0

ÖTƏN İL BEYNƏLXALQ BANKDAN DAHA 4 MİLYARD “YOXA ÇIXIB”! –Ən “yeməli” qurum Şərifovdan alındı, ancaq…

Baxış: 1 619

Beynəlxalq Bankı ayağa qaldırmaq (bəlkə də qaldırmamaq) üçün “eksperimentlər” davam etdirilir

Martın 14-də “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının illik ümumi yığıncağı radikal dəyişikliklərlə müşayiət olunub. Bankın Müşahidə Şurasının tərkibi yenidən formalaşdırılaraq, Dövlət Neft Fondunun İcraçı direktoru Şahmar Mövsümov bankın Müşahidə Şurasının sədri, maliyyə nazirinin müavini Emin Hüseynov, iqtisadiyyat nazirinin müavini Sahil Babayev və ABB İdarə Heyətinin sədri Xalid Əhədov Müşahidə Şurasının yeni üzvləri təyin olunublar. İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icrası da sədrin 1-ci müavini Abbas İbrahimova həvalə edilib.

Maraqlıdır ki, web-saytında ABB rəhbərliyindəki yeniliklər nəzərə alınmayıb, bu gün də köhnə tərkib saytda olduğu kimi qalır. MŞ-nin 5 üzvünün 3-ü nazirliyin yüksək çinli əməkdaşı idi və qərarları da majoritar səhmdarı təmsil edən maliyyə naziri Samir Şərifovun tabeliyində olan o adamlar verirdi.
ABB-nin Audit Komitəsi (AK) isə hələ də bütövlükdə Maliyyə Nazirliyinin əlindədir. Üzvlərin hamısı nazirliyin vəzifəli işçiləridir.

İndi də bank iki nazirlik və bir fond arasında bölünüb!

Qanunvericilikdə səhm nəzarət-paketi sahibi kimi dövləti təmsil edən Maliyyə Nazirliyinin nəzarəti kağız üzərində deyil, praktiki olub, nazirliyin 7 yüksək vəzifəli əməkdaşı ABB-nin Müşahidə Şurası və Audit Komitəsinin işini idarə edib. İndi isə banka nəzarəti həyata keçirmək iki nazirlik və bir fond arasında bölünüb. Maliyyə Nazirliyinin də üç yox, cəmi bir əməkdaşı MŞ-də qalır. Artıq bundan sonra cənab Şərifov ABB-ni təkbaşına idarə edə bilməyəcək, istədiyi qərarları həyata keçirməsi mümkünsüz olacaq.

Barəsində danışdığımız bu radikal dəyişikliklər isə, heç şübhəsiz ki, əvvəlki rəhbərliyin işini düzgün aparmadığından xəbər verir. Bankın Müşahidə Şurası və İdarə Heyətindəki yenilik hökumətin bankda gedən proseslərdən narazı qaldığının göstəricisidir. Dövlətin vəsaitlərini zərərə uğradanlara qarşı qanunvericilikdə cəza nəzərdə tutulub. Statusu, bankda tutduğu mövqe və qərarlara təsirindən dolayı ən çox məsuliyyət isə Şərifovun üzərinə düşür. Bank, eyni zamanda səhmdar cəmiyyətidir və müəssisənin idarəetməsində yanlışlıqlardan dolayı zərər yaradan rəhbərlik mülki və hüquqi məsuliyyət daşıyır. Dövləti təmsil edən adamın yarıtmaz idarəçiliyinin ucbatından zərərləri digər səhmdarların boynuna qoymaq ədalətsizlikdir.

Müşahidə Şurasının yenilənməsi Cahangir Hacıyevin söylədiklərini təsdiqləyir

Cahangir Hacıyev də ilk gündən barmağını Samir Şərifova tuşlamış, bankda olan nöqsanlarda ilk növbədə maliyyə nazirinin məsuliyyəti olduğunu dilə gətirmişdi. Sitat: “Mənə deyirlər ki, “limiti aşmısan və bankın Müşahidə Şurasının razılığı olmadan 1.5 milyondan artıq kredit vermisən”. Müşahidə Şurasının qərarları qanuna zidd idi. Mən Samir Şərifovun qərarlarını icra etməli idim, yoxsa Milli Məclisin qərarlarını? Audit Komissiyasının üzvləri həm də Maliyyə Nazirliyinin işçiləridir. Onlar 3 qanunu – dövlət qulluğu, korrupsiyaya qarşı mübarizə, bank və bank fəaliyyəti haqqında qanunları pozurdular…”

Beynəlxalq Bankın sabiq sədri məhkəmədəki çıxışında maliyyə naziri Samir Şərifovun məhkəməyə gəlib, ifadə verməli olduğunu bildirirdi: “Samir Şərifov gəlib ifadə verməlidir. Hətta özü burada, mənim yanımda əyləşməlidir”.

Məhkəmədəki son sözündə də Hacıyev demişdi ki, bankın Audit Komitəsinin rəhbərinin ifadə verməsini istintaqda tələb etsə də, bu tələbi təmin edilməyib. Cahangir Hacıyev bildirib ki, Beynəlxalq Bankın Audit komissiyasının bütün əməkdaşları Maliyyə Nazirliyinin işçiləridir: “Onlar bankda oturub qol çəkirdilər”.

Həbsxanadan mətbuata verdiyi müsahibəsində isə Hacıyev demişdi ki, bütün qərarları şəxsən maliyyə naziri –  ABB-nin ümumi yığıncağının sədri, onun müavini isə bankın Müşahidə Şurasının rəhbəri kimi təsdiq edirdilər.
Vəkili də Maliyyə Nazirliyini ittiham edib: “Əksər kreditlər Müşahidə Şurasının tapşırığı ilə verilib və orada təmsil olunan Maliyyə Nazirliyidir. Kredit veriləndə Maliyyə Nazirliyi hara baxırdı və niyə vaxtında adekvat addım atmırdı? Cahangir Hacıyev, sadəcə, icra orqanına baxıb, ali orqan nazirliyin söz sahibi olduğu Müşahidə Şurasıdır”.

ABB rəhbərliyinin hazırda bankdan uzaqlaşdırılması Hacıyevin Müşahidə Şurası və Audit Komitəsini məsuliyyətli tutmasında haqlı olduğunu bir daha təsdiqləyir. Deməli, hökumətdə də hesab edirlər ki, Beynəlxalq Bankda maliyyə problemləri Maliyyə Nazirliyinin nəzarətində olan Müşahidə Şurasının düzgün fəaliyyət göstərməməsi səbəbindən ortaya çıxıb və qərara gəlinib ki, nazirliyin orada iştirakı məhdudlaşdırılsın.

Ümumi yığıncaqda Qanunun tələbləri pozulub!

Şuranın tərkibinin vaxtından bir il əvvəl dəyişməsi onu deməyə əsas verir ki, hökumətdə köhnə şura və idarə heyətinə etimad tam tükənib. ƏMDK-nin sədr müavini də əvvəlki tərkibdə təmsil olunurdu, amma bu qurumun cəmiyyətdə reputasiyası arzu edilən olmadığından onun da yerini iqtisadi inkişaf nazirinin müavini tutub.

“Banklar haqqında” Qanunun 25-ci maddəsinin 2-ci bəndinə görə, Bankın Müşahidə Şurası 3 nəfərdən az olmamaqla, tək sayda üzvlərdən ibarətdir. Amma göründüyü kimi, ABB-nin ümumi yığıncağında Qanunun bu müddəası pozulub, Şurada 4 nəfər təmsil olunur.

Audit Komitəsi də bankın Müşahidə Şurası tərəfindən yaradılır və ona tabedir. “Banklar haqqında” Qanunun 27-ci maddəsinin 3-cü bəndinə əsasən, Bankın Audit Komitəsi üç nəfərdən az olmamaqla tək sayda üzvlərdən ibarətdir. Bəlli ki, Mövsümov tezliklə Audit Komitəsini yenidən formalaşdırmaqla, cənab Şərifovun monopoliyasından çıxaracaq. Audit Komitəsi üzvlərinin sayı da qanunvericiliyin əksinə – 4 nəfərdir.

Ötən il 4 milyard manat ortadan çıxarılıb!

2017-ci il üçün mənfəət və zərər haqqında hesabata əsasən, ötən il ABB-nin xalis mənfəəti 806 004 000 manat təşkil edib. Xəclənən 20 milyarda yaxın vəsaitə qarşı qazanc heç 1 milyard da deyil. Keçən il öhdəliklərin restruktruzasiyası zamanı dövlət ABB-yə 5 milyard manat bağışladı. Bu, bankın xalis mənfəəti sayılırdı. Bankın ili 806 milyon manat xalis mənfəətlə başa vurması o deməkdir ki, 4 milyard manat ortada yoxdur.

ABB-nin cəmi öhdəliklər və kapitalı 8 695 106 min manat təşkil edir. Halbuki, bankın 2014-cü il üzrə hesabatında bu, 9 198 768 min manat idi. İndiyə qədər dövlət büdcəsindən xərclənən 20 milyard ABB-nin nəinki kapitalında yoxdur, Hacıyevin geridə buraxdığından hələ bir milyarda yaxın vəsait də azalıb. 2013-cü ildə bu rəqəm 7 681 218 min manat təşkil edirdi. Bu isə o deməkdi ki, o dövrdə bankın kapitalı ildə 2 milyarda yaxın artırdı. Bu, bir hesabata kiçik bir nəzər yetirməklə ortaya çıxan rəqəmdir. Son bir neçə il üzrə hesabatların təhlili daha çox fərqi ortaya qoyur. Hacıyevin vaxtında ölkənin əsas bankının reytinqləri də yüksək idi. Reytinqlərin müqayisəli analizi də bunu söyləməyə əsas verir.

Dövlət bankı hər səhmə qarşı 17 qəpik, özəl bank 6 manat qazanıb!

Bankın 2017-ci il 9 aylıq hesabatına görə, 4 milyard 597 milyon 360 min ədəd səhmi var. Bu qazancdan hər səhmə, təxminən 17 qəpik dividend düşür. Müqayisə üçün deyək ki, eyni gündə ümumi yığıncağını keçirən “Kapital Bank” ASC 95 milyon manatlıq bir xalis mənfəət göstərib (beynəlxalq standartlarla 112,4 milyon-red.). Hər bir səhm üzrə 51 faizlik xalis mənfəət var və pulu tam şəkildə səhmdarlar arasında bölüşdürüblər. Halbuki, adıçəkilən bank iri layihələrin maliyyələşdirilməsində iştirak etmir və dövlətdən də birbaşa iriməbləğli yardımlar almır. “Kapital Bank”ı Beynəlxalq Bank kimi ölkənin maliyyə naziri idarə etmir, paket sahibi adi bir holdinqdir. Hər səhmə 17 qəpik hara, 6,32 manat hara? Bu da bir daha sübut edir ki, dövlətin malını yemək daha asandır…

Samir Şərifov ümumi yığıncağı kiminlə keçirib?

Hər il üzrə kənar audit yoxlaması yekunlaşdıqdan sonra, Bankın maliyyə ili üzrə əldə edilən xalis mənfəət Səhmdarların Ümumi Yığıncağının qərarı ilə bölüşdürülür. Amma ABB səhmdarlarının (daha doğrusu bir səhmdarının) ümumi yığıncağının xalis mənfəəti nizamnamə kapitalının artırılmasına yönəldiləcəyi, bölüşdürülməmiş mənfəət kimi saxlanılacağı və ya dividend şəklində ödəniləcəyi ilə bağlı hər hansı qərarının olub-olmadığına aydınlıq gətirilməyib. Həmin o bir səhmdarın da ümumi yığıncağı təkbaşına necə keçirdiyi maraqlıdır. Seçilənlər (təyin olunanlar-red.) adətən ümumi yığıncaqlara gəlmirlər. Kiçik ortaqlar da orada iştirak etmədiklərindən (iclasa buraxılmadıqları üçün-red.), yəqin cənab Şərifov özü danışıb, özü eşidib.

“Mağdur” olan təkcə dövlət deyil!

Cahangir Hacıyevin həbsindən sonra Beynəlxalq Bankın İdarə Heyətinin sədri vəzifəsinə gətirilən maliyyə nazirinin yaxın dostu Elmar Məmmədov 2015-ci ilin iyulundan 2016-cı ilin dekabrına qədər vəzifəsini icra edib. ABB-nin ən böyük borcu da o zaman yaranıb və məhz həmin dövrün hesabatı tam olaraq dərc edilmir.

Görünür, hesabat üzə çıxarılacaq vəziyyətdə deyil və bankın idarə edilməsində çox böyük yanlışlıqlar var. Halbuki, Bank maliyyə ilinin qurtarmasından ən geci beş ay müddətində maliyyə hesabatını bankın səhmdarlarına təqdim etməlidir.ABB-də isə səhmdar kimi yalnız dövlət, onun simasında da Maliyyə Nazirliyi başa düşülür.

Proseslərdən təkcə dövlət zərərçəkən kimi göstərilir, amma burada dövlətdən başqa xeyli sayda kiçik ortaq da, türklər demiş, mağdur durumdadır. Bankın 2016-cı ilin məlumatına əsasən 1777 səhmdarı (1762 fiziki, 15 hüquqi şəxs) var. Onlar da bu müddətdə dividend almayıb.

Şahmar Mövsümovun hansı uğuru onu ABB-yə gətirib?

Əslində, Şahmar Mövsümovun ABB-də böyük işlər görəcəyini proqnozlaşdırmaq sadəlövhlük olar. Çünki bu gün onun rəhbərlik etdiyi ARDNF vəsaitlərin idarə olunmasından minimum gəlirlilik göstərir.

2017-ci ildə Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər cəmi 1 milyard 83 milyon 600 min manata bərabər olub. Yəni, indiki kursla 637 373 520 dollar. 2018-ci il yanvarın 1-nə Fondun aktivlərinin 35 806,5 milyon dollar olduğunu nəzərə alsaq, bu da o deməkdir ki, Fondun vəsaitlərinin idarə olunmasından gələn gəlir cəmi 1,8 faiz təşkil edib. Halbuki, kapitalı Fondunkundan 4 dəfə az olan bank C.Hacıyevin sədrliyi dövründə bundan yüksək nəticə göstərib. Hələliksə, ABB-ni ayağa qaldırmaq (bəlkə də qaldırmamaq) üçün “eksperimentlər” davam etdirilir.

Murad MƏMMƏDOV

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz