələlxüsus sahibkarları cəzalandırmaq üçun, “çovdarovsayağı” amansız üsullara əl atmaqdan belə çəkinmir. Qəzetçilər öz yazılarında ona da toxunurlar ki, başçının fəaliyyətində yaranmış təhlükə sindromu vətəndaş etirazlarını daha da artırır. Jurnalist araşdırmalarında daha çox ondan da bəhs olunur ki, ölkədə heç bir icra başçısının edə bilmədiyi qanunsuzluqları həyata keçirən Zakir Fərəcov, hakimiyyət çevrəsində yüksək nüfuza malik bir şəxsə arxalandığından, heç nədən qorxub¬çəkinmir, şəhərin hüquq¬mühafizə, məhkəmə qurumlarının rəhbərlərini də, öz mənafeyi üçün qərarlar çıxarmağa vadar edir.

«...Lakin biz buna inanmırıq; İcra başçısının qanunları tanımayan və qanunlarla tənzimlənməyən idarəetməsinin arxasında həmin nüfuzlu şəxsin durması şübhə doğurur, Belə olsaydı, deyilənlər cavabsız çox suallar ortaya çıxarardı. Zakir Fərəcovun özü və onun bəd əməllərindən bəhrələnənlər, etdikləri qanunsuzluqlardan sığortalanmaq üçün, hər addımda bu adı uydurub, ondan bəhrələnirlər. Bütün bunlar isə, bağışlanmaz qatı cinayətdir...». Bu sözlər isə, Rusiya Federasiyasının Novosibirsk vilayətində ən nüfuzlu diaspor təşkilatı olan Türkdilli Xalqlarla Slavyan Xalqları arasında «Sodrujestvo» («Əməkdaşlıq») Fondunun qurucusu və rəhbəri, Rusiya və Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin fəal üzvü, Azərbaycan Respublikaçılar Partiyası sədrinin birinci müavini, tanınmış şair¬publisist Mirkazım Seyidovun media vasitəsilə ictimaiyyətə açıqlamasındandır. Araz.az saytına da ünvanladığı həmin açıqlamasında Mirkazım Seyidov Zakir Fərəcovu, sözün həqiqi mənasında, «top atəşinə tutmaqla», «yıxıb¬sürüyür»: «Bu sözlər, çox güman ki, tezliklə öz sahibinə çatacaq və özünə gəlməsi üçün, onu silkələyəcək. Onun bu əməlləri məni ona görə narahat edir ki, ulu öndər Heydər Əliyevin layiqli varisi, ölkə başçısı möhtərəm İlham Əliyev cənablarının komandasında belə vəzifə sahiblərinə yer olmamalıdır. Bu, ən çox, ümummilli liderin ruhuna hörmətsizlikdir. Zakir Fərəcovun bu xoşagəlməz əməlləri, həm də dövlətə və prezidentə qarşı xəyanət, prezident seçkilərinə yönəlmiş birbaşa təxribatdır. Zakir Fərəcov qanunsuz hərəkətlərinə təcili son qoymasa, təbii ki, oturduğu rahat kreslonun dadı tezliklə ona çox görüləcək, çünki möhtərəm prezidentimiz hər xoşagəlməzliyi görür və nəticəsini çıxaranda, bu, harın məmurlar üçün olduqca pis sonuclanır». Mirkazım Seyidov açıqlamasında onu da qeyd edir ki, uzun zaman Rusiyada yaşayıb. Fəal diasporçu olmaqla yanaşı, nüfuzlu media orqanlarının rəhbəri vəzifələrində çalışıb. Bu illər ərzində doğma Vətənlə sıx təmasda olmaqdan daim rahatlıq tapıb. Ölkənin ictimai¬siyasi mühitində baş verən hadisələrin daim izləyicisi olduğundan, xoşagəlməz olaylar onu həmişə narahat edib: «Bütün bunlar mənim Heydər Əliyevə, onun qurub, yaratdığı Azərbaycana, qoyub getdiyi layiqli varisə sonsuz sevgimdən irəli gəlir. Bu səbəbdən, mən, ulu öndər ideyalarına sadiq qalmayan, ölkə başçısının göstərişlərinə uyğun işləməyən vəzifə sahiblərini görmək belə istəməmiş, onlara layiq söz ifadə etməkdən belə çəkinməmişəm. Son zamanlar, pis əməlləri ilə, Sumqayıt şəhərinin simasına ləkələr vuran icra başçısı Zakir Fərəcovun haqqında həqiqəti ictimailəşdirmək zorundayam. Daha doğrusu, bunu, ulu öndər ruhu qarşısında özümə mənəvi borc bilirəm».

Öz açıqlamasında, Zakir Fərəcovun ölkə başçısının tapşırıq və tövsiyyələrinə məhəl qoymamasını, dəfələrlə, dövlətə və prezidentə xəyanət kimi qələmə verən ictimai¬siyasi fəal, onu da xüsusi vurğulayıb ki, başçının istədiyi qanunsuz əməl törətməsi artıq adi hala çevrilib. Müəllif deyir ki, Sumqayıtda sadə vətəndaşların hər addımda hüquqlarının kobudcasına pozulması, qanunsuz sərəncamlarla obyektlər tikilməsi və şəhər bulvarı ərazisinin satılması, sahibkarların 12 milyon manat vəsaitinin mənimsənilməsi, polisdə insanların işgəncələrə məruz qalması, başçının qoçu dəstəsinin, kimliyindən belə asılı olmayaraq, insanlara fiziki güc göstərməsi (Bəli, bu, danılması mümkün olmayan bir həqiqətdir. Başçının qoçu dəstəsinin, bu yaxınlarda, Sumqayıtın iki addımlığındakı Saray qəsəbəsində, torpaq alveri üstündə, Dövlət Sərhəd Xidmətinin yüksək çinli bir zabitini döyməsindən bəhs edən yazılar, uzun zaman, mətbuatın baş məqaləsinin yerində oldu — red.) və sairə bu kimi cinayətlər bağışlanmazdır. Bu kimi tükürpədici və dəhşətli faktlar, Zakir Fərəcovun özünün və ətrafının qanunsuz əməllərini daha da şiddətli edir. Onların getdikcə daha da harınlaşmaları üçün münbit şəraitin yaranma səbəbləri isə, heç cür başa düşülən deyil».

 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz