0

Nəzakət Balabəyova: “Ər öz arvadını istirahət adı ilə Dubaya aparıb, sonra orda qoyub gəlmişdi”

Baxış: 638

 

Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinə (İAQYM) Daxili İşlər Nazirliyi İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi (DİN İAQMBİ) tərəfindən yönləndirilmiş 63, müxtəlif qeyri-hökümət təşkilatları tərəfindən yönləndirilmiş və ya fərdi olaraq müraciət etmiş 30 nəfər insan alverinin potensial qurbanına yardım göstərilib. Bu barədə Sputnik Azərbaycan-a ƏƏSMN İAQYM-in direktoru Nəzakət Balabəyova məlumat verib.
Onun sözlərinə görə, həmin insanların bir çoxu ehtiyaclarına uyğun olaraq eyni vaxtda bir neçə yardım növü ilə təmin ediliblər. Ümumilikdə 41 nəfərə hüquqi (insan alveri qurbanları — 21, potensial insan alveri qurbanları — 20), 46 nəfərə psixoloji (insan alveri qurbanları — 33, potensial insan alveri qurbanları — 13), 22 nəfərə tibbi (insan alveri qurbanları — 10, potensial insan alveri qurbanları — 12) yardım göstərilməsi üçün aidiyyəti işlər aparılıb. Həmçinin, mərkəzin müraciəti əsasında 39 nəfərin məşğulluğunun təmin edilməsi (insan alveri qurbanları — 25, potensial insan alveri qurbanları — 14), 15 nəfərin peşə hazırlığına cəlb olunması (insan alveri qurbanları — 9, potensial insan alveri qurbanları — 6) üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən müvafiq tədbirlər görülüb. Hazırda həm insan alveri qurbanları, həm də potensial insan alveri qurbanlarının bir qismi ilə işlər davam etdirilir.

N. Balabəyovanın bu mövzu ətrafında Sputnik Azərbaycan-a müsahibəsini təqdim edirik: — Nəzakət xanım, bəzən deyirlər ki, insan alveri qurbanı ancaq kasıb, cahil, savadsız insanlar olur. Sizin təcrübəniz bu haqqda nə deyir? — Bəli, insanlarda belə bir fikir formalaşıb ki, insan alveri qurbanı kasıb, savadsız, yolunu bilməyən insanlar olur. Bizim tədqiqatlar nəticəsində müəyyən edilib ki, insan alveri qurbanları hər təbəqədən ola bilər. Burada var-dövlət, savad heç bir rol oynamır. İnsan alveri qurbanı olan ziyalı ailənin qızı (cinsi sitismar), savadlı kişi (əməyin istismarı), ziyalı bir ailənin uşağı (orqan transplantasiyası) qarşımıza çıxıb. Bu, elə bir vəziyyətdir ki, heç kim bundan sığortalanmayıb.

Bu kimi hallar təkcə tikinti sektorunda deyil, turizm sektorunda da var. Məsələn, elanlar var ki, 3 ay Türkiyədə, Antalyada, Bodrumda iş təklif edilir. Amma ora gedən fikirləşmir ki, harada qalacaq, nə qədər işləyəcək, məvacibini necə alacaq. Bunu heç soruşmurlar. Əmək haqqında olan rəqəmləri, sıfırların sayını görüb, şirnikirlər və ora qaçırlar.

— İnsan alverinin qurbanı olmamaq üçün kimdən qorunmalıyıq?

— İnsan tacirləri sizə yaxın insanlar olur. Çünki sənin problemini yaxınından başqa kimsə bilə bilməz. Sizin yaxınınız, rəfiqəniz, xalanız, xalaqızınız, qohumlarınız sizin problemlərinizi bilir. Və çox vaxt bu insanlar sizi insan alveri qurbanına çevirirlər. Sizə bir hadisə danışım. Bir ali sadvalı qız vardı. O qız burada hamilə qalmışdı. İstəmirdi, hamilə olduğunu valideynləri bilsin. Bu qıza rəfiqəsi deyib ki, gəl gedək Türkiyəyə, həm sən orda əczaçı işləyərsən, həm də uşağı saldırarsan. Bu qız da maraqlanmayıb ki, türklər özləri aptekdə işləyə bilmir, lisenziya olmadan mən necə işləyəcəm?! Qız qoşulub rəfiqəsinə, gedib Türkiyəyə. Getdiyi axşam pasportunu alıb, bunu göndəriblər “işləməyə”. Hamiləliyinin 8 ayına kimi dar paltarlar geyindirə-geyindirə “işlədiblər”. 8 aydan sonra görüblər daha “işləyə” bilmir, onu ofisiant kimi işlətməyə başlayıblar. Sonradan, bir müştərinin yazığı gəlib, onu Naxçıvan yolu ilə Azərbaycana qaytarıb. Biz qurbanlara psixoloji, sosial, hüquqi yardım edirik. Amma ən çətin bərpa olan psixoloji vəziyyətdir. Çünki belə adamlar heç kimə inanmır, hamıdan qorxurlar. Mən ona dövlət vəsiqəsini göstərsəm də, inanmır. Deyir ki, “yaxınım belə rəftar edəndən sonra sən də edərsən”. Çox belə hadisələr var, saymaqla bitməz. Elə olub ki, oğlanla qız evlənib. Oğlan təklif edib ki, “gəl, bal ayına Dubaya gedək”. Qız razılaşıb. Oğlan gedib yoldaşını Dubayda qoyub gəlmişdi. Elə olub ki, ata-ana öz qızını satıb, qayınana-qayınata öz gəlinini satıb. Yəni belə vəziyyətlər olub. Biz keçən il Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində olduq. Bizə qadın cəzaçəkmə müəssisələrində olan qadınlarla görüşmək imkanı yaradıldı. Qarşımıza ancaq “insan alverçiləri” gətirildi. Özüm də şoka düşdüm ki, çoxu ana-bala, iki bacıdır və onlar etdikləri cinayəti qəbul etmək istəmirlər. Deyirlər ki, “biz aparırdıq, bəs onların ağlı yoxdur? Getməyəydilər!” Bu insalar başa düşmürlər ki, kiminsə həyatını məhv edirlər. İnsanların həyatı puç olur. Bu insanlar üçün əsas puldur. Amma bir şeyi deyim ki, bu, bumeranqdır. Əvvəl-axır insanın özünə qayıdır. Koloniyada insan alverçisi olan bir ana danışırdı ki, indi onun öz qızını başqası satıb. Yəni, etdiyin gec-tez sənə dönməsə də, yaxınlarına dönür. Həyatda heç nə cəzasız qalmır.

Dünyada 3 gəlirli sahə var — silah, narkotik və fahişəlik. Bu 3 şeyi hələ heç bir ölkə dayandıra bilməyib. Amma biz üzərimizə düşən öhdəlikləri həyata keçirə bilirik. Əsas məsələ maarifləndirmədir. Əhali insan alveri haqqında danışmağa utanır. İnsan alveri deyəndə, istehza ilə gülürlər. Onların aydınlanmasına ehtiyacı var.

— Erkən nikahlar və ailədaxili zorakılıq insanı alver qurbanına çevirə bilərmi? — Əlbəttə. Qızlar çox zaman erkən nikaha girirlər. Onları ya ərə verirlər, ya da özləri valideynlərinin razılığı olmadan qaçıb ailə həyatı qururlar. Sonradan ərə getdikləri ailədə sözləri düzgün gəlmir və evdən qaçırlar. Eləcə də, ailədaxili zorakılıq zamanı qızlar evdən qaçır və insan alverçilərinin əlinə düşürlər. Başqa bir hadisə danışım sizə. Keçən il rəfiqəm qonşuluqda qalan bir qız haqqında danışdı. Qızın 16 yaşı vardı və rus idi. Deməli, bütün günü küçələrdə gəzir, axşamlar polislər onu tutub şöbəyə aparır, səhər yenə günü küçələrdə keçirdi. Polis onu bacardığı qədər qorumağa çalışırdı. Mən qızla və onun himayədarı ilə danışdım. Sonra araşdırmağa başladım. Qızın anası öz oğlunu öldürdüyü üçün həbs edilib, atası isə qızı da götürüb köçüb Lənkərana. Bir müddət sonra ata da yoxa çıxıb. İcra Hakimiyyəti qızın sahibsiz olduğunu görüb, bir ailəyə verib. Himayədar ailə isə qızla demək olar ki, maraqlanmayıb. Onu işlədib, pulunu alıb, dövlətin qız üçün verdiyi 100 manata da sahib çıxıb. Biz İcra Hakimiyyəti ilə danışdıq. Qızı Lənkarandakı ailənin qəyyumluğundan çıxartdıq. Hal-hazırda Mehriban Zeynalovanın sığınacağında qalır. Təhsil alır. Bir problemi var, o da şəxsiyyət vəsiqəsi ilə bağlıdır. Onu da həll edəcəyik. Qızı görəsiniz… O qədər gözəldir ki… Yəni istənilən an insan alveri qurbanına çevrilə bilərdi. Biz bir həyat da qutardıq. Amma ana da var ki, öz balasını satır. Ana tanıyıram ki, insan alveri qurbanı statusu alıb və indi 13 yaşlı qızı var, gətirib Bakıya. Bilirəm məqsədi nədir. Amma biz onunla danışdıq, başa salmağa çalışdıq ki, sən bu yolu keçmisən, uşağı hədər etmə. Biz o qadını qeydiyyata götürdük. Əgər o, qızına qarşı hər hansı hərəkət etsə, məsuliyyətə cəlb olunacaq. — İnsan alveri qurbanları ən çox hansı ölkələrə aparılır? — Əvvəllər daha çox Dubaya aparılırdı. İndi Rusiyaya aparılır. Potensial qurbanlar arasında isə İspaniya, İtaliya, Skandinaviya ölkələri, Ukrayna və başqa ölkələrə aparılanların sayı artıb. Yəni insanlar yol tapıb gedir, amma başlarına nə gələcəklərini düşünmürlər. Elə bilirlər, xarici ölkələrdə həyat daha rahatdır. Başqa bir hadisə danışım sizə. İki qız vardı. Onlar Dubaya hansı məqsədlə getdiklərini yaxşı bilirdilər. Qızlar Dubaya getdikdən sonra fahişəliyə başlayırlar. Bir gün ərəblər də bunların xidmətindən itifadə etmək istəyib. 5-6 ərəb bu iki qızı götürüb aparıblar səhraya. Bilirsiniz də, səhrada günortalar qızmar isti, axşamlar isə çox soyuq olur. Və ərəblər saatlarla qızları beysbol ağacı ilə zorlayıblar. İşlərini bitirəndən sonra qızları lüt soyundurub, buraxıblar səhraya. Azərbaycana qayıdanda qızın birinin daxili qadınlıq üzvləri hamısı çıxarıldı — sıradan çıxmışdı. Digər qız isə ağır ruhi sarsıntı keçirib, hələ də özünə gələ bilmir. — Bu ilin ilk 2 ayı ərzində insan alveri qurbanı kimi neçə nəfər qeydə almısınız? — 10 nəfəri qeydə almışıq və onlar cinsi istismar edilmiş şəxslərdir. — Nəzakət xanım, sizin Mərkəz insan alveri qurbanlarına hansı yardımları göstərir? — İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin vəzifəsi insan alveri qurbanlarına hüquq və mənafelərinin müdafiəsinə dair mövcud inzibati və hüquqi prosedurlar haqqında izahatlar vermək, tibbi, psixoloji və digər yardım göstərmək, habelə insan alveri qurbanlarının reablitasiyasına, normal həyata qaytarılmasına köməklik etməkdir. Bizim mərkəzə təkcə Daxili İşlər Nazirliyi İnsan Alverinə Qarşı Mübarizə İdarəsindən insan alveri qurbanları deyil, potensial insan alveri qurbanları da müraciət edir. Potensial insan alveri qurbanı dedikdə, biz, ailədaxili zorakılıq çəkən şəxsləri, qadınlar, uşaqlar, yaşlı kişilər, cəzaçəkmə müəssisələrindən çıxan qadınları nəzərdə tuturuq. İnternat evləri və cəzaçəkmə müəssisələri qapalı olduğu üçün açıq cəmiyyətə çıxanda istər-istəməz problemlərlə qarşılaşırlar. İş, yaşayış yeri axtaran zaman bu şəxslər insan tacirlərinin əlinə düşürlər. Biz bunun qarşısını almaq üçün onlarla görüşəndə gələcəkdə başlarına gələ biləcək problemlərdən söz açırıq. — Azərbaycanda insan alverinə qarşı mübarizə aparan, insan alveri qurbanlarına yardım edən neçə qurum var?

— Təəsüf ki, Azərbaycanda dövlət səviyyəsində iki qurum var — Daxili İşlər Nazirliyi İnsan Alverinə Qarşı Mübarizə İdarəsi və İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi. DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsi sırf insan alveri qurbanı olmuş insanlarla görüşür, biz isə artıq insan alveri qurbanı olmuş, məhkəmədən keçmiş, status almış, birdəfəlik 400 manat pul yardımı almış şəxslərlə görüşürük. Status almış insan, insan alveri qurbanıdır. Onlar bizə müraciət edəndə, hansı yardımları almaq istədiklərini soruşuruq. Yəni heç vaxt onlara göstəriş vermirik, sadəcə xidmətlərimizi təklif edirik. Biz insan alveri qurbanlarına hüquqi yardım, psixoloji yardım və sosial yardım göstəririk. Onlara kurslar təklif edirik. Bura qənnadçı, toxuculuq, mexanika, saç ustası və s. kursları aiddir. Və kurslarımız pulsuzdur. Yəni, dövlət bu kurslara gələnlərə 78 manat və yol pulu verir. Əgər “qurban” kursa yazılmaq istəmir, işləmək istəyirsə, biz həmin şəxsin yaşadığı ərazi üzrə məşğulluq idarəsinə məktub yazırıq. O insana uyğun iş olduğu zaman şəxs çağırılır və işlə təmin edilir.

Bəzən bizə müraciət edən şəxslərin tibbi müayinəyə və müalicəyə ehtiyacı olur. Biz həmin şəxsləri bütün xəstəxanalara göndərə bilirik. Həmin şəxsi sosial işçilər müşayiət edir. Bəzən insan alveri qurbanları verdiyimiz göndərişlə tək getdiyi zaman səhiyyə işçiləri tərəfindən yaxşı qarşılanmır. Biz bunu da həll etmək yollarını düşündük, səhiyyə işçiləri üçün xüsusi layihə hazırladıq və Bakıda 9 səhiyyə ocağında 3 günlük təlim keçdik. Təlimdə psixoterapevt Nazim Ağazadə, xarici ekspert və mən özün səhiyyə işçilərinə təlim keçdik. Bu layihənin regionlarda da həyata keçirilməsi planlaşdırılır. Bir neçə gün öncə Sumqayıtda təlimlər keçdik. Bizim əsas məqsədimiz budur ki, həkimlər bizim göndərişimizi düzgün başa düşsünlər. Yəni, qurbanı sorğu-sual etməsin, günahlandırmasın, qınamasınlar. Onsuz da onlar bu çətin yolu keçiblər. Bundan heç kim də sığortalanmayıb. Bizim bir sosial işçimiz olduğuna görə, çox zaman çatdıra bilmirik. Həkimlərə təlimlərdə başa salmağa çalışdıq ki, biz “qurbanı” tək göndərdiyimiz zaman siz artıq-əskik danışmayın. Bəzən olur ki, zərərçəkmiş şəxs bizə xəstəxanadan zəng edib göndərişdə “qurban” sözünün yazılmasından şikayət edir.   sputnik.az

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz