0

Manat iki tərəfdən “sıxılır”: Təzyiqlərə dözəcəkmi?

Baxış: 1 642

Dollar valyuta bazarında əsas rəqibləri olan avro və ingilis funt-sterlinqi qarşısında ucuzlaşır.Hətta analitiklər yaxın zamanlarda məzənnələrin bərabərləşəcəyi haqqında proqnozlar verirlər.Maraqlıdır ki, dollar digər valyutalara nisbətən sabit qalsa da, bu iki valyuta qarşısında ucuzlaşır.Təbii ki, burada əsas məsələ də milli valyutaların qorunmasıdır.Manat da hazırda təhlükəli zolaqdadır.Doğrudur, manat uzun müddətdir ki, dollar qarşısında sabit qalıb.Ancaq digər dönərli valyutalara nisbətdə ucuzlaşır.

Birjalarda müəyyən oynamalar olsa da, manat bu dalğalanmalara reaksiya vermir.Bunun səbəbi manatın inzibati qaydada tənzimlənməsidir.Azərbaycan Mərkəzi Bankı və hökumət dollar-manat münasibətlərinə fərqli prizmadan yanaşır.İlk növbədə məzənnənin dayanıqlığını təmin etməyə çalışırlar ki, bu da əslində bazar münasibətlərinin formalaşmasına əks təsir göstərir.“Üzən məzənnə” rejimində olsaq da, faktiki olaraq manatın məzənnəsi süni qaydada tənzimlənir.Ona görə də manat dünya birjalarında gedən proseslərə reaksiya vermir.Çünki bizdə qiymətli kağızlar bazarı, elektron birjalar yoxdur.Digər valyutaların dollara dərhal reaksiya verməsi, həmin ölkələrdə “üzən məzənnə” rejiminin tətbiqindən irəli gəlir.Bütün alqı-satqı işləri birjalarda müəyyən olunur.Azərbaycanda isə belə birjalar yoxdur.Mərkəzi Bank hər nə qədər məzənnənin bazar tərəfindən tənzimləndiyini desə də, bunun inzibati qaydalarla icra olunduğu hər kəsə bəllidir.Manatın məzənnəsi faktiki olaraq nəzarət altındadır.Amma ümumilikdə Azərbaycan da dünyanın bir hissəsi olduğu üçün iqtisadi təsirlərdən kənarda qala bilməz.

Maraqlıdır ki, Mərkəzi Bankın dollar-manat münasibətlərində apardığı tənzimlənmə digər valyutalar, xüsusilə də avro və funt-strelinq qarşısında aparılmır. Buna görədr  ki, manat son bir neçə ayda avro qarşısında 25 faiz ucuzlaşıb. Qeyd edək ki, hal-hazırda manat avroya qarşı 2.11, funt-sterlinqə qarşı isə 2.41 səviyyəsində müəyyənləşib.Maraqlıdır, proseslər bu formada davam edərsə, manatın taleyi necə olacaq?

İqtisadçı-ekspert Əkrəm Həsənov “Cümhuriyət” qəzetinə açıqlamasında manatın avro və funt-sterlinq qarşısında devalvasiyaya getdiyini deyib:

“Əslində manat bahalaşmayıb, sadəcə, dollar dünya bazarında ucuzlaşıb. Ona görə də Azərbaycanda avro və digər valyutalar bahalaşıb.Çünki həmin valyutalar dollara nisbətdə də möhkəmlənib.Əslində bu baxımdan manat avro, funt sterlinqə qarşı devalvasiyaya uğrayıb.Sadəcə, Mərkəzi Bank ümidini dollara bağladığı üçün məzənnəni eyni səviyyədə sıxıb saxlayır”.

Əkrəm Həsənov manatın gələcək taleyinə toxunaraq ciddi ucuzlaşmmaların baş verəcəyini gözləmədiyini deyib:

“Dünya bazarında neft qiymətləri müəyyən qədər bahalaşdığı üçün bu il ərzində ciddi devalvasiya təhlükəsi yoxdur. Ən azından dollara qarşı manatın məzənnəsində bu baş verməyəcək.Amma nəzərə almaq lazımdır ki, neft qiymətlərinin uzunmüddətli perspektivdə artması yox, azalması ehtimalı çoxdur.Hətta dünyada artıq alternativ enerji resurslarına keçirlər və ona görə də neftin əvvəlki aktuallığı qalmır.Bu isə o deməkdir ki, gələcəkdə Azərbaycanın neft gəlirləri xeyli azalacaq.Bu baş verəcəyi halda isə manatın devalvasiyası qaçılmaz olacaq. Amma Azərbaycan bir neçə il ərzində qeyri-neft sektorunu inkişaf etdirə bilsə, əlbəttə ki, bu təhlükəni sığortalamaq mümkün olacaq. Ümumiyyətlə, hər hansı bir məsələ haqqında proqnoz verərkən, qısa yox, uzunmüddətli perspektivi götürmək lazımdır.Ancaq böyük ehtimalla bu il ərzində manat dollar qarşısında eyni, 1.70 səviyyəsində qalacaq”.

Vilayət Muxtar

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz