Azərbaycanda “exchange” bumu yaşanacaq » Press-az
0

Azərbaycanda “exchange” bumu yaşanacaq

Baxış: 373

Hazırda Azərbaycanda valyutadəyişmə məntəqələri - "exchange" açmaq istəyən banklar və fərdi sahibkarlar həddən artıq çox olsa da, hələlik bununla bağlı müraciətlər qəbul edilmir.

Press-az.com Fed.az-a istinadən xəbər verir ki, məntəqələrin fəaliyyəti ilə bağlı qaydalar təsdiqlənsə də, müəyyən tənzimləmə müxanizmləri üzərində işlər davam edir.

Maliyə Bazarlarına Nəzarət Palatasından bildirilib ki, valyutadəyişmə məntəqələrinə lisenziyaların verilməsinə bu sahə ilə bağlı bütün normativ xarakterli hüquqi aktlar qüvvəyə mindikdən sonra başlanılacaq. Yəni, hazırda bəzi tənzimləmə məsələləri üzrə yekun razılıq üzərində iş gedir deyə, lisenziyalar üçün müraciətlər hələ qəbul edilmir.

Ötən iki ildə bankların əsas gəlir mənbələri dollar alqı-satqısından formalaşdığından valyutadəyişmə məntəqələrinin açılması əlbəttə, onların gəlirlərinə mənfi təsir göstərəcək. Odur ki, banklar bu məsələdə daha aktiv olmağa çalışırlar. Bəs, bu məntəqələrin sayı ilə bağlı banklara hər hansı məhdudiyyət tətbiq edilibmi?

Palata açıqlayıb ki, banklar tərəfindən valyuta mübadiləsi şöbələrinin açılması "Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları" əsasında həyata keçiriləcək. Bu sahədə say məhdudiyyəti isə tətbiq olunmur.

Amma valyuta mübadiləsi fəaliyyətinə icazə almaq istəyən bank şöbəsi "Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları"ndan irəli gələn tələblərə tam cavab verməlidir, əks halda imtina verilə bilər.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz