0

Bakı Vaqon Deposunun rəisi məhkəməyə verildi

Baxış: 1 842
Qatar rəisi Hicran Məmmədova: “Rüşvət vermədən və arxanda vəzifəli qohumun olmadan işləmək mümkün deyil” “Dəmiryol İdarəsinin Bakı Vaqon Deposunda işləmək üçün ya gərək rüşvət verəsən, ya da yüksək vəzifədə bir qohumun ola”.

Press-az.com xəbər verir ki, bu sözləri “Basta”ya şikayətlə müraciət edən Hicran Məmmədova deyib. Hicran Məmmədova 2017-ci ilin mart ayında qatar rəisi vəzifəsindən azad edilib. İşdən qanunsuz çıxarılması ilə əlaqədar Bakı Vaqon Deposunun rəsini məhkəməyə verib. Məhkəmə çəkişməsi davam edir.

Hicran Məmmədova çoxlarıın orta təhsillə işlədiyi  “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Vaqon Deposunda Azərbaycan Texniki Universitetinin məzunu olaraq 2007-ci ildə bələdçi statusu ilə işə başlayıb.

“O vaxt kadrlar şöbəsinin müdiri Azər müəllim idi. Qatar rəislərinə namizədlər irəli sürüləndə mənim də namizədliyimi irəli sürmüşdü. Demişdi ki, Hicran xanım, siz əvvəllər mühəndis, baş mühəndis, baş iqtisadçı işlədiyiniz üçün qatar rəisliyinə namizədliyinizi irəli sürdüm. Amma Deponun rəisi Rəhman Əbişov buna razılıq vermədi. Sonra mənim qohumum Orxan Axundov işə qarışdı. Dəmiryol İdarəsinin tapşırığından sonra mən qatar rəisi keçdim”, – Hicran Məmmədova bildirir”.

“Mən rüşvət vermədən qatar rəisi keçdiyim üçün rəis daim mənlə prinsip aparırdı. Amma qohumum Orxan Axundov rəhmətə gedəndən sonra mənə qarşı hücumlar başladı”, – Hicran Məmmədova deyir.

Şikayətçinin  sözlərinə görə, Rəhman Əbişov onu işdən çıxarmaq üçün xüsusi oyun qurub. Hicran Məmmədovanın reysdə olduğu qatara Ucar rayonunda polis əməkdaşları minib. “Əməliyyatçı polislər” hansı hüquqlasa “SV” vaqonda kimin kimlə yatdığını araşdırıblar və məlum olub ki, iki sərnişin (biri qadın, digəri kişi) öz yerlərini dəyişmək üçün bələdçilərə 60 manat rüşvət veriblər.

“Bu oyun ortaya çıxan anda dərhal rəhbərliyə məlumat verdim. Rəsmi raport yazdım. Bələdçiləri dərhal işdən kənarlaşdırdım. Əgər bələdçilər qanunu pozubsa, onların cəzalandırılmalı olduğunu bildirdim”.

Hicran Məmmədova faktın ört-basdır olunmasını tövsiyyə edən “dostların” təklifinə də məhəl qoymayıb – faktı rəsmiləşdirib. Amma, çifayda, çanaq onun öz başında çatlayıb.

Bələdçilər sadəcə öz ərizələri ilə işdən azad olunublar. Onlara qarşı hər hansı ittiham irəli sürülməyib. Əmma əvəzində, Hicran Məmmədovanın işdən azad olunması ilə bağlı əmrdə, məhz bələdçilərin rüşvət alması əsas göstərilir.

Hicran Məmmədovanın məhkəmə ərizəsində deyilir:

“Hicran Məmmədova Bakı Vaqon Deposunun rəisi R.Əbişovun 10 mart 2017-ci il tarixli, 70 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunub. Əmrdə göstərilir ki, qatar rəisi raportunda göstərmişdir ki, rəisi olduğu qatardarda iki bələdçi, Mehrac Məmmədova və İlhamə Axundova iki nəfər sərnişindən 60 (altmış) manat pul aldıqlarına görə qatara sərnişin kimi minən iki polis əməkdaşı və qatarı müşayiət edən polis nəfəri tərəfindən izahatları alınmış və tərəfindən Ucar stansiyasında işdən kənarlaşdırılmışlar. Həmin təqsirkar bələdçilər, ərizəsi alınaraq, işdən öz xahişləri ilə azad olunurlar, onların barələrindəki material aidiyyəti üzrə prokurorluq orqanına göndərilmir, lakin təqsiri olmadığı və məsələni bilən kimi onları işdən kənarlaşdırdığı və barələrində raportla məruzə etdiyi halda, onu işdən çıxarırlar.

Belə ki, həmin gün, yəni 13.02.2017-ci il tarixdə rəisi olduğu 98/97 saylı Bakı-Ağstafa-Qazax sürət qatarının 1-1/05961 saylı vaqonunun bələdçiləri M.Məmmədova və İ.Axundova sərnişinlər Babayeva Arzu Rauf qızından və Abdullayev Əli Telman oğlundan 60 manat pul (rüşvət) aldıqları qatara sərnişin kimi minmiş Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları Əhmədov Ədil Səlaməddin oğlu və Nəsirov Natiq Əmiraslan oğlu və qatarı müşayiət edən polis nəfəri tərəfindən aşkarlanaraq qatar rəisi kimi ona bu barədə məlumat verilmiş və həm hər iki bələdçinin, həm də hər iki sərnişinin izahatları alınmış, bələdçilər elə yoldaca tərəfindən işdən kənarlaşdırılmış və onlar sərnişin kimi yola davam etmiş, sərnişinlər Arzu Babayeva və Əli Abdullayev polis əməkdaşları Ədil Əhmədov və Natiq Nəsirovla birgə Ucar stansiyasında qatarı tərk etmişlər. Bu barədə o, qatar rəisi olaraq Bakıya qayıdan kimi, 15.02.2017-ci il tarixdə Bakı Vaqon Deposunun rəisinə 352 saylı Yol raportu ilə məruzə etmişdir. Hətta bu barədə Bakı Vaqon Deposunda, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsində də araşdırma getmiş və həmin bələdçilərin izahatları alınmışdır. Bu hal depo rəisi R.Əbişovun onun işdən çıxarılmağı ilə bağlı verdiyi əmr və bələdçilərin etirafedici izahatları ilə təsdiq olunur. Lakin qeyd etdiyi kimi onun heç bir təqsiri olmadığı halda qanunsuz olaraq işdən azad olunmuşdur. Təsadüfü deyil ki, AR DİN NBPİ-nin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin iddiaçıya ünvanlanmış 07.06.2017-ci il tarixli məktubundan görünür ki, iddiaçı barəsində DYNPİ-də heç bir təqsirləndirici material olmamışdır.

Məsələ ondan ibarətdir ki, iddiaçı dəfərlərlə məhkəmə proseslərində 98/97 saylı Bakı-Ağstafa-Qazax sürət qatarının 1-1/05961 saylı vaqonunun bələdçiləri M.Məmmədovanın və İ.Axundovanın sərnişinlər Babayeva Arzu Rauf qızından və Abdullayev Əli Telman oğlundan 60 manat pul (rüşvət) aldıqları halda məhz nəyə görə işdə yol verdikləri nöqsanlara görə yox, öz xahişləri ilə işdən azad edilmələrini izahat edə bilməmişdir. Bu hal bir daha onu təsdiq edir ki, cavabdeh iddiaçıya qarşı qərəzli yanaşmış, Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə görə işdə azad olunmalı olan vaqon bələdçiləri M.Məmmədovanın və İ.Axundovanın yerinə heç bir hüquqi əsas olmadan, iddiaçı Hicran Məmmədova həmin əsasla işdən azad olunmuşdur.

Sözügedən əmrdə daha sonra göstərilmişdir ki, guya araşdırma zamanı məlum olmuşdur ki, vaqon bələdçisi Mehrac Məmmədova qatar rəisi əvəzi Hicran Məmmədova tərəfindən daim himayə olunmuş, vaqona təhkim olunmuş iş yoldaşı İlhamə Axundova işdə olmayan vaxtlar onun yanına yazılmış briqadanın digər bələdçiləri, quyruq vaqon olmasına baxmayaraq qatar rəisi və Mehrac Məmmədova tərəfindən vaqona buraxılmamış və o, yolda tək olmuşdur.

Qeyd olunan mülahizə ilə bağlı bildiririk ki, vaqon bələdçisi Mehrac Məmmədova qatar rəisi əvəzi Hicran Məmmədova tərəfindən daim himayə olunması ilə bağlı cavabdeh tərəf hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, qeyd olunan fikir əmrin əsaslandırılması məqsədilə uydurulmuş mülahizədən ibarətdir. Bundan əlavə vaqona təhkim olunmuş İlhamə Axundovanın işdə olmayan vaxtlar onun yanına yazılması, briqadanın digər bələdçilərinin, quyruq vaqon olmasına baxmayaraq qatar rəisi və Mehrac Məmmədova tərəfindən vaqona buraxılmaması və onun yolda tək olması ilə bağlı fikirlərin də heç bir əsası və sübutu yoxdur. Belə ki, əgər iddiaçı H.Məmmədova hər hansısa bələdçini vaqona buraxmırdısa, həmin şəxslər bu barədə qurumun rəhbərliyinə müraciət edə şikayət bildirə bilərdilər. Bu hal da onu təsdiq edir ki, qeyd olunan xüsusat da əsassızdır.

Beləliklə əmrdə göstərilən neqativ halların iddiaçı ilə heç bir bağlılığı olmamış, iddiaçı tərəfindən vəzifə öhdəlikləri lazımi qaydada icra edilmişdir”.

Hicran Məmmədova məhkəmə iddiasında, onun işdən azad olunması barədə əmrin ləğv edilməsini, işə bərpa edilməsini və qanunsuz işdən çıxarıldığı müddət üçün məvacibin hesablanaraq ödənilməsini tələb edir. Nəsimi Rayon Məhkəməsi Hicran Məmmədovanın bu iddiasını təmin etməyib. Hicran Məmmədova bununla əlaqədar Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına şikayət edib.

Məhkəmə prosesini diqqətdə saxlayacayıq.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz