Главная > İqtisadiyyat > Manatın qiyməti gələn ildə sabit qalacaq - ŞAD XƏBƏR

Manatın qiyməti gələn ildə sabit qalacaq - ŞAD XƏBƏR


30-10-2017, 11:49.

2015-ci ilin iyul ayından sonra ilk dəfə olaraq bu gün dünya bazarlarında neftin qiyməti “psixoloji həddi” - 60 dolları keçib.  “Brent” markalı neftin 1 bareli 60,22 dollara satılıb. Bu artımın  artım siyasi hadisələr və neft ixrac edən ölkələrin OPEK-in qərarlarına əməl etmələri ilə əlaqədar olduğu bildirilir. 

Press-az.com müsavat.com-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının neft hasilatını azaldacağı ilə bağlı açıqlamalar və OPEK-in gələn ayın sonu təşkil edəcəyi konfransda daha 7 ölkənin hasilatı azaltmaq qərarına qoşulacağı ilə bağlı xəbərlər də neftin qiymətinə təsir göstərib. Yaxın Şərqdə baş verən hadisələr və xüsusilə Kürdüstan problemi neftin qiymətinə təsir edən amillər olub.

Dünya bankının hesablamalarına görə, brent markalın neftin qiyməti gələn il üçün 3 dollar artaraq 56 dollar çatacaq. Bu isə iqtisadiyyatın əsas hissəsini neft gəlirləri təşkil edən ölkələr üçün böyük qazanc deməkdir.

Neftin qiymətinin stabil olması isə manatın məzənnəsinin gələn il də stabil olacağı deməkdir. Çünki hazırda manatı dəstəkləyən ən böyük amil məhz neft qiymətləridir.

İqtisadçı ekspert Rəşad  Həsənov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, 2018- il üçün neftin qiyməti ilə bağlı müxtəlif proqnozlar var: “Beynəlxalq Valyuta Fondunun proqnozlarına diqqət etsək, məlum olur ki, 2018- ildə fond brend markalı neftin orta qiymətini bir barel üçün illik 48,5 dollar ətrafında proqnozlaşdırır. Dünya Bankı isə optimist proqnoz verir, gələn il üçün neftin qiymətinin 60 dollar ətrafında dəyişəcəyini açıqlayır. Neftin qiyməti ilə bağlı ən mühüm amillərdən biri OPEK və OPEK-ə daxil olmayan ölkələri arasında hasilatın azaldılması ilə bağlı əldə edilmiş razılıqdır. Bu razılığın müddəti 2018-ci ilin martında başa çatsa da, əsas iştirakçı olan Rusiya və Səudiyyə ərəbistanı arasında sazişin uzadılması ilə bağlı razılıq artıq əldə olunub. Bu gələn il neftin bir barelinin qiymətinin hazırki səviyyədə, tənzimlənə bilə səviyyədə saxlanılmasına təsir göstərəcək. Digər bir məqam:  İŞİD tərəfindən dünya bazarlarına təklif edilən ucuz neftin qarşısının alınması bazarda sabitliyin qorunması üçün müəyyən zəmin formalaşdırır”.

R.Həsənovun sözlərinə görə, qiymətin artmasına səbəb olan amillərdən biri də İraq Kürdüstanı ilə bağlı məsələdir: “Kürdüstan ərazisində istehsal olunan neftin böyük bir hissəsi Türkiyə ərazisindən keçərək dünya bazarlarına daşınır. Risklər yarandığı, münasibətlər  daha da gərginləşdiyi təqdirdə, ola bilər ki, Türkiyə Kürdüstan ərazisindən dünya bazarına çıxan neftin qarşısını alsın. Bu da gündəlik təklif olunan neftin həcmində , son nəticədə qiymətlərin artmasına öz təsirini göstərəcək. Bundan başqa tələbin müəyyən qədər artması məsələsi gündəmdədir. Çünki dünya iqtisadiyyatında 2017-ci il sonuncu böhran ili kimi qiymətləndirilir. Çünki dünyada iqtisadi artım müşahidə olunur. Qlobal iqtisadiyyat üçün Beynəlxalq Valyuta Fondu tərəfindən 3,4 faiz artım proqnozlaşdırılır. Bu da neft tələbatını yüksəldən faktordur. Nəticədə bazarda tələb və təklif arasında disbalansın müəyyən qədər azalması qiymətlərin sabitləşməsinə kömək edən faktor olacaq. Digər mühüm məqamlardan biri isə 2018-ci ildə Amerikada  hasil ediləcək neftin, 2017-ci ildəkindən çox olmayacağı gözlənilir. Bu da onu deməyə əsas verir  ki, növbəti ildə dünya bazarlarına təklif edilən neft üçün ABŞ mənşəli risk müəyyən qədər azalacaq. Bu kimi faktorlar 2018-ci ildə neftin qiymətinin təxminən 55-60 dollar arasında formalaşacağını deməyə əsas verir”.

Ekspert bildirdi ki, gələn il üçün proqnozlaşdırılan dövlət büdcəsi layihəsində neftin qiymətinin 45 dollardan hesablanması və büdcə xərcləmələrinin, öhdəliklərinin və fiskal siyasətin buna uyğunlaşdırılması imkan verir ki, növbəti ildə manatın məzənnəsi ilə bağlı sabitliyi qoruyub saxlamaq mümkün olsun: “Hazırki şərtlər manatın məzənnəsi üçün hər hansı ciddi risk formalaşdırmır. Burada nisbətən çətinlik müşahidə edilən sahələrdən biri Neft  Fondunun xərcləri ilə bağlıdır. Neft Fondundan dövlət büdcəsinə transferlərin həcmi artırılır. Əgər hökumət  hansısa formada fond vəsaitlərinin əriməsini və müəyyən qədər azalmasını istəməzsə, bu zaman mümkündür ki, məzənnəyə müəyyən korrektələr etsin. Bu əgər baş verəcəksə, 2017-ci ilin sonunda baş verəcək. Çünki 2018-ci ildə bir sıra səbəblərdən, xüsusilə də seçki ilinin olması səbəbindən  məzənnənin sabitliyi tam şəkildə qorunub saxlanıla bilər. Problemlər isə 2017-ci ildən sığortalana bilər. Bu çox az ehtimal olunan risk olsa da, digər fundamental istiqamətlərdə əhəmiyyətli təhlükə hiss olunmur. Bu isə onu deməyə əsas verir ki, növbəti ildə neftin qiyməti manatın məzənnəsini dəstəkləyən əsas element olacaq.

Ötən illərə nəzər salsaq, manatın üçün ən gərgin il 2015-ci il oldu. 2016-cı ildə də risklər var idi. Məzənnənin dəyişkənliyi bazarlarda çaşqınlıq yaradırdı. Amma ən mühüm problem 2015-ci ildə yaranmışdı".


Вернуться назад