0

Yol polisinin yığdığı cərimələrlə bağlı qalmaqal böyüdü

Baxış: 1 779
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) cərimə yığımının artması ilə bağlı açıqlaması geniş müzakirə mövzusuna çevrilib. Belə ki, Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi avqustun 27-28-də ölkə üzrə keçirilən reydlərin nəticələrinə dair məlumat yayıb. Bildirilib ki, iki gündə 10 mindən çox sürücü radara düşüb. Reydlər nəticəsində təkcə şənbə və bazar günlərində bütövlükdə 22 mindən artıq yol hərəkəti qayda pozuntusu aşkar edilib ki, onlardan da 10 mindən çoxu foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkarlanıb.
Qalan 12 mindən çox qayda pozuntusu, yol hərəkətinə nəzarəti həyata keçirən dövlət yol polisi qurumlarının əməkdaşları tərəfindən aşkarlanıb ki, onlardan da 163-ü nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməsi faktlarıdır.
Həmçinin Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov açıqlayıb ki, yanvarın 1-dən avqustun 20-dək Bakı şəhəri üzrə 91 min 499 piyadaya qarşı İnzibati Xətalar Məcəlləsinin 153-cü maddəsinin tələbinə uyğun protokol tərtib edilərək 20 manat məbləğində cərimə olunub. Bu isə ümumilikdə 1 829 980 manat deməkdir . Təkcə ötən həftə paytaxt üzrə 2742 piyada saxlanılaraq məsuliyyətə cəlb edilib. V.Əsədovun açıqladığı rəqəmlərə əsasən bu il ərzində 91 min 499 piyadaya 20 manat məbləğində cərimə protokolu tərtib edilib.Qeyd edək ki, bir sıra xəbər saytlarında statistik rəqəmlərə əsasən ilin altı ayı ərzində yol-hərəkət qaydalarının pozulması nəticəsində 40,2 milyon manat məbləğində cərimələrin tətbiq edilməsi barədə məlumatlar yer alıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə xəbəri təsdiqləyib. Məlumat üçün əlavə olaraq onu da deyə bilərəm ki, 8 ay ərzində isə respublika üzrə 2 100 000 yol hərəkəti qaydası əleyhinə olan inzibati xəta aşkarlanaraq sənədləşdirilib. Bu inzibati xətalara görə 58,5 milyon manat məbləğində cərimələr tətbiq edilib".
 E. Zahidov bildirib ki, qayda pozuntularının 65 faizi məhz foto-video qeydiyyat funksiyasına malik olan xüsusi texniki vasitələr tərəfindən tərtib edilən elektron protokollar olub.
"Yeri gəlmişkən daha bir məsələyə də münasibət bildirmək istərdim. Təəssüf ki, bəzən belə uğurlu nəticələri gözdən salmağa, DYP-nin fəaliyyətini qərəzli şərh etməyə və bununla da cəmiyyətdə guya çaşqınlıq yarada biləcəklərini düşünənlərə də rast gəlirik” – deyə Zahidov bildirib.
Bizimyol.info xəbər verir ki, iqtisadçı ekspert Qubad İbadoğluda müzakirə olunan DYP cərimələri mövzusuna münasibət bildirib. O qeyd edib ki, çıxış yolu cəza deyil, islahatlar olmalıdır. Ekspert vurğulayır ki, BDYPİ-nin əsas vəzifəsi büdcəyə pul toplamaq deyil, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinin təşkilidir. “Müqayisə üçün deyim ki, 6 ayın yekunlarına görə, 1,38 milyon qayda pozuntusuna görə 40,2 milyon manat cərimə hesablanmışdı. Beləliklə də orta hesabla bu ilin ilk 6 ayında hər gün 7625, bu ilin ilk 8 ayında hər gün 8678 qayda pozuntusu qeydə alınıb. 1 qayda pozuntusuna görə hesablanan cərimə ilk 6 ayda 28 manat 96 qəpik, 8 ayda 27 manat 85 qəpik təşkil edib. Əslində qayda pozuntularının hər gün artması BDYPİ-nin işinin düzgün qurulmamasının və cərimələmə mexanizminin səmərə verməməsinin və yeganə vasitə kimi özünü doğrultmamasının göstəricidir”.
Fikrimcə, BDYPİ yol hərəkəti təhlükəsizliyinə aid qaydaların, standartların və texniki normaların təkmilləşdirilməsi sahəsində işini müasir tələblərə uyğun qurmalı, sürücülərin diqqətini cəlb edən sosial reklamlar yayımlamalı, piyadaların maarifləndrilməsi üçün məktəbəqədər müəssisələrdə, məktəblərdə şagirdlər, Universittetlərdə tələbələr arasında zəruri izahat işlərini gücləndirməlidir. Çıxış yolu cəza deyil, islahatlar olmalıdır”.
Ekspert əlavə edir ki, qayda pozuntularının hər gün artması cərimələmə mexanizminin səmərə verməməsinin göstəricidir.
“ABŞ-da olduğun 1 il ərzindən təxminən 9 ay avtomobil idarə etdim. Malik olduğum avtomobillə bu dövr ərzində 30 min mildən (48 min kilometrdən) çox məsafə qət etsəm də avtomobilim bir dəfə də olsa yol polisi tərəfindən saxlanmadı. Bir neçə ay avtomobil idarə edəndən sonra özüm də maraqla gözləyirdim ki, nə vaxtsa polis saxlayıb, sənədlərimi yoxlayacaq və mən də ona cəmisi 10 dollar rüsüm ödəməklə və 1 saat 20 dəqiqə vaxt sərf etdiyim imtahan vasitəsilə qazandığım ABŞ sürücülük vəsiqəsini təqdim edib, sürücülük hüququmu təsbit edəcəm. Amma, bu günün həsrəti ilə 9 ayda 1 dəfə də olsun avtomobilim saxlanılmadı. Çünki, ABŞ-da yol polisi ilə daha çox avtomobillərin hərəkətinin sıx olduğu, eləcə də şagirdlərin məktəbə giriş-çıxış saatlarında yolların kəsişməsində rastlaşırdım, onların xidməti vəzifələrini əsasən belə icra etdiyinin şahidi oldum. Digər tərəfdən ABŞ-da yollar və yol hərəkətin nişanları elə qurulub ki, qaydaları pozmağa ehtiyac qalmır, avtomobillərə U dönüşü, saga sola burulmaq üçün imkanlar yaradılır, sürət həddi yollara adekvat olaraq tənzimlənir və magistral yollarda hərəkət kosmosdan peyk vasitəsilə müşahidə olunur. Bu ölkədə sürücülər də öz növbəsində qaydaları təqib etməklə həm rahat və həm də təhlükəsiz şəraitdə avtomobillərini idarə edə bilirlər, belə olan halda yollarda da çox nadir hallarda qəzalarla rastlaşmaq olur”.
Qubad İbadoğlunun sözlərin görə, Bakıya gəldiyim son 4 ay da avtomobil idarə etməsə də başqalarının avtomobillərinin dəfələrlə saxlanılmasının, cərimə meydançalarına daşınmasının, reydlərin artdığının şahidi olub. “Baxmayaraq ki, bununla yanaşı son illər yollarda müşahidə, nəzarət edici və hərəkət sürətini ölçərək qeydə alan çoxlu sayda kameralar quraşdırılıb və əslində bu infrastukturun inkişafı yol polislərinin işini asanlaşdırmaqla onları bu isti havada tozlu yollardan sərin kabinetlərə daşımalı idi” – deyə Q.İbadoğlu bildirir.
Baş Dövlət Yol Polisi İdarəsindən bizimyol.info saytına verilən məlumatda isə iqtisadçı-ekspert Qubad İbadoğlunun açlqladığı rəqəmlər təkzib edilir. “Onun sözlərinə görə, avtomobilin sərxoş vəziyyətdə idarə edilməsi ilə bağlı avqustda gündə 50 sürücü cərimələnib. Bu ilin ilk ayında 9100 sərxoş sürücü ilin ilk 6 ayında ən azı 3 milyon 640 min cərimə ödənilməli idi. Amma ekspert hesab edir ki, nədənsə 6 aylıq hesabatda sərxoş sürücülərdən bəhs olunmur. Lakin DİN Baş Dövlət Yol Polisi İdarəsinin məsələ ilə bağlı yaydığı açıqlamada ekspertin fikirləri təkzib olunur. Belə ki, İdarədən verilən məlumata görə, 6 ay ərzində aşkar edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında, o cümlədən sərxoş sürcülər barədə məlumat hələ iyul ayının 20-də Baş DYP İdarəsinin dyp.gov.az rəsmi saytında yerləşdirilib və istənilən şəxs saytın “Xəbərlər arxivi”nə daxil olmaqla həmin məlumatları əldə edə bilər.
O ki qaldı statistik məlumatlarda göstərilən 40,2 milyon manat vəsaitə, Baş DYP İdarəsi bir daha bildirir ki, bu pul tətbiq olunan cərimələrin məbləği deyil, ödənilən cərimələrin miqdarıdır və bu məbləğə ödənişi bu il təmin olunmuş, lakin əvvəlki illərdən qalmış cərimələr də daxildir” – deyə BDYPİ-nin açıqlamasında qeyd edilir.
Rəşad VAQİFOĞLU
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz