0

Bakıda “PlayStation” adı altında kazino açılıb – Hər kəsin gözü önündə olan qumar evi

Baxış: 1 677

Bakıda qanunsuz olaraq və hər kəsin gözü önündə kazino fəaliyyət göstərir.

Minval.info-ya daxil olan özəl məlumata görə, qumarxana Nərimanov rayonu Fətəli Xan Xoyski küçəsi 81-də yerləşir.

Kazino ətrafında yaşayan sakinlər redaksiyamıza şikayət ünvanlayaraq bildiriblər ki, qanunsuz olaraq fəaliyyət göstərən bu məkandan olanlar, oradan çıxanlar küçə söyüşlərindən qışqıra-qışqıra istifadə edirlər. Bu da sakinləri ciddi narahat edir.

Mövzu ilə əlaqədar Minval.info-nun əməkdaşları sözügedən ünvana yollanıblar və məlum olub ki, məkanla bağlı deyilənlər tam doğrudur.

Belə ki, deyilən ünvanda həqiqətən də qanunsuz kazino fəaliyyət göstərir. Özü də heç kimdən çəkinmədən, açıq-aşkar şəkildə… Hətta ətrafda yaşayan insanlar buradakı hal-vəziyyətdən xəbərdardır. İşin maraqlı tərəfi ondan ibarətdir ki, kazino polis bölməsindən bir neçə addım aralıda yerləşir.

Məkan sahibləri burada kazino olduğunu sözdə gizlətməsələr də, amma məkanı kənardan fərqli göstərməyə çalışırlar. Onlar kazinonun giriş hissəsinə “PlayStation” yazaraq, adi oyun salonu görüntüsü yaradıblar.

Əməkdaşlarımız adıçəkilən məkana daxil olub, baş verənləri yaxından izləmək istəsələr də, bu, mümkün olmayıb. Çünki saxta “PlayStation” salonunun qadın işçisi onları görər-görməz kobudluqla qarşılayıb. Belə ki, əməkdaşlarımız “PlayStation” oynamaq istədiklərini bildirsələr də, qadın onlara buranın kazino olduğunu söyləyib. Yumşaq şəkildə desək, onları yola salıb.

Əgər kazino normal şəkildə fəaliyyət göstərirsə, “Playstation” banneri ilə şüşələrin üzərinin qapadılması kimə və nəyə görədir? Yox, əgər qeyri-qanunidirsə və bundan demək olar ki, hamının xəbəri varsa, polis bölməsinin yaxınlığında necə açıq-aşkar fəaliyyət göstərir?

Xatırladaq ki, 15 il əvvəl bu biznes növü Heydər Əliyevin göstərişi ilə rəsmən qadağan olunub.

Bir müddət öncə Azərbaycanda kazinoların fəaliyyətinin bərpa olunması gündəmə gəlsə də, bununla bağlı qanunda heç bir dəyişikliklər edilməyib.

Samir Mirzə

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz