0

Nazirlikdən pensiya artımı ilə bağlı AÇIQLAMA

Baxış: 977
"Fevral ayının pensiyalarının ödənişi zamanı pensiyaların yanvar və fevral aylarındakı artımlarla birlikdə ödənilməsi nəzərdə tutulur".
Press-az.com report-a istinadən xəbər verir ki, bu barədə Əmək və və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Qeyd olunub ki, hər il olduğu kimi əmək pensiyalarının indeksləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin ayrıca Sərəncamının imzalanacağı gözlənilir: "Belə ki, həmin Sərəncamla Dövlət Statistika Komitəsinin 2017-ci il üçün ölkə üzrə orta aylıq nominal əməkhaqqının artım göstəricisi barədə təqdim edəcəyi məlumat əsasında əmək pensiyalarının cari il yanvarın 1-dən həmin qədər artırılması həyata keçiriləcək. Məlumat üçün bildirək ki, indeksləşdirmə ötən illərdən fərqli olaraq yeni mexanizmlə həyata keçiriləcək. Belə ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa edilmiş və 2017-ci il iyulun 1-dən tətbiqinə başlanılan dəyişikliklərə əsasən əmək pensiyalarında "baza hissəsi" və "sığorta hissəsi" anlayışları aradan qalxıb. Ona görə də əvvəlki illərdən fərqli olaraq, əmək pensiyalarının yalnız sığorta hissəsinin deyil, artıq bütün məbləğinin ölkə üzrə əmək haqlarının əvvəlki ilin artım faizinə uyğun indeksləşdirilərək artırılması təmin olunacaq. Bu dəyişiklik ilk növbədə pensiyasının məbləği aşağı olanlar üçün xüsusilə məqsədəuyğundur. Məsələn, 200 manat pensiya məbləği əvvəllər 110 manat baza hissəsindən və 90 manat sığorta hissəsindən ibarət idi və indeksasiya yalnız sığorta hissəsinə tətbiq olunurdu, deməli, 12,9% - lik inflyasiyaya görə artım cəmi 11,61 manat (200-110)x12,9% edəcəkdi. Yeni qaydalara görə isə bütün məbləğə (yəni 200 manata) orta aylıq əmək haqqının artım sürəti yəni 6,4%-lik artım tətbiq olunur və nəticədə pensiya 200x 6,4%=12,8 manat artır. Göründüyü kimi, hətta inflyasiyanın tempinin orta aylıq əmək haqqının artım tempindən 2 dəfə çox olduğu şəraitdə belə yeni qayda aşağı məbləğdə (215 manatdan az) pensiya alanlar üçün effektivdir.
Artımların nə vaxt ödəniləcəyinə gəldikdə isə fevral ayının pensiyalarının ödənişi zamanı pensiyaların yanvar və fevral aylarındakı artımlarla birlikdə ödənilməsi nəzərdə tutulur".
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz