0

İMİŞLİ SUVARMA SİSTEMLƏRİ İDARƏSİNİN RƏİSİ BAŞ NAZİRİN MÜAVİNİNDƏN DAHA ÇOX QORUNDU

Baxış: 1 308
Nizami Məmmədovu qoruyan gizli əl kimdir?

I YAZI


Ölkə vətəndaşı üçün sosial – iqtisadi vəziyyət ağırlaşdıqca məmurların parıltılı yaşam tərzləri daha qabarıq şəkildə üzə çıxır. Son bir neçə ildə dövlət vəzifəsi hesabına külli miqdarda kapital əldə etmiş bəzi məmurların nəinki özləri, hətta ailə üzvlərinin hərəkətləri belə cəmiyyəti təhdid etməkdədir. Artıq bu təhdidə iriçaplı məmur övladları ilə yanaşı, orta və ya kiçik hesab edilən vəzifə sahiblərinin övladları da qoşulub. Ağdaş İcra Hakimiyyəti başçısının oğlunun, Nəsimi rayon DYP rəisinn sabiq müavininin övladının, Nərimanov rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Şahmar İbadovun oğlunun törətdiyi əməllər əslində ölkə ictimaiyyəti üçün SOS siqnalıdır. Əslində bir neçə ay öncə özünün şahzadələrə xas yaşam tərzini sosial şəbəkə vasitəsilə təqdim edən Bakı Lift idarəsinin rəisi Qüdrət Şükürovun qızı Aysel Şükürovanın hərəkətləri də adları yuxarıda qeyd edilən məmur övladlarından az təhlükəli deyil. Zaman – zaman harın məmurların, harın övladlarının həmyaşıdlarına, o cümlədən gənc ailələrə psixoloji təsir imkanları haqqında da məlumatlar dərc edəcəyik. 

Bir müddət öncə ölkə mətbuatı Prezident iradəsinə qarşı çıxan məmur – İmişli Suvarma Sistemləri idarəsinin rəisi Nizami Məmmədovun ənənəsinə sadiq qalaraq özünə hər il paytaxtın prestijli hesab edilən məkanlarında şou biznes ulduzlarının iştirakı ilə dəbdəbəli ad günləri keçirməsi ilə bağlı məlumatlar dərc etdi. Video görüntülərlə təqdim edilən məlumatlara qəribə də olsa nə Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin, nə də İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin rəhbərlik etdiyi qurumlardan hər hansı münasibət bildirilmədi. Xatırladaq ki, 1967-ci ilin martın 8-də doğulmuş İmişli Suvarma Sistemləri idarəsinin rəisi Nizami Məmmədov ötən il 49 yaşını paytaxtın “NEON” adlanan şadlıq sarayinda qeyd etsə də, bu ilin 8 martında paytaxtdakı “ALTUN” sarayda ölkə şou – biznes nümayəndələrinin iştirakı ilə 50 illik yubileyini dəbdəbəli şəkildə qeyd edib. 

Oxucuların diqqətinə çatdıraq ki. “ALTUN” saray bir neçə gün öncə oğlu avtomobillə yaşlı qadını vuraraq ölümünə səbəb olmuş Nərimanov rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Şahmar İbadova məxsusdur. Onu da qeyd edək ki, aşırı dərəcədə kapitala sahib olan Şahmar İbadovda əslən İmişli rayonundandır. Deməli məkanın seçilməsi və tədbirin bu qədər aşırı dərəcədə təmtəraqlı olması da təsadüfi deyil. Xeberdar.net-ə göndərilən video görüntülərdə yubiley tədbirinin aşırı dərəcədə dəbdəbəli olduğu aydın şəkildə görülür. Belə ki, bir - birini əvəz edən şou – biznes nümayəndələrinin yer aldığı səhnədə iri elektron tabloda ardıcıl olaraq “Nizami-50 yaş”, “Ülviyyə təbrik edir” və s. təbrik mesajları yazılır. Oxucuların diqqətinə çatdıraq ki, bu o Nizami Məmmədovdur ki, həmn dəbdəbəli yubiley tədbirindən cəmi 87 gün sonra – 3 iyun 2017-ci ildə ölkə Prezidentinn müvafiq Sərəncamı ilə “Su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə” Tərəqqi medalı ilə təltif edildi. Sözsüz ki, bu şəxsin medalla təltif edilməsi üçün tədimat məhz tabe olduğu Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin xeyir –duası ilə Prezident Admnistrasiyasına göndərilib. Və onu da qeyd edək ki, Nizami Məmmədova “Tərəqqi” medalını isə xüsusi təmtəraqla İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev təqdim edib. Hər iki məmura dövlət başçısının göstərişini bir daha xatırlatmaq istəyirik: 

-"Bəzi hallarda özləri üçün böyük məclislər düzəldirlər, təmtəraqlı toylar düzəldirlər, yubileylər düzəldirlər. Yaraşırmı bu dövlət məmuruna? Mən öz 50 illiyimi Ağcabədidə köçkünlərlə keçirmişəm. Bu, mənim təbiətimdir. İkincisi, bir yol göstərirəm. Belə olmaq lazımdır. Təmtəraqlı toylar, ad günləri, yubileylər, bahalı hədiyyələr - bunu yığışdırın, bəsdirin. Kim bunu eləyir, bilir kimi mən nəzərdə tuturam. Bu, həm yerli icra orqanlarına aiddir, həm də mərkəzi icra orqanlarının rəhbərlərinə aiddir"

Hörmətli Əhməd Əhmədzadə və Vilyam Hacıyevin İmişli Suvarma Sistemləri İdarəsinin rəisi Nizami Məmmədovu ciddi cəhdlə qorumaları Xeberdar.net olaraq hələ də bizə sirrdir. Lakin bu istiqamətdə araşdırmalarımız davam edəcək. Xatırladaq ki, İmişli Suvarma Sistemləri İdarəsinin rəisi Nizami Məmmədovun və övladlarının parıltılı həyat tərzi də nə bir müddət öncə ağır yol qəzası törədərək iki nəfərin ölümünə səbəb olmuş Baş nazirin müavini Əli Həsənovun hal – hazırda həbsdə olan nəvəsi Nail Allahverdiyevin, nə yenə də bir müddət öncə ağır yol qəzası törədərək yaşlı qadının ölümünə səbəb olmuş Nərimanov rayon İcra Hakimiyyəti başçısının I müavini Şahmar İbadovun oğlu Elmir İbadovun, nə də digərlərindən fərqli deyil. Azərbaycan Kooperasiya universitetinin tələbəsi olan oğlu Sabir Məmmədlinin atasının kapitalı hesabına paytaxt barlarında təşkil etdiyi gecə əyləncələri və bahalı avtomobillərlə etdiyi təhlükəli hərəkətlərlə bağlı video materialları və şəkilli görüntüləri davamlı olaraq təqdim edəcəyik. 

Mövzuya qayıdacağıq.
Redaksiyadan: Yazıda adı çəkilən qurum və ya şəxslərində mövqelərini dərc etməyə hazırıq.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz