0

İcra başçısından Prezidentə şikayət edildi: “Qohumları korrupsiya şəbəkəsi qurub”

Baxış: 450

 Göyçay sakinlərinin bir qrupu: “Mehdi Səlimzadənin qohumları korrupsiya şəbəkəsi qurub”

Göyçay rayonunun bir qrup sakini rayon icra başçısı Mehdi Səlimzadədən və qohumlarından şikayətçidir. Şikayət məktubu yazan Cəlil Məmmədov, Qənirə Quliyeva, Sona Kərimova, Əli Fərəcov, Nisə Namazova, Dadaş Vahabov, Sona Səmədova, Elmira İsmayılova, Cəmilə Umudova, Hicran Nəbiyeva, Çingiz Quliyev, Nuralı Rüstəmov, İlqar Məmmədov və Cəmil Qasımov Göyçayda “korrupsiya şəbəkəsi” haqda iddialar irəli sürüblər.

Bizim Yol-a göndərilən məktubda deyilir ki, Göyçay Rayon İcra Hakimiyyəti başçısı “rayonun idarəetməsini öz qardaşı oğlu Səməd Cəbrayılova həvalə edib, qardaşoğlu isə, demək olar ki, birdən-birə milyarder olmaq eşqinə düşərək böyük biznes imperiyası qurmağa start verib”.

 

Şikayətçilər yazır ki, Mehdi Səlimzadə Göyçaya icra başçısı təyin olunandan az sonra qardaşı oğlu Səmədi Göyçay Gənclər Mərkəzinə müdir təyin edib: “Təxminən bir ay əvvəl isə Səməd Cəbrayılov Göyçay rayon İcra Hakimiyyətində kadrlar şöbəsinə müdir vəzifəsinə gətirildi. Səmədin qurduğu plana əsasən Göyçay Avtonəqliyyat ASC-də yerləşən bazarı antisanitariya adı ilə bağlatdırıb özünə Göyçay şəhərinin mərkəzində “mebel Rəşid” deyilən şəxslə ortaq “Təzə Bazar” adlı bazar açıblar. Göyçay Avtobazasında yerləşən bazarda 500-dən çox insan alver edib evinə çörək aparırdı. İndi həmin şəxslər işsiz qalıblar. Mehdi Səlimzadənin özbaşınalığı nəticəsində Göyçayda çoxlu işsızlər ordusu yaranıb”.

Şikayətçilər yazır ki, Mehdi Səlimzadənin qardaşı oğlu ilə açdığı “Təzə Bazar” əhalinin və avtomobillərin gediş-gəlişinə ciddi maneə yaradıb: “Bu səbəbdən orada baş verən avtomobil qəzası insan ölümünə səbəb olub. Həmçinin yaxınlıqda yerləşən Göyçay şəhər 7 nömrəli tam orta məktəbin şagirdləri üçün ayrılmış keçidi bazara görə ləğv etdiriblər.

əktəblilərin həyatını ciddi təhlükə qarşısında qoyublar. Həmin bazarın ərazisini genişləndirmək üçün vətəndaşlara məxsus torpaq sahələrini ümumilikdə 500.000 manata alınıb..”Təzə Bazar” da alış-verişi gücləndirmək üçün isə zorakılığa əl atılıb; bütün kənd avtobuslarının üzəri qanunsuz olaraq “Təzə Bazar” yazılmış reklamlarla “bəzədilib”.

Avtobuslar kəndlərdən camaatı gətirib zorla həmin bazara düşürürlər. Bu isə ciddi narazılıq yaradıb. Hətta süni qiymət artımının qarşısını almaq məqsədi ilə keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkasını Göyçay şəhərinin mərkəzindən çıxararaq “Təzə Bazar” da təşkil edib. Bu şou kimi təşkil edilən yarmarkada məhsullar bazar qiymətinə satılır. Başqa rayonlarda isə həmin yarmarkalar bazardan kənarda keçirilir ki, ucuzluq olsun, camaat razı qalsın”.

Şikayət məktubunda daha sonra yazılır: “Qardaş oğlu Səməd Cəbrayılov Sənan adlı şəxslə ortaq yeni Avtobaza yaratdığı üçün 125 səhmdarı və 40 nəfər kollektivi olan Göyçay Avtobazasını bağlatdırıb Çoxlu sayda insanları acından ölməyə məhkum ediblər. Korrupsiya şəbəkəsinin qurbanlarının sayı gündən-günə artır. Tez bir zamanda varlanan qardaş oğlu Səməd Cəbrayılov öz şəxsi bahalı avtomobilinə 99 SC 999 nömrəsini almaq üçün 30.000 manat pul ödəyib. Həmçinin Mehdi Səlimzadənin tapşırığı ilə Səmədin kiçik qardaşı Əli rayonda boş torpaq sahələrini qeydə almaqla məşğuldur. Həmin torpaq sahələri qanuna uyğun oldu-olmadı baha qiymətə satışa çıxarılır. Hətta rayonun mərkəzində yerləşən 5 mərtəbəli binanın girişində camaatın xeyir-şər üçün istifadə etdiyi torpaq sahəsini küllü miqdarda pula satmışlar. Kənd icra nümayəndələrinə, müavinlərinə və bələdiyyə sədrlərinə aylıq haqq qoyulub, ödəyə bilməyən cinayət məsuliyyətinə cəlb edilir. Haqqı ödəyə bilmədiyi üçün Qaraməryəm bələdiyyəsinin sədri Fəqan Şamilova tutduğu vəzifədən uzaqlaşıdılıb, barəsində 10 gün inzibati həbs verilib. Göyçayda yerləşən heyvan bazarı həftənin bazar günləri işləyir. Həmin günü orada iri və xırda buynuzlu heyvanların satışından başqa girişdə meyvə-tərəvəz. paltar-ayaqqabı və sairə mallar satılırdı. Mehdi Səlimzadə öz bazarının reytinqinə görə həmin bazarda heyvanlardan başqa alver predimetlərinin satışına qadağa qoyub. Həmçinin heyvan bazarına aylıq yüksək məbləğdə haqq qoyulub. Buna görə artıq bazar rəhbərliyi yerpulunu qaldırmağa məcbur olub”.

Göyçaydan olan şikayətçilər ölkə rəhbərliyindən xahiş edirlər ki, rayonda baş verən bu “qanunsuzluqlarla bağlı ölçü götürülsün”.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz