0

Eldar Namazovdan ölkə və dünya gündəmi barədə ilginc müsahibə

Baxış: 1 416

“İndi kim daha güclüdür, o da haqlıdır prinsipi hökm sürür”

İraq Kürdüstanında keçirilən “müstəqillik” referendumunun nəticələrini rəsmi Bakı da tanımadı. Azərbaycan beynəlxalq hüquqa istinad edərək İraqın ərazi bütövlüyünü tanıdığını bəyan etdi və həm də dünyaya işğaldakı əraziləri ilə bağlı növbəti mesajını verdi. “Kürdüstan” projesini hazırlayıb həyata keçirənlərin, separatçılığı stimullaşdıranların əsas məqsədləri isə heç də İraqın parçalanması deyil. Politoloq Eldar Namazov “Yeni Müsavat”a müsahibəsində xeyli ilginc açıqlamalar verdi.

- Eldar bəy, İraq Kürdüstanındakı “müstəqillik” referendumundan sonrakı proseslərin hansı axarda davam edəcəyi barədə tamamilə fərqli ehtimallar, proqnozlar var. Hadisələrin səngiyəcəyi, dünyanın siyasi xəritəsinə yeni dövlətin adının əlavə olunacağını deyənlər də var, bu layihənin onilliklər boyu qanlı hadisələrə səbəb olacağını söyləyənlər də. Siz prosesləri necə şərh edə bilərsiniz? Bu ideyanın arxasında dayanan güc mərkəzləri hansılardır?

- Əslinə qalsa, yeni Yaxın Şərq projesi adlanan bu ideya on illərlə Qərb mətbuatında müzakirə predmeti olub. Son illər baş verən proseslər də artıq yenidən həmin projeni diqqət mərkəzinə gətirir. Bu ideyanın arxasında bir sıra ölkələr dayanıb. Açıq dəstək verən İsrail dövlətidir. Ancaq pərdə arxasında bu proseslərə ciddi dəstək verən ABŞ, hətta Səudiyyə Ərəbistanı və bəzi digər ölkələr də var. Əsas məsələ budur ki, ümumiyyətlə, bölgədə mövcud olan ölkələrdə artıq sabitlik pozulub, mərkəzi hakimiyyət zəifləyib, söhbət İraq və Suriyadan gedir. “Böyük kürd” dövlətinin yaradılması projesində adətən, 4 ölkədən söhbət gedirdi. Sadaladığım iki ölkədən başqa, məsələnin İrana və Türkiyəyə də aidiyyəti var. Ancaq İranda və Türkiyədə sabit, mərkəzləşdirilmiş hakimiyyət mövcuddur. İraq və Suriyada isə artıq ölkə demək olar ki, mərkəzə tabe olmayan bölgələrə parçalanıb. Ona görə də əvvəlcə İraqda, ondan sonra da Suriyada mərkəzə tabe olmayan vilayətlərin formalaşması prosesi gedir. İraqda bu, artıq başa çatıb, Suriyada isə İŞİD-ə qarşı müharibə sona çatandan sonra bu, əsas mövzu olacaq. Bunun özü də Suriyada yeni müharibə dalğasının yaranmasına gətirib çıxara bilər. Burada bir neçə vacib və önəmli geopolitik hədəflər mövcuddur, bu, açıq-aydın görünür. O hədəflər olmasaydı, ABŞ, İsrail, Səudiyyə Ərəbistanı kimi ölkələr belə ciddi projenin arxasında bu qədər israrla dayanmazdılar.

İlk hədəf İranın güclənməsinin qarşısını almaqdır. Ona görə ki, Səddam Hüseyn hakimiyyətdən gedəndən parçalanmış İraqda mərkəzi hakimiyyət şiələrin əlinə keçib. Qərb hesab edir ki, Səddam Hüseyn rejiminin yıxılması əslinə qalsa, ABŞ-ın yox, İranın qələbəsi oldu. Ona görə ki, bu durumdan ən çox bəhrələnən Tehrandır. Çünki özünə yaxın qüvvələri Bağdadda İraqın rəhbər qüvvəsinə çevirdilər. Ardınca Suriyada baş verən hadisələrdə də İran və İranı dəstəkləyən qruplar demək olar ki, Suriyada əsas rol oynamağa başlayıblar. Hesab olunur ki, Suriya və İraqda olduğu kimi, bu müharibənin nəticəsində ən çox qazanan məhz rəsmi Tehran olacaq. Nəticədə İran, İraq, Suriya və Livandan ibarət şiə hərbi-siyasi bloku yaradılacaq. Təbii ki, həm Bağdad, həm Suriyadakı bu proseslər ABŞ, xüsusən İsrail, eyni zamanda Səudiyyə Ərəbistanı üçün belə bir geopolitik nəticə qəbulolunmazdır. Ona görə də indi müxtəlif geopolitik alternativ projelər irəli sürülür. O cümlədən “Kürdüstan dövləti”nin yaradılması və bu “dövlət”in arxasında ABŞ, İsrail və Səudiyyənin dayanması məhz bu, böyük şiə hərbi siyasi blokunun bölgədə güclənməsinin və əsas qüvvəyə çevrilməsinin qarşısını almaq məqsədi daşıyır.

  “Ən azı, 10 il sürəcək çox böyük geosiyasi gərgin proseslərin başlanğıcındayıq”

- Maraqlı təhlillərdir. Adətən bu layihənin Türkiyəyə qarşı hazırlanmasından danışırıq. Ancaq dediklərinizdən aydın olur ki, digər ciddi hədəf İranla bağlıdır. Belə demək olarmı ki, projenin başında İran əməliyyatı dayanır?

- Əsas amil İran rejimidir və bunun bölgədə güclənməsidir, Bağdad rejiminin və Suriyadakı rejimin timsalında yeni bir şiə hərbi-siyasi blokun formalaşmasıdır. Əsas hədəf budur! Ancaq yeni yaranmış durumda başqa hədəflər də var. Türkiyə ilə həm ABŞ, həm Avropa arasında son dövrlər ciddi soyuqluq var. Türkiyəyə də müəyyən təzyiq mexanizmi kimi bu projedən istifadə oluna bilər.

- Hara qədər təzyiqlər davam edə bilər: Türkiyənin parçalanmasına qədər?

- Mən güman etmirəm. Təsadüfi deyil ki, Şimali İraqda yaradılması planlaşdırlan yeni kürd dövlətinin başında dayanan adamlar da Qərbdə də, Moskvada da kürd birləşmələrinin arasında “Türkiyəyə ən yaxın qüvvə” kimi tanınırlar. Referenduma qədər həmin  muxtariyyəti dəstəkləyən qüvvələrin arasında ABŞ və İsraillə yanaşı, Türkiyənin də adı çəkilirdi. Rusiya ilə Türkiyə arasında “soyuq müharibə” getdiyi dövrdə Rusiya Türkiyəni ittiham edəndə ki, “rəsmi Ankara Suriya ərazisində neft alveri ilə məşğuldur”, bu, onda məhz Bərzani hakimiyyəti xüsusi bəyanatla çıxış etmişdi ki, “o neft bizimdir, Türkiyəyə aidiyyəti yoxdur”.

- Amma prezident Ərdoğan bu günlərdə etiraf etdi ki, zamanında Bərzanini yaxşı tanımayıb...

- Bəli, ona görə ki, referendum məsələsi, “müstəqilliyin” elan olunması artıq Türkiyə üçün də qırmızı xətdir. O səbəbdən də Türkiyə proseslərdən ciddi narahatdır. Bu məsələnin beynəlxalq hüquq baxımdan təhlil olunması ümumiyyətlə, mənasızdır. Burada ərazi bütövlüyü, yaxud xalqların öz müqəddəratını təyinetmə hüquqlarından danışmaq yersizdir. Ona görə ki, açıq-aydın Yaxın Şərqdə gedən proseslərdə beynəlxalq hüquq normaları ümumiyyətlə, nəzərə alınmır. Bütün bu proseslərdə yalnız kim daha güclüdür, o da haqlıdır prinsipi hökm sürür.

- Krımın Rusiya tərəfindən ilhaqından sonra əslində “güclü olan istədiyini edir” fikri formalaşmışdı. Amma “Kürdüstan dövləti”nin yaradılması istiqamətində nəticə əldə olunsa, artıq dünyada anarxiya yaranacağından dolayı narahatlıqlar var. Belə vəziyyət torpağı işğalda olan dövlətlərin taleyinə hansı təsirləri göstərəcək?

“Geopolitik savaşın mərkəzi Suriyadan İrana tərəf gələcək və Azərbaycana çox ciddi təhlükələr yarana bilər”

- Tamamilə haqlısınız ki, bu, qlobal prosesin bir hissəsidir. Hazırda Avropada da İspaniyanın Katoloniya vilayətinin timsalında belə misallar var. ABŞ bu yaxınlarda BMT-də struktur dəyişikliklərin aparılmasını təklif edib və layihə irəli sürüb. 130-a yaxın ölkə ABŞ-ın bu təşəbbüsünü dəstəkləyib. Bu da ondan irəli gəlir ki, dünyada prosesləri tənzimləyən, beynəlxalq hüquq normalarının həyata keçirilməsinə qarant duran bir təşkilat da artıq mövcud deyil. BMT-nin qərarları yerinə yetirilmir, bu təşkilat artıq qlobal proseslərdə heç bir rol oynaya bilmir. Yaxın Şərqə diqqət etsək, görərik ki, bu günə qədər hər hansı beynəlxalq qurumun, o cümlədən BMT-nin proseslərə təsir etmək, hansısa bir rol oynamaq şansı sıfıra bərabərdir.

- Amma vaxtilə İraq Küveytə qoşun yeridəndə qısa müddətdə Bağdadın cəzalandırılması qərarı verildi...

- Aparıcı qüvvələrin mövqeləri üst-üstə düşəndə razılığa gəlirlər, BMT-ni də bir vasitə kimi istifadə edirlər. Əslinə qalsa, bu, böyük dövlətlərin birgə əməliyyatı idi, sadəcə, maraqları üst-üstə düşdüyünə görə BMT-nin qərarından da istifadə etdilər. Ancaq maraqları üst-üstdə düşməyəndə BMT demək olar ki, hansısa lazımsız bir quruma çevrilir. Təsəvvür edin ki, BMT Təhlükəsizlik Şurasının veto hüququna malik 5 daimi üzvü var. Bu ölkələrin heç olmasa birinin bu proseslərdə marağı varsa, hansısa qonşu ölkələri zəbt edibsə - məsələn, Rusiyanın Ukraynadakı hərəkətlərini götürək - artıq bütün ölkələr BMT-də yığılsa, Təhlükəsizlik Şurasının 5 üzvündən 4-ü bir qərara qarşı səs versə, bir ölkə veto hüququndan yararlanmaqla artıq BMT-nin fəaliyyətini iflic edir. BMT-ni ona görə misal çəkdik ki, həqiqətən də bir qlobal proses gedir, müxtəlif bölgələrdə artıq beynəlxalq hüquq normaları işləmir, o cümlədən Yaxın Şərqdə.

 - Deməli, növbəti uzun və qanlı proseslərin təməli qoyulub kürd referendumu ilə, eləmi?

- Bu 4 ölkəni əhatə edən Kürdüstan projesi indi yalnız İraqda reallaşmağa başlayıb. Digər ölkələrdə vəziyyət tamamilə fərqlidir. İraqda isə bu proses artıq real müstəviyə keçib, praktiki addımlar atılır. Suriyada da ölkə parçalanıb, mərkəzi hökumət proseslərə təsir edə bilmir. Burada da kürd qüvvələri ABŞ-ın müttəfiq kimi çıxış edir, onun təsiri altındadır. İŞİD-ə qarşı mübarizə başa çatandan sonra onların mövqeyi necə olacaq, ABŞ necə bunu tənzimləyəcək, orada söhbət muxtariyyətdən, yoxsa müstəqil dövlət ideyasından gedəcək, bu, hələ bəlli deyil.

Suriya ilə bağlı proses hələ başlanğıcdadır. Türkiyə və İran suveren dövlətlərdir, öz ərazi bütövlüyünü qoruyub-saxlayırlar. Ancaq sabah çox böyük hədəfdə İran olacaq. Ona görə ki, İranın ABŞ, İsrail və Səudiyyə Ərəbistanı ilə bağlı çox ciddi problemləri var. Tramp administrasiyası hətta İranla bağlanan nüvə sazişini də ləğv etməklə bağlı çağırışlar edir. Açıq görünür ki, İran növbəti hədəfdədir.

Türkiyəyə də qarşı təzyiqlər ola bilər. Düzdür, Türkiyənin NATO üzvü olması və ABŞ-la uzun illər boyu sıx əlaqələrinin olması, İsraillə əvvəllər çox ciddi, strateji müttəfiqlik münasibətlərinin mövcudluğu faktı var. Amma son illər həm ABŞ, həm də İsraillə soyuqluq yaranıb. Ona görə də Türkiyə də bu proseslərdə hədəfə gələ bilər. Odur ki, biz ən azı, yaxın 10 ildə davam edəcək çox böyük geopolitik gərgin proseslərin başlanğıcındayıq. Biz hələ bunun ilkin mərhələsini sizinlə müzakirə edirik. Bunun böyük və təhlükəli hissəsi hələ qabaqdadır.

“Dünyada prosesləri tənzimləyən, beynəlxalq hüquq normalarının həyata keçirilməsinə qarant duran bir təşkilat artıq mövcud deyil”

- Bu vəziyyət Azərbaycanı da təbii olaraq narahat etməkdədir. Əvvəla, Ermənistan və Qarabağdakı separatçı ermənilər kürd separatçılarının addımlarından stimul alır. Digər tərəfdən də “Kürdüstan”ın xəritələrində Azərbaycan ərazilərinə iddialar da əksini tapır. Bu vəziyyətdə Bakının mövqeyi nədən ibarət olmalıdır?

- Müxtəlif dövrlərdə Azərbaycanla bağlı da iddialar açıqlanıb. Hətta “Qırmızı Kürdüstan” məsələsindən tutmuş, müxtəlif xəritələrdə Azərbaycanın müxtəlif bölgələrini də “Böyük Kürdüstan”a aid etmək cəhdləri olub. Demək olar, Yaxın Şərqdə və bizim bölgədə elə bir ölkə yoxdur ki, onun ərazisinin bir qismini həmin projeyə aid etməsinlər. Bu məsələlərdə təbii ki, çox diqqətli olmaq lazımdır. Xüsusən də əgər Suriyada İŞİD-lə bağlı proseslər başa çatandan sonra hədəf İran olsa, bura artıq bizim sərhədlərimizdir, qonşu ölkədir. Bu, o deməkdir ki, artıq geopolitik savaşın mərkəzi Suriyadan İrana tərəf gələcək və Azərbaycan üçün çox ciddi, geopolitik təhlükələr yarana bilər. Belə vəziyyətdə Azərbaycan öz imkanlarından istifadə etməyi bacarmalıdır. Eyni zamanda bizim xarici siyasətimiz beynəlxalq səviyyədə səylərini artırmaqla ölkəmizə olan təhlükələri dəf etmək üçün çox ciddi işləməlidir.

Elşad PAŞASOY

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz