0

“Qardaşım MTN-də məni qandallı görəndən sonra özünü öldürdü”-BƏRAƏT ALAN MƏTLƏB MUSTAFAYEV MÜSTƏNTİQ ELŞƏN MURTUZOVUN HƏBSİNİ TƏLƏB EDİR

Baxış: 1 269

Xəbər verdiyimiz kimi Bakı Apellyasiya Məhkəməsində  ləğv edilmiş  Milli Təhlükəsizlik Nazirliyinin saxta ittihamları ilə şərlənərək, Nəsimi rayon məhkəməsinin Hökmü ilə  Azərbaycan Respublikası CM-nin 228.1 maddəsi ilə  barəsində 2 il azadlıqdan məhrumetmə cəzası verilmiş  Mətləb Mustafayev bəraət alıb.

Qeyd edək ki, MTN-nin bir neçə il əvvəl intihara vadar edilən şöbə rəisinin müavini  polkovnik Malik Mustafayevin qardaşı olan Mətləb Mustafayev Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun istəyi ilə şərləndiyini bəyan edirdi.

Onun həbsindən sonra MTN-də Şöbə rəisi səlahiyyətlərini icra edən qardaşı polkovnik Malik Mustafayev özünü asaraq öldürdü.

Gununsesi.info-nun baş redaktoru Pərviz Həşimli ilə söhbətində Mətləb Mustafayev  bir daha keçmişə nəzər salıb.

  • Mətləb müəllim, Eldar Mahmudov və onun dəstəsi sizdən nə istəyirdi? Qardaşınızı intihara qədər sürükləyən nə oldu?
  • Bu barədə istər istintaq, istərsə də məhkəmə materiallarında geniş danışmışam. Mən Əmlak Məsələləri üzrə Dövlət Komitəsində çalışırdım. Orada hüquqlarım pozulduğu üçün qanuni vastələrdən istifadə edib, haqqımı tələb edirdim. Ancaq bu Kərəmin və ətrafındakıların xoşuna gəlmirdi.

Həmişə məni yaxın dostu olan Eldar Mahmudovla hədələdib. Mən səhv bir iş görsəydim onun bu hədələrindən çəkinərdim. Amma hüquqlarım uğrunda mübarizəmi davam etdirdim.

Dediyi kimi də etdi və məni şərlətdi. Eldar Mahmudov nazir olanda prokuorluq və məhkəmə sistemi onun gücününq abağında aciz idi. O zaman bu şərdən qurtula bilmədim. Məni silahla şərləyib cəzaya məhkum etdilər. Sizin kimi məndən də bəzi adamların əleyhinə ifadə istəyib şərləmək planları vardı. Mən də onların bu oyununa getmədim. Tələb edirdilər ki, Kərəm Həsənovdan yazdıqlarımı guya kimlərinsə sifarişi ilə etdiyimi etiraf edim.

  • Qardaşınızın intiharı necə oldu?
  • Mən Malikin intiharını çox sonralar bildim. O məni qoruya bilmədiyinə görə, bu addıma getdi. İntihar etdiyi gün Anti-terror mərkəzinin rəisi Elçin Quliyev və müavini İlqar Əliyev mənə dedilər ki, qardaşın sənlə görüşmək istəyir.  Qardaşım MTN-nin ən peşəkar zabitlərindən olub.  O, rüşvətdən kənar adam olub.

Məni qolu qandallı öz çalışdığı binada görəndə üzümə baxmadı və bir anlıq susub pıçıltı ilə “30 il xidmət etdiyim qurum mənə xəyanət etdi” dedi. İkimiz də kövrəldik. Mənə bildirdi ki, bu əclaflardan səni qoruya bilmədim, bağışla məni.

Bu sözündən sonra gedib, intihar etmişdi. Çox sonralar bunu bildim. Dəli kimi olmuşdum. Mənim qardaşım korrupsioner Kərəmin, alkaqolik Eldarın qurbanı oldu.

 

  • Bəraəti gözləyirdinizmi? Mən də buna çalışıram amma hakimin, prokurorun cəzalanması ilə sonunclanacaq bir işə gedilməsinin də çətin olduğunu deyirlər…

 

  • Sizin də şərlənməyiniz hamıya aydındır. Sizin məhkəmə prosesinizdə “mənim günahsızlığımın sübutu Bakının Xəzərin qoynunda yerləşməsinin sübutu kimi bir şeydir” dediyiniz bu sözü unutmadım. Bu gün Eldar Mahmudovun əlaltıları hələ də dövlət qulluğunda qalır. Hakim Novruz Kərimov, sizin  və mənim saxta istintaqımızı aparan müstəntiq Elşən Murtuzov  bu gün DTX-də qalıb. Hesab edirəm ki, indi həbs növbəsi onundur. Mədət müəllim sağolsun ki, bu çeteden oranı təmizlədi. Amma qalanlar da var. Onlardan biri elə Elşən Murtuzovdur. İndi həbs növbəsi onundur.

 

Bəraət almağıma gəlincə, bu uzun mübarizə bahasına başa gəldi. Olaylardan sonra Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qərarını ləğv etmişdi.  Dünən isə Bakı Apellyasiya Məhkəməsində   hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə bəraət hökmü çıxarılıb.

Yerigəlmişkən, ədalətli qərara görə, prezident İlham Əliyevə, Ali Məhkəmə hakimi Gülzar Rzayevaya, , DTX rəisi Mədət Quliyevə, Baş prokuror Zakir Qaralova,  Prokurorluğun Ağr Cinayətlərə dair üşlər üzrə istintaq idarəsinin müstəntiqi  Kamil Zeynalova və  hakim Rizvan Səfərova təşəkkür edirəm.

Səbail rayon məhkəməsində hakimlər Elşad Şamayevin, Rauf Əhmədovun, Nəsimi rayon məhkəməsinin hakimi Babək Pənahovun sədrliyi dövlət ittihamçısı Nəriman Babayevin iştirakı ilə  və Bakı Apellyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi və dövlət ittihamçısı Nəsir Bayramovun iştirakı ilə keçirilən iclaslarda  barəsindəki qondarma, sifarişli cinayət işinin  tam tədqiq olunmadığını,yaşayış tərzinə, xarakterinə, sosial vəziyyətinə  uyğun olmayan bir  maddə ilə şərləndiyini,    həbsinin  sifarişli olduğunu , mənzilindən tapılmış tapançanın ləğv edilmiş  MTN-nin əməkdaşları tərəfindən qoyulduğunu,  həbsində məqsədin nədən ibarət olduğu barədə  məhkəmələrdə dediklərim protokola yazılmırdı. Bir-birinin ziddinə  olan sübutların  araşdırılmadan həbs qəti imkan tədbiri seçildi. ATM-nin sabiq rəisi E.Quliyev 18.02 2014-cü ildə İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlan Şıxəliyevə   göndərdiyi məktubda  bildirir ki, “İran vətəndaşları Rza və Hüseyn adlı şəxsləri müəyyənləşdirmək mümkün olmamışdır”.

  • Tanış adlardır. Mənim də işimdə Rza və Hüseyn vardı amma nədənsə “tapa bilmədilər”…
  • Əsl biabırçılıq idi. 06.09.2014-cü ildə isə mən 15:35-dən 19:05-dək MTN-də ATM-in sabiq rəisi Elçin Quliyevin yanında olmuşam. Bundan 4 gün sonra, E.Quliyev 10.09.2014-cü ildə mənim  İİR-nın vətəndaşları uydurma Rza və Hüseyn adlı şəxslərlə əlaqəmin  olduğu barədə 1173 saylı cinayət işinə dair  məktubu Mövlan Şıxəliyevə göndərib. Həmin  məktubda göstərilir ki, “İİR-nın vətəndaşları Rza və Hüseyn adlı şəxslərin şəxsiyyətlərinin və olduqları yerin müəyyən edilməsi istiqamətində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Rza adlı şəxsin AR vətəndaşı Mustafayev Mətləb Nəriman oğlu ilə əlaqəsinin olması barədə əməliyyat məlumatı daxil olmuşdur”. Elçin Quliyev  ifadəsində isə bildirir ki, “bu barədə nazir Eldar Mahmudovun əməliyyat məlumatı olmuş, və onun göstərişi ilə mən bu məlumatı  aidiyyatı üzrə İBİ-ə göndərmişəm”. Deməli, Rza və Hüseyn adlı şəxslərin  mənimlə  əlaqələrinin olması məlumatını verən Eldar Mahmudov ya o məlumatı verəni , yaxud Rza və Hüseyni  şəxsən tanıyırmış. Elədirsə, İİR-nın vətəndaşları Rza və Hüseyn adlışəxslərin soyadı, atasının adı, harada və nə zaman anadan olduqları, harada yaşadıqları, harada pasport qeydiyyatında olduqları, Azərbaycan Respublikası sərhədini nə vaxt, hansı sərhəd və gömrük məntəqəsindən keçib respublikaya daxil olduqları, mənə  tapançanı nə zaman, harada , neçəyə satdıqlarını Eldar Mahmudov bilirmiş. O zaman sual olunur,  mən 06.09.2014- cü ildə  MTN-ə niyə çağrılmışdım? Yaxud, mən 06.09.2014-cü ildə ləğv edilmiş MTN-də Elçin Quliyevin yanında olanda  niyə məndən  tapança  barədə  sorğu-sual aparılmırdı?Bu generalların AR CPM-nin 204, 205-ci maddələrinin tələblərindən məlumatları varmı? İBİ-nin sabiq rəisi M.Şıxəliyevə   göndərilən  məktubda isə bildirir ki, “İİR-nın vətəndaşları Rza və Hüseyn adlı şəxslərin şəxsiyyətlərinin müəyyən edilməsi istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, lakin həmin şəxsləri müəyyənləşdirmək mümkün olmamışdır”. Əgər həqiqətən mənim  Rza və Hüseynlə əlaqəmin olmasını  Eldar Mahmudov vermişsə ATM-in sabiq rəisi Elçin Quliyev,İBİ-nin sabiq rəisi Mövlam Şıxəliyev onların  şəxsiyyətinin  müəyyən edilməsini niyə ondan  soruşmayıb?

Bu gün həbsdə olan Azər Mehdiyev həyasızcasına deyirdi ki, sizin tərəflərdən torpağı ermənilərə verib qaçıb gələnlər özləri ilə çoxlu avtomat, tapança gətiriblər, onlardan biri də sənsən. Amma zaman göstərdi ki, cinayətkar kimdi.

Eldar Mahmudov Cəbrayıl rayonu işğal olunanda 2 dəst yorğan-döşək  çıxartmışdıq ona ehtiyacı  var idisə  açıq deyərdi gətirib  ona verərdik.Elə hesab edərdik ki, o da ermənilərə qalıb.Daha bu qədər rəzaləti, müsibəti, faciəni  bizim başımıza niyə gətirirdi?

İnanıram ki, bizim yaşadıqlarımızı bir gün də eldar, Mövlan kimi tiplər də yaşayacaq.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz