0

İsmayıllının icra başçısı şikayətçiləri hədələyir

Baxış: 1 736

Mirdaməd Sadıqovun “qoçuları” kəndlərə hücüma keçib

İsmayıllının Sultankənd, Üştal, Qalagah kənd sakinləri bir neçə gün öncə Realliq.org –a müraciət edərək rast olduqları problemlərdən geniş bəhs etmişdilər. Biz də öz növbəmizdə adıçəkilən kəndlərdə olmuş və rayon sakinlərinin haqlı narazılığını işıqlandırmışdıq.

Dünən, İsmayıllıdan Realliq.org – a daxil olan məlumat hamımızın narahatçılığına səbəb olub. Belə ki, rayonun adını ziyalı qoymuş icra başçısı Mirdaməd Sadıqov və onun müavini Mahmud Süleymanov haqlı narazılıq bildirən kənd sakinlərini hədələməyə başlayıb. Icra başçısı kəndə polis göndərərək şikayətçi olan insanları həbs etməklə hədələyib. Vətənadaşlar Realliq.org – a telefon açaraq bildiriblər ki, İsmayıllı rayon polis şöbəsinin əməkdaşları sayta müraciət edənlərdən izahat tələb ediblər. M.Sadıqovun istəyi ilə vətəndaşlar təzyiqlə üz-üzə qalıblar. Polislər vətəndaşlardan şikayətçi olmadıqları və kəndlərdə problemlərin həll olunduğunu yazmağı istəyiblər. Hətta icra başçısının fəaliyyətindən razılıq məktublarını Realliq.org-un ünvanına göndərməyi tələb ediblər.


Redaksiyamıza müraciət edən vətəndaşlara təzyiqlərin davam etdiyi və bəzilərinin polis şöbəsinə dəvət olunduğu qeyd edilir. Hazırda məsələ ilə bağlı araşdırmalarımız davam edir. Kəndə gedib haqlı narazılıq edən vətəndaşları hədələyən və Mirdaməd Sadıqovun qoçuları kimi tanınan polislərin adını dəqiqləşdirməyə çalışırıq.

Xatırladım ki, rayona icra başçısı təyin olunandan sonra bir sıra problemlərin yaranmasına səbəbkar olan M.Sadıqov insanları dinləmək istəmir, onların problemlərinə biganə qalmaqla diqqət mərkəzindədir. Rayonun kəndlərində illərlə qalanmış problemlərin aradan qaldırılmasında maraqlı olmayan rəhbərlik səsini çıxarıb etiraz edənləri də həbslə hədələyir. Narazılıq edənlərə “Ermənistandan gəlmisiz gedin ora – deyən Mirdaməd Sadıqovun saymazyana fəaliyyəti qanunların sərhədini çoxdan aşıb.

İcra başçısı və onun müavinlərinin rayonun dilbər güşələrində tikdirdiklri villalar, obyektlər və istirahət mərkəzləri medianın gündəmini zəbt edib. İsmayıllı rayon icra başçısının milyoner müavini Mahmud Süleymanovun “Planet” istirahət mərkəzi qeyd olunan obyeklərdən seçilir. Bu məmurun milyonlar sahibi olması bizi maraqlandırmasa da, sadə vətəndaşları hədələməsi narahatçılığımıza əsas verir. Mahmud Süleymanovun qanunsuz fəaliyyəti ilə bağlı redaksiyamıza daxil olan faktlar araşdırılır və yaxında ətraflı məlumat verəcəyik.

Realliq.org- un araşdırmalarından məlum olur ki, İsmayıllıda sosial durum qənaətbəxş deyil. Mirdaməd Sadıqovdan öncə rayonda icra başçılarının fəaliyyəti bir sıra problemlərin həllində önəmli rol oynayıb. Lakin özünü “ziyalı” adlandıran Sadıqovun rayona rəhbər vəzifəyə gətirilməsindən sonra sadə vətəndaşların narazılığı artmaqdadır. Prezidentin etimadını doğrultmayan icra başçısını himayə edənlər yaranmış narazılıqda rayon sakinlərini günahlandırırlar. Məsələnin əsas tərəfi isə Mirdaməd Sadılqovun arxalandığı güclərin ondan artan şikayətlərə məhəl qoymamasıdır. Rayonda növbəti etiraz dalğasının başlamaması üçün aidiyyatı qurumların tədbir görməsi şərtə çevrilib.

Biz, Realliq.org olaraq Mirdaməd Sadıqovu himayə edənlər və onun fəaliyyəti dövründə yaranmış narazılıqlar barədə ətraflı məlumat verəcəyik. Ümid edirik ki, Aqrar Universitetdə işlədiyi illərdə Rəsul Quliyevin yaxınlarını himayə edən M.Sadıqovun qanunsuz əməllərinin qarşısı alınacaq və İsmayıllı sakinlərinin haqlı şikayətlərinə münasibət bildirəcəklər.
Mövzuya qayıdacağıq.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz