0

Quranda Azərbaycanın indiki hakimiyyəti barədə ayə var – Əli Həsənovun məntiqindən belə çıxır

Baxış: 2 706

"Azərbaycanın müsəlman dünyasında nüfuzu var və bundan, həmçinin öz əlaqələrimizdən, qarşılıqlı münasibətlərimizdən istifadə edərək biz yəhudi dövləti ilə ərəb dünyası arasında əlaqə qurmağa cəhd edirik”.

Xeberman.com xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov "Azİz" Assosiasiyasının saytına açıqlamasında deyib.

Prezident köməkçisinin sözlərinə görə, yəhudilərlə müsəlmanlar arasında ümumi maraqlar tapmaq mümkündür: “Bu ümumi maraqlardan çıxış edərək dostluq münasibətlərinin qurulmasına bütün tərəflərin qəbul etdiyi yanaşmanı da tapmaq olar. Hər halda biz bunu etməyə cəhd göstəririk".

Şübhəsiz ki, Əli müəllimin timsalında Azərbaycan dövləti iki səmavi din arasında körpü yaratmaq niyyətilə 14 əsdir bütün dünyanın üzərində əlləşib tapa bilmədiyi bir məsələnin kökündən həlli üçün qollarını çırmalamaqla xoş niyyətini ortaya qoymaq istəyir. Buna bizim də şəkki-şübhəmiz yoxdur. Nə olar, 25 ildir burnumuzun dibindəki Qarabağ problemini həll edə bilməyəndə? Bəyəm, bu, bizim başbilənlərimizin əsrarəngiz ağlına, dühasına kölgə sala bilərmi? Biz, əlbəttə, Azərbaycan hakimiyyətinin dünyanı qana bələyən bir problemi həll etməklə qlobal sülhpərvərlik nümunəsi ortaya qoya biləcəyinə cani-könüldən inanırıq. Buna dövlətimizin üzüyola təbəəsi kimi sevinir, dünya xalqları arasında sinəmizi qabağa verib qürur hissi keçiririk.

Amma nə yazıq ki, bizim bu inancımıza baxmayaraq, Azərbaycan hökumətinin bu qlobal təşəbbüsünün müsbət nəticə verəcəyi bir xeyli müşkül məsələyə oxşayır. Şübhəmiz əsla “keçəlin dərmanı olsa, birinci öz başına sürtər” məntiqindən qaynaqlanmır. Çox keçəl həkimlər var ki, yüzlərlə tüklü xəstəyə şəfa verib. Xüsusilə qlobal sülh məsələsində keçəlliyin həll prosesinə qətiyyən dəxli yoxdur.

Bizi şübhəyə salan sadəcə Azərbaycan hakimiyyətinin  aralarına körpü salmağa çalışdığı həmin iki dinin ehkamlarının bu gözəl təşəbbüslə uzlaşmamasıdır. Nədən ki, bir dinin hər şeyini dəyişə bilərsən, ehkamlarını dəyişmək isə keçəli Araza susuz aparıb susuz gətirməyə bənzəməz.

İnanmırsınızsa, gəlin, İslamla Yəhudi dini arasında uzlaşmaz ehkamlara nəzər salaq.

Bəllidir ki, Yəhudi dini İslamdan çox-çox əvvəl yaranıb. Dolayısıyla, bu dinin müqəddəs kitabında İslamla bağlı hər hansı ehkam tapmaq çətindir. Baxmayaraq ki, Tövratda İslam peyğəmbərinin gələcəyinə dair xeyli dəlillərin olduğu iddia olunur. Məsələn, İslam alimləri Tövratda keçən bu ayəni Məhəmməd peyğəmbərə eyham kimi qəbul edirlər: "O, iki süvari gördü, biri eşşək belində, digəri dəvə üzərində idi" (İşaya XXI, 7). Müsəlman alimlərinə görə, təhrif olunmuş Tövratda bir-iki haqq sözündən olan bu ayədəki “eşşək üzərində olan süvari” İsa, dəvə üzərindəki süvari isə Məhəmməd peyğəmbərdir və bununla da Musadan sonra daha iki peyğəmbərin gələcəyinə eyham vurulur. Yəhudilər isə bu yozumla razılaşmırlar. Deyirlər ki, yolda görülən iki süvarinin gələcək peyğəmbərlərlə nə əlaqəsi var?

Sözsüz ki, Yəhudi din adamlarının bu ayəni qəbul etməməsində şəxsi maraqları da rol oynaya bilər. Axı, onlar Məhəmməd peyğəmbərin peyğəmbər, Quranın isə Allah qatından nazil olunmuş kitab kimi qəbul etsələr, məntiqlə, yəhudilikdən dönüb İslama gəlməlidirlər. Əli Həsənov cənabları həll yolunu bunda görürsə, təbii ki, işi xeyli müşküldür. Nədən ki, Yəhudi din adamlarının yəhudlikdən qazandığı kapitalı onlara verməlidir. Bəlkə bundan sonra hahamların şəxsi maraqlarını kompensasiya edə bilə, yerdə təkcə həqiqət qala ki, onlar da “pirim” deyib İslamın ətəklərindən yapışalar.

Təbii ki, Azərbaycan hakimiyyəti hətta bu fədakarlığa qatlanmaq istəsə belə, ölkəmizin maddi resursları dünyaya ağalıq etmək istəyən sionistlərin heç dişinin dibində belə qalmaz. Hətta tutalım, Əli müəllimin yəhudiləri bir təhər öz dini çıxarlarından vaz keçirməyə intellektual qüdrəti çatdı. Bəs, müsəlmanları necə “din”ə gətirə biləcək? Axı yəhudilərə qarşı Quranda bir xeyli ayələr var. Məntiqlə, prezident köməkçisinin təbiriylə desək, iki din arasında ortaq maraqlar tapmaq üçün, gərək, müsəlmanlar da yəhudiliyə qarşı tutumlarından əl çəkələr. Bu isə Quranın ayələrini inkar etmək deməkdir. İslam məntiqinə görə isə, bu, küfrdür. Başqa sözlə desək, müsəlmanlar Əli müəllimin onlara təlqin etdiyi “din”ə gəlmək istəsələr, lazımdır ki, ilk əvvəl mürtəd olalar. Əli müəllimin dediyi kimi, “müsəlman dünyasındakı nüfuzu”, şəxsi əlaqələri”, “qarşılıqlı münasibətləri” bu dərəcədə təsirlidirmi, deyə bilmərik. Sadəcə onu deyə bilərik ki, zati-alilərimizin bu təşəbbüsü müsəlmanların müəqəddəs kitabına belə düşüb: "Ey iman edənlər! Yəhudilərdən və xristianlardan özünüzə dost tutmayın. Onların bəziləri bir-birilərinin dostlarıdır. İçinizdən kim onları dost tutarsa, şübhə yox ki, o da onlardandır. Şübhəsiz ki, Allah zalımları hidayətə, doğru yola yönəltməz". Maidə surəsi 51

Quranın bu ayəsindən çıxış edərək Əli Həsənov cənablarının sülhpərvər təşəbbüsü üzərində xeyli kəllə sındırmaq olar. Məncə isə, Allahın öz şərhi kifayət qədər açıqdır.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz