Manatın bahalaşmasının ilginc səbəbləri: “Turistlərdən ucuz dollar alınır...” » Press-az
0

Manatın bahalaşmasının ilginc səbəbləri: “Turistlərdən ucuz dollar alınır...”

Baxış: 1 023
Azərbaycan manatının aprelin 7-nə olan məzənnəsi açıqlanıb.
Mərkəzi Bankın məlumatına görə, aprelin 7-nə dolların manata qarşı rəsmi məzənnəsi 1,7031 səviyyəsində müəyyən olunub.
Dolların ucuzlaşması və manatın bahalaşması prosesini BakıPost.az-a şərh edən iqtisadçı Natiq Cəfərli bildirib ki, bunun iqtisadi izahını demək çətindir:
 
 
"Çünki fundamental olaraq ciddi bir dəyişiklik yoxdur. İxracatın ciddi artımı müşahidə olunmayıb. Neftin qiymətlərində kəskin artım yoxdur. Dəyişən odur ki, Mərkəzi Bank manat kütləsini, manat dövriyyəsini azaldıb. Dövriyyəni təqribən iki dəfə aşağı salıb. Manatın kütləsinin azalması təbii ki, dollara olan basqıları müəyyən qədər azaldıb. Yəni sərbəst manat kütləsi yoxdur ki, dollar almağa yönəlsin. Amma bu da digər fəsadlar törədib. Rəsmi rəqəmlərdə sübut edir ki, Mərkəzi Bank bu addımı atdıqdan sonra banklarda kreditləşmə zəifləyib, iqtisadi aktivlik azalıb. Manat kütləsi daraldıqca ticarət dövriyyəsi, iqtisadi aktivlik azalır, bankların vəziyyəti daha gərginləşir. Çünki bankalar kredit vasitəsilə pul qazana bilmirlər. Yeganə qazanc mənbələri valyuta alqı-satqısı olur. Banklar ondan başqa ciddi əməliyyat apara bilmirlər. Məhz buna görə bunun iqtisadi əsası yoxdur. 
Dünyada gedən proseslərə nəzər salanda görünür ki, dolların kəskin dəyərdən düşməsi yoxdur. Əksinə son 2-3 gündə yenidən dolların möhkəmlənməsi müşahidə olunur. Hazırda dünyada dollar indeksi 100 punktun üzərindədir. Türkiyədə lirənin 2 gündür ucuzlaşmasını müşahidə edirik. Rusiyada rublun möhkəmlənməsi dayanıb. Artıq rubl cüzi də olsa şəkildə dəyərdən düşüb. Qazaxıstanda da təngə dəyərdən düşüb. Dünyada elə də bir ciddi proses getmir ki, Azərbaycan buna uyğun addımlar atılsın. Yəni ona görə də atılan addım və məzənnə də inzibatidir. Azərbaycanda Mərkəzi Bank nə qədər desə ki, üzən məzənnədir, təəssüf ki, biz üzən məzənnəyə keçə bilmədik. Çünki bizdə bazar oyunçuları azdır. Dolları satan yalnız Neft Fondu və Mərkəzi Bankdırsa, üzən məzənnəyə keçmək mümkün deyil. Ona görə də bu inzibatı qaydada tənzimlənən məzənnədir”. 
 
İqtisadçı hesab edir ki, Mərkəzi Bank manatı sıxmaq yolu ilə inzibati qaydada dolların məzənnəsini aşağı salmağa çalışır: "Novruz bayramında ölkəmizə xeyli turist gəldi. Bankların turistlərdən aşağı məzənnə ilə dolların alınması sanki onlara əlavə qazanc gətirdi. İndi də yenidən dolların məzənnəsini süni şəkildə aşağı salmaq istəyirlər. Çünki aprelin 10-dan mayın 10-na kimi Bakıda "Shopping Fest” olacaq. Daha sonra İslam Oyunları, Formula yarışları keçiriləcək. Həmin vaxtlarda da müəyyən dərəcədə turist gəlişi gözlənilir. Ola bilər ki, banklar bu inzibati qaydada süni şəkildə dolları ucuzlaşdıraraq gələn turistlərdən yenidən ucuz dolları yığmaq istəyirlər.
Mərkəzi Bank da onlara yardım edir ki, bir müddət sonra dollar bahalaşdıqda bu valyutanı yüksək məzənnə ilə sata bilsinlər. Bununla da banklar heç olmasa bu yolla pul qazansınlar. Yəni bu yolla ayaqda qala bilsinlər”. 
Natiq Cəfərli qeyd edib ki, beynəlxalq tədbirlər bitdikdən sonra manatın ucuzlaşması prosesi daha sürətlənə bilər: "Çünki Mərkəzi Bank manat dövriyyəsini belə sərt şəkildə sıxa bilməz. Bu iqtisadi aktivliyi daha da boğur, Azərbaycan iqtisadiyyatına daha böyük ziyan vurur”. 
Sevinc 
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz