0

Tahir Abbasli: “Allaha xatir türməyə düşmək də, söyülmək də, döyülmək də, var-dövlətindən və insan üçün ən dəyərli olan canından keçmək də gözəldir”

Baxış: 366

Son vaxtlar Qərbdə müsəlmanlara qarşı aşkar basqıların şahidi olmaqdayıq. Təəssüf ki, bu məsələ artıq bir çox “demokratik” dövlətlərin rəsmi siyasətinə çevrilib. Hansı ki, bu dövlətlərdə hər bir müsəlman “terrorçu”, sülh və barış dini olan İslam “terror dini” kimi təqdim edilir. Əlbəttə, bütün bunlar heç də təsadüf deyil. Belə ki, yüz illərdir İslamı hədəf alan qüvvələr bu gün də öz çirkin əməllərini davam etdirməkdədir. Bəs, müsəlman toplumu bu çirkin planı necə önləyə və İslam dinini dünyaya olduğu kimi necə çatdıra bilər?   

Bu və digər sullara İslam Demokrat Partiyasının sədri Hacı Tahir Abbaslı ilə söhbətimizdə aydınlıq gətirməyə çalışdıq. Ona qədər isə müsahibimizlə cəmiyyətdəki siyasi passivlik və iqtidar-müxalifət münsaibətlərindən danışdıq.

- Tahir müəllim, hazırda cəmiyyətdə siyasi passivlik müşahidə edilməkdədir. O cümlədən iqtidarla müxalifət arasında da böyük bir uçurum var. Sizcə, bunun səbəbləri nələrdir?

-Bismillahi rəhmani rəhim. Əvvəla onu qeyd etmək istəyirəm ki, Azərbaycan cəmiyyətində iqtidar və müxalifət arasında olan münasibətlər o qədər də faciəli deyil. Kapitalizm öz ampluasında, hərəkət sistemindədir, öz diktəsini edir və nəticədə cəmiyyətdə istər fikirdə, istər də maddi cəhətdən imkanlılar və imkansızlar əmələ gəlir. Eləcə də əksər sahələrdə ciddi antoqonist münasibətlər mövcuddur. Bunun da tənzimlənməsi üçün gərək cəmiyyət hər şeyə hazır olsun və bütövlükdə bir adam kimi reaksiya versin. Müxalifət də özlərinin varlıqlarını, sağlam müalicəvi düşüncələrini ortaya qoysun ki, iqtidara da təsir edə bilsin. Bilirsiniz ki, hələ 100 il qabaq bizim ziyalılarımız çox ağıllı addım atıb milli ideologiyanı ortaya qoydular. Bu gün problem milli ideologiyamıza sahib durmamağımızdadır. Milli ideologiya deyəndə, bir qrup adam deyir ki, mən millətçiyəm, bir qrup deyir ki, mən islamçıyam, başqa bir qrup deyir ki, mən çağdaş düşüncənin daşıyıcısıyam. Bunların hamısı ayrı-ayrılıqda yanlışdır. Bunların üçü də bir arada olmalıdır.

- Yəni vahid milli ideologiya olmalıdır?

- Bəli. Hər bir vətəndaşın təfəkküründə bunların hər üçü də olmalıdır. Həm millətçilik olmalıdır, həm İslamın buyurduqlarına əməl edib ona sahib durmaq lazımdır, həm də müasir dövrün tələblərinə uyğun olan bütün hərəkətlər dəyərləndirilməlidir. Cəmiyyət bir mövqedə qalmamalıdır. Suyun axarı olduğu kimi, cəmiyyətin də fikirdə axarı olmalı, hər dövrün öz tələbinə uyğun mövqe sərgilənməlidir.

- Belə anlaşılır ki, İslam Demokrat Partiyası və onun daşıdığı ideya da məhz bu zərurətdən qaynaqlanır...

- Bəli. Hesab etdik ki, bu ideyanın ortaya qoyulmasına ehtiyac var. Məsələn, müsavataçılığın özü elə islam-demokrat ideyasından yaranıb, sonradan say çoxluğunu keyfiyyətdən üstün bilərək, əzəli prinsiplərini yaddan çıxardılar.  Müsavatçılğın tərkibində bir bərabərçilik var. İslamın nəzərində bərabərçilik odur ki, hər kəs fikir və düşünəsinə, zəhmətinə uyğun dəyər, qiymət almalıdır. Cəmiyyət bütün sahələrdə inkişafa cəhd etməlidir. İnsanlar siyasi, hərbi, ideoloji, iqtisadi və s. sahələrdə hərəkət etməlidir. Hərəkətin də kökündə bu 3 şey - millətçilik, islamçılıq, çağdaşçılıq durur. Özü də bərabər səviyyədə. İndi bəzilərinin İslam ideologiyasına olan münasibəti ziddiyyətlidir. Məsələn, millətçi deyir ki, mənim üçün milli maraqlar daha öndə gəlir. Amma milli maraqlar deyəndə, gərək millətin mənəvi dəyərlərinə, dininə, inanclarına və inanclı insanlarına sahib durasan. Bu insanların təfəkküründə Allaha bağlılıq, Allaha inam, Allahın buyurduqlarına əməl etmək zərurəti var. Bunları sıradan çıxarmaq olmaz. Hansı ki, bunun fəsadlarını biz özümüz 70 ilin nəticəsində gördük.

O cümlədən demokratlar, müasir düşüncəli insanlar da bir cür düşünür. Məsələn, onlar düşünür ki, millətçilər geridə qalıblar, onlarda yersiz təəssübkeşlik, təkəbbürlülük, çatışmazlıqlar  var. Müasirələşə bilmirlər və başqa millətlərə yuxarıdan aşağı baxırlar və hər iksinin də İslama münasibəti yaxşı olmur. Bunun çıxış yolu odur ki, insanlar həm müasir tələblərə uyğun yaşamalı, həm də axirətlərini qazanmalıdır. Bu gün bir dəstə adam siyasətlə məşğul olur, hətta özlərini cəhənnəm oduna atırlar ki, millət və dövlət əminlikdə olsun. Nə qədər düzgündür ki, xalqdan və dövlətdən ötrü özünü oda atasan, nəticədə axirətini itirəsən. Biz istəyirik ki, insanlar normal həyat tərzi yaşaya-yaşaya mövcud problemlərin həlli istiqamətində hər kəs öz işini görsün. Həm dünyasını və həm də axirətini qazansınlar. Hesab edirik ki, vətənpərvərlik təbliğatında ilişib qalmaqla müasir poroblemləri çözmək mümkün deyil. Siyasi mübarizədə din, əxlaq və mənəvi dəyərlər də gərək öz yerini tutsun. Əks təqdirdə, yanlış fikirli, niyyətləri sağlam olmayan cahil insanlar siyasi partiyalara doluşub, milli ruhiyyəni öldürməyə və ölkə daxilində iqtidar-müxalifət savaşı salmağa cəhdlər edəcəklər.

- Maraqlıdır, nəyə əsasən bu qənaətdəsiniz ki, siyasətçi fəaliyyətində özü üçün cəhənnəmi qazanır?

- Bilirsiniz, elə bir insan yoxdur ki, ictimai-siyasi proseslərdə olsun, amma milli və dövlət marağına sevgisi olmasın. Adicə futbol kulubuna bu qədər sevgisi olan insanlar nədən böyük siyasi oyunlara cəlb ounmuş bir dövlət və siyasi hakimiyyəti seməməlidir. Geniş ürəklə baxsaq, sevindirici işlər yetərincədir. Kənar qüvvələrə və digər maraqlara xidmət edənləri nəzərdə tutmuram, bu başqa məsələdir. Amma fikir bundadır ki, hər kəsin özünün daxili aləmində, fitrətində sağlam hərəkət sistemi olur. Amma mühit də insanı dəyişə bilir, bəzən normal bir insan, millətinə, dövlətinə düşmənə çevrilir. Məsələn, əlində vəzifə olan məmurların özlərini götürək. İlkin başlanğıcda vədləri, əməlləri, niyyətləri də müsbət olur, istəyirlər ki, millət və dövlət uğrunda mübarizə aparsınlar. Amma qarşılarına çıxan maneələr, özlərindən asılı olmayan qaydalar, güc ölkələrinin basqıları və başqa basqılar ola bilər, onların fəaliyyətinə təsir edə bilir. Məsələn, düzgün qərar çıxaranda hamıya xoş olmur, hər kəs onunla razılaşmır və düşmən olurlar. Həzrət Əli (ə) hakimiyyətə gələndə çox adam ona düşmən oldu, çünki haqqın tərəfində idi. Gərək insanlar haqqı tanısınlar ki, haqda olanları tanısınlar.  Bizdə isə əksinə, liderləri tanımaqla “haqqı” tanımış oluruq. Haqqı tanımayanda cəmiyyətdə belə bir formalaşma olur. Yəni həmin adamlar da öz vəzifəsini icra edərkən özlərini oda atırlar və yanlış qərarlar verirlər. Elə düşünürlər ki, başqa çıxış yolları yoxdur. Təbii ki, belə adamlara qarşı da fikrilərimiz yumşala bilər. İqtidar və müxalifət arasında ki, uçrum olduğunu deyirsiniz, biz belə prizmadan yanaşdıqda, görərik ki, idarəetmə sistemində olan insanların hamısı heç də bu millətə düşmən deyil, əksinə onların islah olunması üçün cəhdlər edilməlidir.

- Bəs rüşvət, korrupsiya, milyardlarla manatlıq dövlət əmlakının talanması...?

- Hər bir insan fitrətən istəyir ki, hökmdar olsun, dünyanı idarə etsin və s. Hədis də var ki, “İki Nil çayı qızıl və gümüş axa, insan üçüncünü istəyəcək”. Cəmiyyət İslam təfəkküründə olmalıdır. Təbii, sui-istifadə bütün dövrlərdə olub, bu gün də var və çox ehtimal ki, yaxın gələcəkdə də olacaq. Kapitalizm nəyin bahasına olursa-olsun varlanmaq ehtirasında olan formasiyadır. Öz “qanun və ideya”ları var. İnsan yetişdirməklə işləri yoxdur. Bəllidir ki, məmurların əksəriyyəti sovetlər dönəmində yetişmiş, fikirlərdə və nəfsani istəklərdə zorla həbs olunmuş insanlardan ibarətdir. Fürsət əllərinə düşən kimi, öz şəxsi istəklərini cəmiyyətdən üstün tutur. Birdən-birə azadlığa çıxmış insanlardan yüksək səviyyəli mərifət gözləmək çətindir. Mal-mülk, maşın hərisliyini sosializmin yanlış və ziddiyyətli təbliğatını yox edə bilmədisə, kapitalizmdə bu hərcayı təfəkkürə nə mane ola bilər. Hər halda olana şükür edək ki, insanlarımız hər iki formasiyada tam qaranlıqlara qərq olmuş kimi deyillər. Nurlu, millətini və dövlətini sevənlərimiz harınlaşmış məmur  ordusundan çoxdür. Xalqımız gözəllikləri sevir, adət və ənənələri, mənəvi dəyərləri ilə onu qoruyub saxlayır. Yəni siz dediyiniz səbəbi insanalrın darısqal evlərdən geniş evlərə, darısqal fikirlərdən geniş fikirlərə sahib olmasındandır…

- Dediklərinizdən belə aydın olur ki, insan nəfsinə qalib gələ bilmirsə, dövlətə, millətə xəyanət edirsə, o cəhənnəmlikdir...

- Hər bir insan, istər məmur olsun, istər sadə vətəndaş olsun, ölüm, ölümdən sonrakı həyat, axirət və s. haqqında məlumatlı olmağı istəyir ki, həm bu dünyasını, həm də axirətini qazansın. Amma insanların dinlə əlaqələrinin kəsilməsi ciddi problemlər yaradır. Yəni şəxs ictimi-siyasi həyatda kimliyindən asılı olmayaraq, fikirlərini qalib bilirsə, cəmiyyət üçün xeyirli bilir və müəyyən məsələlərdə, qərarlarda özünü də yaddan çıxarmır. İndi problem odur ki, dindarlar var, şəxsiyyət deyillər, şəxsiyyət var, dindar deyillər. Şəxsiyyət, haqq və həqiqətin qarşısında təslim olana və səhvlərini etiraf edənə deyilər. Bunun üçün hər kəs öz üzərində olmaq üçün çalışmaq lazımdır. Çoxları var dövlət və vəzifə üçün şəxsiyyətini itirir. Dindarlar da var ki, öz növbəsində, azacıq Allah buyurduqlarını öyrənən kimi, hamını özünə borclu bilir və yanlış təfəkkürlə meydan sulayır və cəmiyyət onların əməllərindən səksəkəli olur.

- Sizcə, dövlət idarəçiliyində təmsil olunanların dindar olması daha vacibdir, yoxsa şəxsiyyət?

- Mən deyərdim ki, ikisi də bir yerdə olanda gözəldir. Quşun iki qanadı olmazsa, yerində fırlanar. Sizcə Qanadları və uçmağa fəzası olmayan quşdan hansı göstəriciləri istəmək və ya tələb etmək olar? İnsan da belədir. Elm bir qanaddır və iman bir qanad. Elmi olanın imanı yoxsa və imanı olanın elmi yoxdursa elə yerinda sayacaq, boşuna fırlanacaq. Necəki, indiki durumdayıq. İkisi bir yerdə olmasa faciədir. Əlbəttə, hər ikisi bir yerdə olsa, cəmiyyətdə yalan, rüşvət, zina və.s. digər günahlar və məmurların da varlanma ehtirası olmaz. Bilirsiniz, hər bir insanın fitrətində “Allahlıq iddiası” var. Haqq yolundan azacıq çıxdınsa, yanlışlıq içində itirsən və yol səni yavaş-yavaş düzgün istiqamətdən yayındıra bilər. Bəzən görürük ki, hansısa məmur mövcud sistemlə razılaşmır, istefa verir, bəziləri də razılaşır, həbsxanalarda yatır və s. Siyasət tərkibi ədalətdir. Siyasilər bunu unutmamalıdırlar. O qədər incə və dərin siyasət aparılmalıdır ki, hər bir vətandaş özünə dəyər versin və özündə inam yaradaraq güclərindən və imkanlarından maksumum istifadəedib, Allaha xatir yaşasınlar və daim ictimai işlərdə də hərəkətdə olsunlar. Yəni, özündən razı olan kimsəyə xatir yaşasınlar. Hər bir vətandaş qərar çıxardanda milli ideologiyanı qarşısına gətirməlidir ki, mən həm millətimə, həm dinimə, həm də dövlətimin maraqlarına xidmət etməliyəm. Hamı yaxşı və xeyirxah işlər üçün növbəyə durmalıdır ki, ömürü abad olsun, dünyasını dəyişəndə əli boş getməsin və millətin xatirində gözəl insane kimi tanınsın və yadda qalsın. Hər bir vətəndaş düşünməlidir ki, mənə vəzifə və maddiyat hədəf deyil, Allaha xatir xalqıma və dövlətimə xidmət hədəfdir. Allaha xatir hər şey gözəldir. Türməyə düşmək də, söyülmək də, döyülmək də, var-dövlətindən və insan üçün ən dəyərli olan canından keçmək də gözəldir. Bəlkə də mövzudan azacıq yayındım. Amma sizin suallarınız mənə fürsət verdi ki, fikirlərimi açıqlayam. Hesab edirəm ki, müxalifət gözəl təkliflərlə müraciət etsə, yumşaqlıq yaranar və ilkin barışıq yolları tapılar. Məsələn, desə ki, möhtərəm iqtidar, bizə bir bölgə ver, gedək xidməti vəzifələrimizi yerinə yetirək və yaxşı nümunə olaq. Heç bir sahə bizləri qorxutmur. Xüsusən kənd təsərrüfatı sahəsi ilə məşğul olaq, bacarığımızı bütün sahələrdə tətbiq edərək, dövlətimizin inkişafında fayda verək. Pis olmaz, məncə...

- Sizcə, iqtidar onu verəcəkmi?

- Fikir onda deyil. Məndən cəhd etməkdir.

- Siz qeyd etdiniz ki, müxalifətlə hakimiyyət arasında elə də uçurum yoxdur. Amma dəfələrlə müxalifətin bu və digər istəyinə, dialoq təklifinə hakimiyyət müsbət cavab verməyib. Belə olan halda müxalifətin istəyini yerinə yetirə bilər?

- Bilrisiniz, fikir bundadır ki, biz nə demək lazım olduğunu bilirik, amma necə demək lazım olduğunu bilmirik. Bütün deyə biləcəklərimizi Quran, peyğəmbərlər və Əhli-beyt (ə)lar nəinki, biz müsəlmanlara, hətta bəşəriyyətə öyrədiblər. Bizim bu cür nəhəng və müdrük şəxsiyyətlərimiz ola-ola, gedib kimlərdənsə nəsə öyrənməyimiz kənardan sizcə necə görünər? Quran da çox məsələlərdə yumşaqlıq istəyib və həlimliklə həll olunmasını təkid edib. Bizə deməyiblər ki, hər şeyi, hətta haqq və həqiqətlərin hamısını və hər yerdə deyin. Ümumiyyətlə, bunu bir dəfəlik bilməliyik ki, açılıqla, qəzəblə, təkidlə, aşağılamlaqla həsir etmək, mümkün deyil və bu cür həqiqətləri deməyin heç faydası da olmaz. Nə Allaha xoş gedər, nə də bəndəyə. Başqalarını aşağılamaqla həqiqətləri demək düşmənçiliyi daha da dərinləşdirər. “Mən səndən yaxşıyam, ağıllı düşünürəm və yaxşı idarə edərəm” və s. deməklə iş bitmir. Belə görüntülərlə indiki durumumuzda müxalifət nəticə əldə etmək istəyirsə, yanlış olar. Bu cür davranlşa kim gedər?!

- Yəni deyirsiniz ki, müxalifətin davranışı qüsurludur?

(Ardı var)

AYXAN

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz