Ekspert: “Mərkəzi Bank absurd məzənnə siyasəti aparır” » Press-az
0

Ekspert: “Mərkəzi Bank absurd məzənnə siyasəti aparır”

Baxış: 444
"Mərkəzi Bank arxasında iqtisadi məntiq durmayan absurd məzənnə siyasəti aparır. Manatın başının üzərində yenidən qara buludlar dolaşır”.
Press-az.com  xəbər verir ki, bunu iqtisadçı-ekspert Qubad İbadoğlu deyib. İqtisadçı qeyd edib ki, ötən il Azərbaycandan xaricə 13 milyard 811 milyon 624 min ABŞ dolları məbləğində mal göndərilib:
"Onun 12 milyard 290 milyon 658 min dollarını və ya 88,98 faizini xam neft, neft məhsulları, qaz və elektrik enerjisi təşkil edib. Bu ixrac məhsulları əsasən dövlət təşkilatları vasitəsilə xaricə göndərilib və əldə edilən valyuta gəlirlər də əsasən Dövlət Neft Fondunda, Neft Şirkətində və "Azərenerji"də toplanıb. Yəni bu məhsulların satışından özəl bölməyə valyuta çatmayıb. Dövlət Gömrük Komitəsinə inansaq ötən il Azərbaycana 8 milyard 782 milyon 7 min ABŞ dolları məbləğində mal idxal olunub ki, onun da 813 faizi və ya 7 milyard 103 milyon 481 min ABŞ dolları özəl bölmənin payına düşüb. Burda hesablamalara yekun vursaq görərik ki, özəl bölmə ötən il ixracdan 4,8 milyard ABŞ dolları qazandığı halda idxala 7,1 milyardlıq ABŞ dolları valyuta xərcləyib. Deməli, özəl bölmənı idxalın maliyyələşdirilməsi üçün lazım olan ən azı 2,3 milyard ABŞ dolları valyuta bazarından alınıb. Rəsmi məlumatlara görə, ötən Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən satılan valyuta 3,6 milyard dollara yaxın olub. Göründüyü kimi, valyuta bazarında çıxan vəsaitin 2,3 milyard dolları idxalın maliyyələşdirilməsinə yönəldiyi halda 1,3 milyard dolları xərc istiqamətləri aydın deyil. Çox güman ki, bu vəsait daha çox xarici borc ödhəliklərinin icrasına yönəlib”.

 
Bu il üçün situasiyanın fərqli olduğunu bildirən Qubad İbadoğlu qeyd edib ki, bəlli olan 2 aylıq son məlumata görə, ölkədə həm idxal və həm də valyutaya tələbat artır:
"Belə ki, cari ilin yanvar-fevral aylarında ötən ilin eyni dövrü ilə müqayisədə valyutaya tələbat 119,8 milyon dollar, idxal isə 479,5 milyon dollar artıb. Əgər bu temp davam edərsə valyuta bazarında yenidən gərginlik yaranacaq. Ötən ilin məlumatları da göstərdi ki, ölkədə valyutaya tələbat may-iyun və oktyabr-dekabr aylarında daha yüksək olur. Amma artıq ötən ay valyuta satışı göstəricisi keçən ilin müvafiq dövrünə nisbətən 41 faizdə qədər yüksəlib. Amma bütün bunlara baxmayaraq, Mərkəzi Bank manatın dollara nəzərə məzənnəsini sabit saxlayır. Bu nəticə onu təsdiq edir ki, Azərbaycanda manatın məzənnəsi yenə də təhlükəli qaydada, inzibati vasitələrlə sabit saxlanılır, demək olar ki, fiksə edilmiş məzənnə siyasəti yeridilir. Azərbaycanın əsas ticarət tərəfdaşları olan Rusiya, Türkiyə və digər ölkələrin valyutasında baş verən ucuzlaşma hər iki tərəfdən manata olan təzyiqi artırır. Bir tərəfdən həmin ölkələrin mallarının idxalı cəlbedici olur, digər tərəfdən də nominal və real effektiv məzənnədə müşahidə olunan enmələr manatın ucuzlaşdırılmasını iqtisadi cəhətdən səmərəli edir. Hətta bu cür aydın vəziyyətdə də Mərkəzi Bank arxasında iqtisadi məntiq durmayan absurd məzənnə siyasətini davam etdirir. Görək bu nə qədər davam edəcək”.
  
İqtisadçı vurğulayıb ki, hazırda çox şey dünya bazarında neftin qiymətindən və əsas ticarət tərəfdaşlarımız olan ölkələrin milli valyutalarının ABŞ-da uçot dərəcəsinin gözlənilən artımına reaksiyalarından asılı vəziyyətdədir:
"Yeganə onu demək olar ki, may ayına qədər manatın məzənnəsində sabitliyin təminatı yalnız iqtisadi deyil, həm də siyasi gündəmdə olan məsələdir”. 
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz