0

"İmtahandan çıxanda düşünürdüm ki, 3-4 səhv edə bilərəm"

Baxış: 1 497

"İmtahandan çıxanda düşünürdüm ki, 3-4 səhv edə bilərəm"

Xəbər verdiyimiz ki, son qəbul imtahanlarında 3 abituriyent 700 bal toplayıb. Bütün suallara düzgün cavab vermək heç də asan deyil. Bu, uzun müddət çalışmağın bəhrəsidir. Bəzən 700 bal toplayan gənclərin hansı üsuldan istifadə etdiyi, necə hazırlaşdığı çoxları üçün maraqlı olur. Elə bu səbəbdən musavat.com saytının əməkdaşı 700 bal toplayan 3 gəncdən biri olan Cavad Əliyevdən müsahibə alıb.

Cavad Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin şagirdidir. Bu günə qədər lisey müəllimlərinin verdiyi təhsilin sayəsində 700 bal toplayıb. Daha ətraflı isə özü danışır.

- 700 bal toplayacağını gözləyirdin?

- Məktəbimizdə tez-tez sınaq imtahanları keçirilir. Sınaqlardakı suallar qəbuldakından daha çətin olurdu, məktədə bizi imtahana tam hazırlayırlar. Ona görə də, bu imtahanı azı 4-5 dəfə yaşamış sayılıram. Sınaqlarda topladığım bal 700-ə yaxın olub, amma heç vaxt bu qədər bal toplamamışam. İmtahandan çıxanda düşünürdüm ki, 3-4 səhv edə bilərəm. Cavabları yoxlayanda gördüm ki, səhvim yoxdur. Yəni, nəticələr açıqlanmamışdan öncə 700 bal topladığımı bilirdim. Məndən çox ailəm və dostlarım sevindi.

- Çoxlarını, əsasən də valideynləri maraqlandıran bir sual var - 700 bal toplamağın sirri nədədir?

- Mən nəticəni Dəyanət Vəqfində oxuyaraq əldə etdim. 700 bal toplamağın sirri yoxdur. Günün əsas hissəsini dərs oxumalısan. Bizim liseyin kursları var, mən öz müəllimlərimin yanında hazırlaşmışam. Müəllimlərim çox savadlıdır, direktor Kadir müəllim başda olmaqla üzərimizdə müəllimlərimizin əməyi böyükdür. Riyaziyyat müəllimi Vidadi müəllim, coğrafiya müəllimi Rəşad müəllim çox əziyyət çəkib bizim üçün. Yaxşı nəticə göstərmək üçün mühit və seçdiyiniz dostlar da önəm daşıyır. Əsas 700 bal toplamaq deyil. Düşdüyün mühit səni yaxşı nəticə göstərməyə sövq edir.

- Belə başa düşdüm ki, ətrafında səninlə eyni düşüncə tərzində həmyaşıdların var.

- Dostlarım da mənimlə eyni təfəkkürdədir. Biz ancaq dərs oxumaq istəyən kollektiv deyilik. Əyləncəyə də vaxt ayırırıq. Bu əyləncə mənasız bir şey ola bilməz. İnsanın ətrafında özü kimi insanlar olanda daha səmərəli işlər görür.

- Günün neçə saatını oxumağa həsr edirdin? Bəzən şablon sözlər olur, "Televizora baxmırdım, facebooka girmirdim" deyə. Sən də belə deyəcəksən?


- Yox (gülür-red). Sosial şəbəkələrdən istifadə edirdim, əyləncəyə vaxt ayırırdım. Sadəcə son 1 ayda isə əsas vaxtımı oxumağa həsr etmişdim. Sosial şəbəkədən bilgilərimi artırmaq üçün istifadə edirəm. Facebook-da əsasən komik səhifələri izləyirəm, maraqlı videolara baxıram.

- Özünə nəsə məhdudiyyət qoymuşdun?

- Son 1 ayda məhdudiyyət qoymuşdum. Facebook-a və İnstagram-a gec-gec daxil olurdum. Davamlı istifadə etdiyim “YouTube” və “Wikipedia”dır. Çünki onlardan çox bilgi əldə edirəm.

- Valideynlərinin təzyiqi olub? Bəzən valideynlər övladlarını imtahan öncəsi daha da stresə salacaq sözlər deyirlər, basqı edirlər.

- Mənim bəxtim gətirib ki, uşaqlıqdan valideynlərim təzyiq göstərməyib. Hər zaman nə istəmişəmsə, o olmuşam. İxtisasımı da özüm seçmişəm. Məhdudiyyətlə qarşılaşmamışam. Hər zaman mənə dəstək olublar.

- 700 bal sənə nə qazandırdı? Təhsilini harada davam etdirəcəksən?

- Hələ ki xaricdə oxumaq şansım yoxdur. Olsa, dəyərləndirəcəyəm. Azərbaycanda istədiyim fakültəyə daxil ola bilirəm. Təhsilimi iqtisadiyyat üzrə davam etdirəcəm. Amma universitetlə bağlı fikirlərim qarışıqdır. Valideynlərim, müəllimlərim və dostlarımın məsləhətlərini dinləyib, sonda bir qərar verəcəyəm.

- 700 bal topladığını deyəndən sonra paxıllıq edən oldumu? Bu qədər balı toplamaq asan deyil.

- Dostlarımın, sinif yoldaşlarımın nəticələri də yüksəkdir. Onlar da 700-ə yaxın bal toplayıblar. Heç birində paxıllıq yoxdur. Onlar da sevincimi bölüşdülər. Sinifdə 20 nəfərik. 10-u 500-ü, 10-u isə 600 balı keçib. Yaxın dostum Xasməmməd 671, Əli 666, Kənan 649, Elgün 641 bal toplayıb. Kiminsə mənə paxıllıq etdiyini hiss etməmişəm.

"Uşaqlıqdan heç vaxt dərsin qurtarmasını istəməmişəm"

- Azərbaycanlı şagirdlərin əsas məqsədi universitetə daxil olmaqdır. Ondan sonranı düşünmürlər. Sən bundan sonra nə düşünürsən, universitetdən sonra təhsilini davam etdirəcəksən?

- Magistraturanı da oxuyacağam. Doktoranturanı oxuyub-oxumayacağımı hələ ki, bilmirəm. Öz ixtisasım üzrə mənim üçün səmərəli və ehtiyacımı ödəyən iş olsa, Azərbaycanda qalıb işləyərəm. Ömrümün axırına kimi dərs oxuya bilərəm. Uşaqlıqdan heç vaxt dərsin qurtarmasını istəməmişəm. Oxumağı sevirəm.

- O zaman sənə "oxumaq manyakı" demək olar?

- Yox, sadəcə oxuyanda içim huzurlu olur. Oxumağımın bəhrəsini görmək mükəmməl hissdir. Bunun yerini alacaq hiss yoxdur. Ömrümün sonuna qədər işləməkdənsə, oxumağı üstün tutaram.

"Övlad özü başa düşməlidir ki, oxumalıdır"

- Universitetə hazırlaşanlara və onların valideynlərinə nə məsləhət görərdin?

- Məni valideynlərim heç vaxt sıxmayıb. Mən də digər valideynlərə məsləhət görərdim ki, övladlarına məhdudiyyət qoymasınlar. Övladları nə qədər bal toplasa da, onları danlamasınlar. Övlad özü başa düşməlidir ki, oxumalıdır. Əgər başa düşmürsə, bu, uşaqlığından yaranmış problemdir. Uşağa təhsilin önəmini 4-5-ci sinifdə başa salmaq lazımdır. 11-ci sinfə qədər başa salınmayıbsa, 11-ci sinifdə çətin başa düşər. Oxumayan uşaq üçün övladı deyil, vadeyn özünü qınamalıdır. Çünki illər ərzində təhsilin önəmini aşılamayıblar. 300 bal yığan da onların övladıdır, 700 yığan da. Bu, həyatın sonu deyil. Uşaqlara da demək istərdim ki, həyəcanlanmasınlar. Həyəcan bildiyini də unutdurur. Sakit qalaraq bildikləri sualları cavablandırsınlar.

 

 

Məhəmməd Türkmən

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz